N!DA fəallarına 6-8 il azadlıqdan məhrumetmə cəzası istənilir

Kütləvi iğtişaşların təşkilində ittiham olunan N!DA Vətəndaş Hərəkatının fəallarının məhkəməsində dövlət ittihamçısı 6-8 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
Vəkil Fariz Namazlı BBC Azərbaycancaya bildirib ki, Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənov və Bəxtiyar Quliyevə 8 il, Şahin Novruzluya 6 il 6 ay və Üzeyir Məmmədliyə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi təklif olunub.
Gələn həftə vəkillərin çıxışı gözlənilir, cənab Namazlı bildirir.
Ötən ilin aprelindən bəri həbsdə olan səkkiz gənc fəalın məhkəməsi <link type="page"><caption> noyabrdan bəri</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/11/131105_nida_trial.shtml" platform="highweb"/></link> davam edir.
Dövlət ittihamçısının azadlıqdan məhrumetmə cəzasının miqdarı açıqlandıqdan sonra fəal Rəşad Həsənov bildirib ki, gənclər bəraət istədiyi üçün aclıq aksiyasına başlayır.
Vəkil Namazlının sözlərinə görə, prosesdə vəkillərin qaldırdığı bəzi vəsatətlər təmin olunmayıb.
Vəsatətlərin ikisini Rəşad Həsənovun vəkili Əsabəli Mustafayev qaldırıb. O bildirib ki, içərisində Rəşad Həsənovun "N!DA-nın qeyri-zorakı yollarla fəalliyyət göstərməsini" açıqladığı video-diskə baxış keçirilsin. Digəri isə, vəkil Mustafayevin Həsənəvun həbsi günü müvəkkili ilə görüşə bilməməsi - yəni "müdafiə hüququnun pozulması" barədə olub.
Həmçinin hakim bəzi sənədləri, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin 7-9 apreldə fəal Şahin Novruzlunun atası Bəhruz Novruzlu və vəkilinin nazirliyə gəlməsini təkzib edən sənədi təqdim edib. Lakin vəkillər MTN-in qeydiyyat kitabının məhkəməyə gətirilməsini təklif edib.
2013-cü il, martın 10-da "Əsgər ölümlərinə son" aksiyasından sonra həbs edilən gənclər zorakılığa çağırışda, narkotik və partlayıcı maddələrin qanunsuz saxlanmasında ittiham olunurlar.
Fəallara qarşı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma), 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə <link type="page"><caption> cinayət işi açılıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/09/130913_nida_new_charges.shtml" platform="highweb"/></link>.



