N!DA məhkəməsi: fəallar 1mayda "son söz" deyəcək

"N!DA-çıların həbs olunması və mühakimə olunması Azərbaycanda söz azadlığı və sərbəst toplaşmaq azadlığının mühakimə olunmasıdır".
Bunu cümə günü kütləvi iğtişaşların təşkili və narkotik maddə ittihamı ilə həbs edilən səkkiz N!DA fəalının məhkəməsində vəkil Elçin Sadıqov deyib.
Cənab Sadıqov BBC Azərbaycancaya deyib ki, müdafiə nitqində müvəkkili Zaur Qurbanlı və digər gənc fəallara qarşı ittihamların "əsassızlığı" ilə bağlı bütün detalları səsləndirib.
"Sonda məhkəmədən bütün NİDA-çılara bəraət verilməsini xahiş etdim. Gənclər vəkil Rəşid Hacılının obyektiv səbəblərdən prosesdə iştirak etmədiyindən məhkəmənin yekunlaşması üçün ondan imtina etdilər".
"Tələbsiz çıxış"
Vəkilin sözlərinə görə, mayın 1-də keçiriləcək prosesdə gənc fəallar son sözlə çıxış edəcəklər.
"Aclıq aksiyasının doqquzunçu günü olduğuna görə gənclər fiziki cəhətdən zəif görünürdülər və çıxışa hazırlaşmaq üçün məhkəmədən zaman istədilər".
Zaur Qurbanlı və İlkin Rüstəmzadənin vəkili Xalid Bağırov BBC Azərbaycancaya deyib ki, müdafiə nitqində cinayət işinin "başdan ayağa saxta olması ilə bağlı" fikir bildirib.
"İlkin Rüstəmzadə ilə bağlı heç bir ittiham yoxdur. Zaur Qurbanlı ilə bağlı bir qondarma şahid var, biz o şahidin ifadəsinə on dənə şahid vermişik ki, bu ifadəni təkzib edir. Mən çıxışımı tələbsiz qurtardım, çünki bəraət veriləcəyinə inanmıram".
Aprelin 24-də keçirilən gənc fəalların məhkəməsində çıxış edən vəkillər müvəkilləri üçün "bəraət istəyib".
Vəkillərin hamısı irəli sürülən ittihamları "əsassız və qanunsuz" adlandırıb, BBC Azərbaycanca müxbiri xəbər verir.
Məhkəməyə gətirilən fəallar aclıq aksiyasını davam etdirdiklərini deyiblər. Lakin fəalların valideynləri övladlarından aksiyanı dayandırmağı xahiş edib.
"Bəzən halsız olsaq da, aksiyanı davam etdiririk", - Rəşadət Axundov deyib.
BBC Azərbaycanca müxbiri Xanım Cavadova gənclərin həmişəkindən "daha zəif" göründüyünü bildirir.
Aprelin 17-də kütləvi iğtişaşların təşkilində ittiham olunan N!DA fəalları - Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənov və Bəxtiyar Quliyevə 8 il, Şahin Novruzluya 6 il 6 ay və Üzeyir Məmmədliyə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi təklif olunub.
Məhkəmə prosesindən sonra gənclər dövlət ittihamçısının tələbinə etiraz olaraq müddətsiz aclıq aksiyasına başladıqlarını elan edib.
Üzeyir Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev partlayıcı maddələr üzrə ekspert rəylərinin "hüquqşünas tərəfindən yox", xüsusi biliyə malik mütəxəssis tərəfindən verilməli olduğunu deyib.

Vəkil Cavad Cavadov ilk növbədə, diqqəti dövlət ittihamçısının 6-8.6 illlik cinayət cəzaları istəməsinə yönəldib və qeyd edib ki, fəallar buna görə aclıq aksiyası keçirir.
Vəkil iddia edib ki, gənclərin həbsini ağırlaşdıran "Molotov kokteyli"nin əvvəlcə yandırıcı, sonra isə partlayıcı kimi qələmə verilməsi "dırnaqarası sübut"dur.
Vəkil Elton Quliyev bildirib ki, məhkəmə müdafiə tərəfinin bir çox vəsaitlərini təmin etsə də, onlar əsas deyil.
"Şahin Novruzlunun döyülməsi ilə bağlı məhkəmə-tibbi ekspertizası istədik, məhkəmə bunu 1 il 1 ay sonra təmin etdi. Aydındır ki, 1 il 1 ay sonra heç bir xəsarət, döyülmə izi qalmayacaq", - deyə vəkil Quliyev təmin edilən vəsatətlərə misal gətirib.

Təmin edilməyən vəsatətlərə gəldikdə isə, o MTN-nin 14 fevral 2013-cü ildən gənclərin hamısının həbsinə qədər (17 may, 2013) araşdırma sənədlərinin vəkillərə verilməməsini, telefon danışıqları və SMS-lərin surətinin alınmamasını, müdafiə üçün əhəmiyyətli şahidlərin gətirilməməsini göstərib.
Heykəl "şikayətçi deyil"
"Məlum olur ki, kimsə musiqi çalıb, 2-3 nəfər rəqs edib, İlkinsə onu formatlamaqda və İnternetə yerləşdirməkdə ittiham olunur", - vəkil Quliyev Harlem-Shake video klipindən danışıb.
Vəkil əlavə edib ki, Rüstəmzadəyə qarşı "xuliqanlıq" ittihamınd "bədii estetik dəyərlərə malik memarlıq abidəsi"nin zərər çəkdiyi deyilir, halbuki, heykəl "heykəltəşarlıq nümunəsidir".
Narkotika ittihamlarını da vəkil Quliyev rədd edib.
Çıxış edən digər vəkillər - Namiq Hacıyev, Abil Bayramov və Fariz Namazlı da gənclər üçün bəraət istəyib.
Vəkil Namazlı da Harlem Shake videosundakı heykəldən danışıb və deyib ki, gənclər zor tətbiq etməyə görə həbs edilə bilərdi, lakin zor tətbiq edilməsi barədə sübut yoxdur.
"Heykəl zərərçəkmiş kimi tanınsaydı, o məhkəməyə gətirilməli idi, lakin məndə olan məlumata görə heykəl şikayətçi deyil".
Növbəti məhkəmə prosesi aprelin 24-ə təyin edilib.
Səkkiz N!DA-çı fəal ötən ilin martında "Əsgər Ölümlərinə Son" aksiyası ərəfəsi və sonrası həbs olunub, onlar kütləvi iğtişaşların təşkili, narkotik və qanunsuz silah əldə etmək və daşımaqda ittiham olunur.




