NİDA-çı gənclər kütləvi iğtişaşların təşkilində ittiham olunur

Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin vəkili Nemət Kərimov müvəkkilinə qarşı kütləvi iğtişaşların təşkili ittihamının irəli sürülməsini etiraf edib və bu ittihamı "absurd" adlandırıb.
BBC Azərbaycancaya danışan cənab Kərimovun sözlərinə görə, cənab Rüstəmzadə yanvar və mart aylarında təşkil olunan aksiyaları təşkil etməkdə suçlanaraq həbs olunub.
"İndi İlkini NİDA-çı Bəxtiyar Quliyevlə əlaqəli olaraq iğtişaşlar təşkil etməkdə ittiham edirlər. Əvvəldən NİDA-çıların işini İlkin Rüstəmzadənin işinə birləşdirmişdilər. Bu ittihamlar siyasi motivlidir", o deyib.
Cənab Kərimlinin sözlərinə görə, heç bir istintaq hərəkəti aparılmadan gənc fəala bu ittihamın verilməsi anlaşılan deyil.
"İlkin yeddi aydır həbsdədir və heç bir istintaq hərəkətləri aparılmır. Amma indi heç bir hüquqi araşdırma aparmadan, sübutlar ortaya qoymadan belə ittiham irəli sürüblər.
"Eyni ittihamı küçədən keçən adama da irəli sürmək olar ki, hansısa ölkənin prezidentinə qarşı iğtişaş törətmisən. Yeni ittihamla bağlı verilən qərar da eyni komputerdən çıxıb, sadəcə adlar dəyişdirilib."
Turan xəbər agentliyinə əsasən, NİDA hərəkatının hazırda həbsdə olan aktiv üzvlərinin hamısına Cinayət Məcəlləsinin 220.1 maddəsi (yanğın və qırğınlarla müşayiət olunan kütləvi iğtişaşların təşkili) üzrə yeni ittiham irəli sürülüb.
Nemət Kərimov yeni ittiham üzrə gənclərin beş ildən 12 ilədək həbs cəzası ala biləcəkləriini bildirib.
NİDA Vətəndaş Hərəkatı üzvlərinə qarşı yeni ittihamın irəli sürülməsi ilə əlaqədar bəyanat verib və bunu "tamamilə əsassız və heç bir hüquqi arqumentə söykənməyən" qərar adlandırıb.
"Seçkiyə bir aydan da az qalmış bir müddətdə hakimiyyətin N!DA üzvlərinə qarşı irəli sürdüyü yeni ittiham seçki dövründə Azərbaycanda siyasi aktivlik göstərən gənclərin susdurulmasına hesablanıb. Üzvlərimizə verilən ittiham birbaşa olaraq N!DA Vətəndaş Hərəkatının seçki öncəsi fəallığı ilə bağlıdır”.
Hakimiyyət nümayəndələri Azərbaycanda gənclərin fəaliyyətinə məhdudiyyətlər olmadığını, yalnız "cinayətkarların" cəzalandırıldığını deyir.
NİDA Vətəndaş Hərəkatının yeddi üzvü hazırda həbsdədir. Gənclər bu il martın 10-da "Əsgər ölümlərinə son" aksiyasında zorakılığa çağırışda, narkotik və partlayıcı maddələrin qanunsuz saxlanmasında ittiham olunurlar.
İlkin Rüstəmzadəyə qarşı xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb.




