Penitensiar xidmət: "Ombudsman rəsmisi nə ilə sübut edə bilər?"

Şəklin mənbəyi, Nida NIDA VH media qrupu
"Kütləvi iğtişaşlar" və "narkotik" ittihamları ilə həbs edilən N!DA Vətəndaş Hərəkatı fəallarının onlara istənilən cəza müddətinə etiraz olaraq keçirdikləri aclıq aksiyasının "14-cü günüdür".
8 gəncin həbsxanada aclığı davam etdirməsi barədə mediada verilən məlumatlara rəğmən, həbsxana xidməti gənclərin kameralarında "normal qida qəbul etdiyini təsdiqləyən" bəyanat yayıb.
Vəkil Fariz Namazlı fəalların "kameralarında normal qida qəbul etməsi" barədə rəsmi fikirləri doğru hesab etmir və deyir ki, bu, "ictimaiyyəti çaşdırmaq" üçündür.
Bir neçə gün əvvəl gəncləri həbsxanada ziyarət etmiş Ombudsman aparatı əməkdaşı gənclərin ona aclıq etdiklərini bildirdiyini təsdiqləyib.
Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi rəsmi müraciət olmasa da, Ombudsman Aparatı və vəkillərin gənclərin aclıq aksiyası keçirməsi barədə fikirlərini inkar edib.
"Ombudsman rəsmisi nə ilə sübut edə bilər ki onlar aclıq aksiyası keçirir?", Penitensiar Xidmətdən BBC Azərbaycancaya bildirilib.
Ombudsman
"Necə ola bilər ki, gənclər aclıq aksiyası keçirmir, amma onları Ombudsman Aparatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi ziyarət edir, Penitensiar Xidmətin məqsədi ictimaiyyəti çaşdırmaqdır", vəkil Namazlı qeyd edir.
Ötən gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumatda deyilir ki, "...səkkiz nəfər məhkum tərəfindən saxlanıldıqları müəssisənin rəhbərliyinə qidadan imtina etmələri barədə heç bir rəsmi müraciət ünvanlanmamış və həmin şəxslər saxlanıldıqları kameralarında normal qida qəbul edirlər".
N!DA fəalları- Zaur Qurbanlı, İlkin Rüstəmzadə, Rəşadət Axundov, Rəşad Həsənov, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli, Məmməd Əzizov və Şahin Novruzlu aprelin 17-də dövlət ittihamçısının onlar üçün 6-8 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəməsindən sonra aclıq aksiyasına başlayıb.
Aprelin 27-də fəalları ziyarət edən Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Qrupunun rəhbəri Vüqar Məhərrəmov bildirib ki, gənclər ona aclıq aksiyası keçirdiklərini deyib.
"Müəssisənin tibb hissəsinin rəisinə tapşırıq vermişik ki, onların səhhətləri nəzarətdə saxlanılsın. Hər gün onlarla günün sonunda əlaqə saxlayırıq ki, səhhətlərində ciddi problemlər, dəyişikliklər olarsa, tibb hissəsinə köçürülmələri və sair məsələlər həll olunsun", cənab Məhərrəmov BBC Azərbaycancaya bildirib.
Onun sözlərinə görə, fəallar "normal" görünüblər.
"Zəif görünən yox idi o vaxtı, bu günə deyə bilmərəm. Su içirdilər, quru aclıq keçirmirlər. Onlar bizə bildirdilər ki, aclıq edirlər".
Lakin cənab Məhərrəmov deyir ki, fəallar ona aclıq aksiyası keçirməkləri ilə bağlı rəsmi şəkildə müraciət etmədiklərini, təcridxana rəisinə "şifahi məlumat verildiyini" deyib.
"Aclıq aksiyası keçirməyin də qaydası var, məhbus hamıdan təcrid olunur və həkim nəzarətində olur. Amma bunlar heç biri rəsmi müraciət etməyiblər. Eyni zamanda, həkimin borcudur ki, mütəmadi olaraq istintaq altında olan şəxsləri yoxlasın. Amma biz xahiş etmişik ki, hər gün yoxlasınlar".
Cənab Məhərrəmov qeyd edir ki, rəsmi müraciət olmadığından onlar digər məhbuslardan təcrid olunmayıb. "İki nəfərlik kamerada onların yanında qalan şəxs qida qəbul edir".
Penitensiar xidmət
Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı bir daha qeyd edib ki, gənclər "kameralarında normal qida qəbul edirlər və bu şəxslərin sağlamlıqları və fiziki durumlarında problemlər qeydə alınmayıb.
N!DA-çı gənclər və vəkillər bundan öncə, BBC Azərbaycancaya Təcridxana rəhbərliyinə rəsmi müraciət edildiyini deyib.
Aprelin 17-də dövlət ittihamçısı gənclər üçün 6-8 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib və bundan sonra gənclər dövlət ittihamçısının tələbinə etiraz olaraq müddətsiz aclıq aksiyasına başladıqlarını elan edib.
Səkkiz N!DA-çı fəal ötən ilin martında "Əsgər Ölümlərinə Son" aksiyası ərəfəsi və sonrası həbs olunub, onlar kütləvi iğtişaşların təşkili, narkotik və qanunsuz silah əldə etmək və daşımaqda ittiham olunur.




