N!DA-çıların valideynləri aclıq aksiyanı "müvəqqəti" dayandırır

Şəklin mənbəyi, ismi shahzade
Barələrində 6-8 il həbs cəzası istənilən və ötən ilin əvvəlindən bəri iğtişaşların təşkilində ittiham olunaraq saxlanılan N!DA fəallarının valideynləri aclıq aksiyasının müvəqqəti dayandırır.
Həbsdə olan 19 yaşlı Şahin Novruzlunun anası Mehparə Novruzova BBC Azərbaycancaya deyib ki, səbəb, gənclərin bu barədə təkididir.
"Bu gün Şahin zəng etmişdi, dedi ki, bu gündən quru aclığa başlamışıq, su da içmirlər. Təkid etdi ki, aclıq aksiyasını dayandırın", - Mehparə xanım deyir.
Onun sözlərinə görə, cümə axşamı valideynlər gənclərdən aksiyanı dayandırmağı xahiş edəcək.
Ancaq valideynlər "ədalətsiz qərar çıxarsa" aksiyanı bərpa edəcəklərində israrlı olduqlarını bildirir.
Bazar günündən bəri valideynlər, haqlarında istənilən cəza müddətinə etiraz edərək aclıq aksiyasına başlayan səkkiz N!DAçı fəala dəstək olaraq aclıq aksiyası keçirirdi.
Əvvəlcə, üç gəncin - Rəşadət Axundov, Şahin Novruzov və Zaur Qurbanlının anaları aksiyanı başlamış elan edib, çərşənbə günündən isə Şahin Novruzlunun bibisi Nüşabə Novruzova onlara qoşulub.
Aprelin 17-də kütləvi iğtişaşların təşkilində ittiham olunan N!DA fəallarının məhkəməsində dövlət ittihamçısı gənclər üçün 6-8 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyir.
Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənov və Bəxtiyar Quliyevə 8 il, Şahin Novruzluya 6 il 6 ay və Üzeyir Məmmədliyə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi təklif olunur.
Məhkəmə prosesindən sonra gənclər dövlət ittihamçısının tələbinə etiraz olaraq müddətsiz aclıq aksiyasına başladıqlarını elan edib.
Gənclərlə görüş
Çərşənbə günü İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov N!DA Vətəndaş Hərəkatının həbsdə olan və müddətsiz aclıq aksiyası keçirən üzvləri ilə görüşmək üçün prezident İlham Əliyevə müraciət edib.
“Mən dünən NİDA-çıların aclıq edən valideynləri ilə görüşdüm. Onlar məndən övladları ilə təcridxanada görüşməyimi istədilər. Mən də bu gün prezidentə müraciət etmişəm ki, ədliyyə nazirinə gənc fəallarla görüşmək üçün icazə verilməsi məqsədilə kömək etsin”, - cənab Behbudov BBC Azərbaycancaya deyib.
Gənc fəal Rəşadət Axundovun anası Mətanət Axundova BBC Azərbaycancaya deyib ki, çərşənbə günündən aclıq aksiyasına fəal gənc Şahin Novruzlunun bibisi Nüşabə Novruzova da qoşulub və valideynlərin durumu “yaxşı deyil”.
“Baş ağrılarımız var. Zaurun anası Səkinə xanımın təzyiqi dünən çox yüksək idi. Təcili Yardım çağırmışdıq. Bu gün yenə də təzyiqi yuxarıdır”.
Mətanət Axundova deyib ki, oğlu ondan aclıq aksiyasını dayandırmağı tələb edir.
“Bu gün Rəşadət zəng vurmuşdu, təklif və tələb edirdi ki, aclığı dayandıraq. Eşitmişik ki, aclığı dayandırmasaq, uşaqlar quru aclığa oturacaqlarını deyiblər”, - Mətanət Axundova bu vəziyyətin onları aclığı dayandırmağa məcbur etdiyini deyir.
"Reaksiya yoxdur"
Həbsdə aclıq edən gənc fəalların vəziyyətindən narahat olduğunu bildirən xanım Axundovanın sözlərinə görə, aksiya başlayandan heç bir beynəlxalq təşkilat nümayəndəsi onları ziyarət etməyib.
“Diplomatik korpuslardan heç bir reaksiya yoxdur və bu bizə təsir edir. Bu uşaqlar yeddi gündür açlıq edir. Birinci onlar reaksiya verməli idilər. Çünki uşaqlarla təmasda olublar mühazirələrdə, onları tanıyırlar”.
Mətanət Axundova deyib ki, beynəlxalq təşkilatların gənc fəalların durumu ilə maraqlanmaması “təəssüf” doğurur.
“Azərbaycan gəncliyinə bu cür biganəlik dözülməz haldır, çox təəssüflənirəm. Ombudsman Aparatı uşaqlarımızla maraqlansınlar”, o əlavə edib.
Səkkiz N!DA-çı fəal ötən ilin martında Əsgər Ölümlərinə Son aksiyası ərəfəsi və sonrası həbs olunub, onlar kütləvi iğtişaşların təşkili, narkotik və qanunsuz silah əldə etmək və daşımaqda ittiham olunur.




