N!DA-çıların məhkəməsində mütəxəssis rəyləri oxunub

Nidaçıların məhkəməsi

Kütləvi iğtişaşların təşkilində ittiham edilən N!DA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsində gənclərin mənzillərində axtarış zamanı çıxarılan narkotik maddələr və "Molotov kokteyli" butulkaları barəsində mütəxəssis və məhkəmə ekspertlərinin rəyləri təqdim edilib.

İlk rəy fəallardan birinin evindən çıxarıldığı bildirilən, içərisində maye olan üç butulka barədə olub. Rəydə deyilir ki, butulkalar üzərində ürək şəkilləri olan qara sellofan torbada Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinə tədqiqat tərkibini müəyyən etmək və təyinatını öyrənmək üçün aparılıb.

Cinayət ittihamının birinci cildində qeyd edilən bu rəydə yazılır ki, butulkalardan biri 0.75 ml, ikisi isə yarım litrlik olub. İçərisində kəskin tez həll olan maye olan 0.75 ml-lik butulkanın ağzı pambıq parçadan olan tıxacla bağlanıb və üzərinə qırmızı rəngli rezin şar və sapla bağlanıb.

Digər iki butulkadan birindən isə içərisinə barıt doldurulmuş 10 qramlıq "sokol tipli şpris" tapılıb.

Başqa bir mütəxəssis rəyi isə digər bir fəalın mənzilindən çıxan 19 butulka barədə olub. Bu butulkalarda tez buxarlanan mayenin benzin olduğu ehtimal edilib. Butulkalardan birində isə içərisinə 8.60 qram barıt doldurulmuş 10 qramlıq "sokol tipli şpris" tapılıb.

"Molotov" mübahisəsi

Mütəxəssis rəylərində bildirilib ki, bütün bu tapılanlar "əldəqayırma partlayıcı"dır, hərçənd ki, vəkillər və ittiham edilən gənclərdən bəziləri Molotov kokteylinin "yandırıcı maddə" olduğunu qeyd edib.

Sənəddə yazılır ki, Molotov kokteyli Böyük Vətən Müharibəsi illərində partlayıcı maddə kimi istifadə olunub.

İyun ayında verilən başqa bir mütəxəssis rəyi isə, gənclərin evindən çıxdığı deyilən 30 ədəd şar, kibrit, rezin halqalar, sarı və ağ parçalar haqqında olub. Rəydə bildirilib ki, bu əşyalardan Molotov kokteylinin hazırlanması üçün istifadə olunub. Parçalardan benzinə məxsus qoxu gəldiyi də deyilib.

İttiham aktında yazılan digər rəylər narkotik maddələr barədə olub. Belə ki, iki gənc fəalın evindən çətənə və həşiş qatranı çıxdığı qeyd olunub.

Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məhəmməd Əzizovun məhkəmə-narkoloji ekspertizası zamanı isə məlum olub ki, bu şəxslər "narkomaniya xəstəliyindən əziyyət çəkmir".

Vəkillərin verdikləri suallar nəticəsində məlum olub ki, mütəxəssis rəyləri müstəntiqin qərarı olmadan, xidməti məktubla rəy üçün göndərilib.

Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim bildirib ki, rəylər hazırlanan zaman baxılan video görüntüləri zalda təqdim etmək texniki baxımdan mümkün olmayıb, videolara baxış gələn proseslərə keçirilib.

NİDA Vətəndaş Hərəkatının səkkiz üzvü 2013-cü il aprelindən bəri həbsdədir. Gənclər ötən il martın 10-da "Əsgər ölümlərinə son" aksiyasında zorakılığa çağırışda, narkotik və partlayıcı maddələrin qanunsuz saxlanmasında <link type="page"><caption> ittiham olunurlar</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/09/130913_nida_new_charges.shtml" platform="highweb"/></link>.

Növbəti məhkəmə prosesi aprelin 10-a təyin olunub.