Penitensiar Xidmət Rüstəmzadənin döyülməsi iddialarını “yalan” adlandırıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov gənc fəal İlkin Rüstəmzadənin Bakı İstintaq Təcridxanasında karserə salınması və döyülməsi ilə bağlı iddiaların tamamilə yalan olduğunu deyib.
BBC Azərbaycancaya danışan cənab Sadıqovun sözlərinə görə, bu iddialar həqiqətə uyğun deyil: "Onun vəkili istintaq təcridxanasına çağırılıb və özü etiraf edib ki, yalan danışır."
"Azad Gənclik" təşkilatının İlkin Rüstəmzadənin həbs müddəti yenidən iki ay uzadılıb. Turan İA-nın məlumatına görə, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən İlkin Rüstəmzadə noyabrın 17-dək həbsdə qalacaq.
Məhkəməyə gətirilən gənc fəal sosial şəbəkələrdə tənqidi fikirlərinə görə həbs olunduğunu deyib.
Cənab Rüstəmzadə sentyabrın 10-da karserə salındığını və döyüldüyünü iddia edib. Vəkil bu məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediləcəyini deyib.
Məhkəmənin qərarından kassasiya şikayəti veriləcək.
Cənab Rüstəmzadəyə qarşı bu il mayın 17-də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürülüb və onun barəsində 2 aylıq həbs-qətimkan qərarı çıxarılıb.
Amnesty International insan haqları təşkilatı gənc fəalı "vicdan məhbusu" adlandırıb.




