İlkin Rüstəmzadə iki aylıq həbs edilib

"Harlem Shake" videosundan çıxarış
Şəklin alt yazısı, "Harlem Shake" videosundan çıxarış

"Azad Gənclik" təşkilatının fəalı İlkin Rüstəmzadə barədə iki aylıq həbs qətimkan tədbiri seçilib.

O, Bakıda təxminən bir dəqiqəlik "Harlem Shake" musiqisi altında rəqsin video-çəkilişlərini aparmaq və Youtube-a yerləşdirməkdə ittiham edilib.

Fəalın vəkili Nemət Kərimli BBC Azərbaycancaya deyib ki, ona qarşı Cinayət Məcəlləsinin “xuliqanlıq" və "hakimiyyət nümayəndələrinin tələblərinə məhəl qoymadan ictimai asayişi pozmaq” (222.1 və 222.2-ci) maddələri ilə ittiham irəli sürülüb.

Cənab Rüstəmzadə bu maddələrə görə beş il həbs cəzası ala bilər.

Daha əvvəl Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələ barədə şərh vermək istəməyib və deyib ki, "gəlin, məhkəmənin qərarını gözləyək".

İlkin Rüstəmzadə ötən gün BBC Azərbaycancaya Ağır Cinayətlərə dair İstintaq İdarəsinə N!DA Hərəkatı üzvlərinə qarşı açılmış cinayət işilə bağlı şahid qismində çağırıldığını deyib.

Vəkil Kərimli deyir ki, "Harlem Shake" videosunda N!DAçıların da olduğu iddia edilir.

Hazırda Nəsimi Rayon Məhkəməsində gedən proses tamamlanmayıb.

Rüstəmzadə mayın 15-də on beş sutkalıq inzibati cəzasını bitirib.

O, 30 apreldə ADNA hadisələrini yad etmə tədbirində həbs olunmuşdu.