N!DA-çıların məhkəməsi: vəkillər danışıb

"Bu gəncləri mütəşəkkil dəstə təşkil edib hansısa cinayət törətməkdə ittiham edirsiz. Mütəşəkkil dəstə olmaq üçün başçı olmalıdır, vəzifələr bölüşdülürməlidir, nizam-intizam olmalıdır. Üzeyir Məmmədli öz ifadəsində deyib ki, Şahin Novruzlunu burda tanıyıb. Onda eyni məntiqlə Ağır Cinayətlər üzrə Məhkəməni və ya mənim işlədiyim Vəkillər Kollegiyasını mütəşəkkil dəstə edə bilərik"

Bunu çərşənbə günü ACM-də keçirilən gənc fəalların məhkəməsində N!DA Vətəndaş Hərəkatının üzvü Üzeyir Məmmədlinin vəkili Yalçın İmanov deyib.

Vəkil bildirib ki, istintaqın ittihamı "özünüifşadır" və müvəkkilinin təqsirinin sübuta yetirilməməsinin bariz nümunəsidir.

"Bu maddəni hansı əsasla irəli sürülməsi mənə aydındır, əlavə sübutlara ehtiyac yoxdur. Burda daha çox siyasi iradədən söhbət gedir, sual-cavab etməkdən, araşdırmaqdan yox. Əgər məhkəmə yekun hüquqi nəticəni ortaya qoymursa, heç olmasa hökmü elan edəndə məhkəmədəki insanların gözünün içinə baxın. Azərbaycanın ədalət mühakiməsi nə vəziyyətdədir?".

Cənab İmanovun sözlərinə hakim "məhkəməni ittiham etməyi saxlayın" deyə reaksiya verib.

"Bu işlə bağlı Avropa Məhkəməsinin Konvensiyasiyaya görə bu gənclər ifadə azadlığından istifadə edib. Burda söhbət cinayət fitnəkarlığından gedir, bu gənclərə hakimiyyətə müxalif siyasi düşüncəyə görə belə bir hadisə yaradıblar, burada cinayət işi yoxdur. Bəraət hökmü çıxarmayan məhkəməyə mən məhkəmə deməəcəyəm. Özləri nə adlandırırlar adlandırsınlar".

Rəşad Həsənovun vəkili Əsabəli Mustafayev deyib ki, məhkəmənin istintaqı "qondarmadır" və müvəkkili göstərilən heç bir cinayəti törətməyib. Cənab İmanovun "mütəşəkkil dəstə" ifadəsinə diqqət çəkərək bildirib ki, "mütəşəkkil dəstənin cinayət əməli törətməsinin ümumi sözlərlə ifadə etmək dəstənin mövcud olması demək deyil.

"İlkin Rüstəmzadə istisna olmaqla digər gənclər bir təşkilatın üzvüdürlər, bir təşkilat kimi toplaşmaq hüquqları var. Mütəşəkkil dəstə anlayışına görə qrupun üzvləri bir-birini tanımalıdırlar. İlkinsə heç zaman bu təşkilatın toplantısında iştirak etməyib".

Vəkilin sözlərinə görə, gənc fəalların evlərindən "Molotov kokteyli" və narkotik "tapılması" Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qurulmuş bir tamaşadır.

"Şahin Novruzunun evində İsmayılov Müslüm hal şahidi kimi qeyd olunub, amma onun işlədiyi, yaşadığı yer göstərilməyib. Sonradan müəyyən olub ki, bu şəxsi ölkə daxilində tapa bilmirlər. Ermənistan vətəndaşı olub. Azərbaycan vətəndaşı olmayan şəxslərin hal şahidi olmasına qanun icazə vermir".

Şahin Novruzlunun vəkili Nemət Kərimli deyib ki, gənc fəalın dindirilməsi zamanın onun müdafiə hüququ pozulub və məhkəmə istintaqı onun əməllərində cinayət faktının olmadığı sübut olunub.

"Belə bir cinayət hadisəsi baş verməyib. Hesab edirəm ki, NİDA-çılara qarşı ittihamlar siyasi xarakter daşıyır"

Hər üç vəkil müvəkkilllərinə və həbsdə olan bütün gənc fəallara bəraət verilməsini məhkəmə heyətindən xahiş edib.

N!DA VH fəallarının məhkəməsində Üzeyir Məmmədli, Şahin Novruzlu və Rəşad Həsənovun vəkilləri çıxış edib.

Aclıq aksiyası

BBC Azərbaycanca Xidmətinin müxbiri Nailə Abdiyeva deyir ki, 6 gündür aclıq aksiyası keçirən gənclər öz vəziyyətlərindən söz açıb.

Rəşadət Axundov bildirib ki, ilk gün Bakı İstintaq Təcridxanasının rəisi aclıq etməklərinin səbəbini soruşub və sual edib ki, "sizə hökm veriblər ki aclıq edirsiniz?". Lakin gənclərə aksiyanı dayandırmaq barədə xəbərdarlıq edilməyib.

Cümə axşamından bəri gənclər üçün cəmi 1 dəfə həkim çağrılıb.

Ötən gün isə epilepsiya xəstəliyindən əziyyət çəkən Bəxtiyar Quliyevin vəziyyəti pisləşib, Quliyev özü deyib ki, bədəninin sağ tərəfi "tutulub".

İlkin Rüstəmzadə bildirib ki, gənclər ayrı-ayrı kameralarda aclıq edir.

Zaur Qurbanlı valideynlərin aclıq aksiyası keçirməsinin əleyhinə olduğunu bildirib.

"Biz dəfələrlə demişik ki, aclıq etməyin. Amma bizə qulaq asmırlar"

BBC Azərbaycanca Xidmətinin müxbiri Nailə Abdiyeva xəbər verir ki, məhkəmə binasının qarşısında onlarla polis və fəalların dostları, yaxınları və gəncləri dəstəkləyənlər toplaşıb.

Məhkəmənin başlama ərəfəsində bina ətrafında təxminən 10-a yaxın çevik polis alayına məxsus avtomobil və 2 polis canlı qüvvəsi ilə dolu avtobus gözə dəyib.

Proses başladıqdan sonra isə polis küçədə gözləyənləri və jurnalistləri "iki tərəfə bölüb", bunu BBC Azərbaycancaya jurnalist Əziz Kərimov deyir.

Onun sözlərinə görə, buna səbəb, məhkəmə zalından gələn alqış səsi olub, küçədə dayananlar da alqışlara qoşulub.

Daha sonra polis rəisi xəbərdarlıq edib ki, növbəti alqış səsi gələrsə küçə "təmizlənəcək".

Binanın önündə fəallarla polis arasında qısa müddətli qarşıdurmalar da baş verib, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev 15-20 dəqiqəlik saxlanılsa da azad edilib.

TARİXCƏ

Aprelin 17-də kütləvi iğtişaşların təşkilində ittiham olunan N!DA VH fəallarının məhkəməsində dövlət ittihamçısı 6-8 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib: Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənov və Bəxtiyar Quliyevə 8 il, Şahin Novruzluya 6 il 6 ay və Üzeyir Məmmədliyə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi təklif olunub.

Dövlət ittihamçısının azadlıqdan məhrumetmə cəzasının miqdarı açıqlandıqdan sonra fəallar "bəraət istədikləri" üçün aclıq aksiyasına başlayıb. Təxminən 6 gündür davam edən aksiyanın keçirilməsini Penitensiar Xidmət təkzib edir.

Həmçinin N!DA fəallarının valideynlərinin aclıq aksiyası üç gündür ki davam edir.

2013-cü il, martın 10-da "Əsgər ölümlərinə son" aksiyasından sonra həbs edilən gənclər zorakılığa çağırışda, narkotik və partlayıcı maddələrin qanunsuz saxlanmasında ittiham olunurlar.

Fəallara qarşı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma), 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə cinayət işi açılıb.