N!DA-çıların aclıq aksiyası: Penitensiar Xidmət təkzib edir

Şəklin mənbəyi, Ismi Shahzade
Haqlarında istənilən cəza müddətinə etiraz edən N!DA Vətəndaş Hərəkatının fəalları və onların valideynlərinin aclıq aksiyaları davam edir.
Beş gündür aclıq aksiyası keçirən gənclərin bəzilərinin vəziyyəti "pisləşir", valideynlər bildirir.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə BBC Azərbaycancaya aclıq aksiyasının keçirildiyini təsdiq etməyib və bildirib ki, fəalların səhhətləri "normaldır".
Bazar ertəsi günortaya olan məlumata görə, gənclərin hamısı "halsızlaşır".
"Rəşad Həsənovun başı gicəllənib, Üzeyir Məmmədlinin mədəsi ağrayır, Zaur Qurbanlının gözü qaralır, Bəxtiyar Quliyevi "əsməcə" tutur, Rəşadət Axundov da halsızdır", Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova qeyd edir.
Onun sözlərinə görə, Şahin Novruzlu və İlkin Rüstəmzadə barədə isə məlumat yoxdur, "yəqin onların telefona çıxışlarını məhdudlaşdırırlar".
"Onlar deyir ki, aksiyanı dayandırmayacaqlar", deyən xanım Hüseynova əlavə edir ki, gənclər aprelin 17-də İstintaq Təcridxanasının rəhbərliyinə aclıq aksiyası ilə bağlı xəbərdarlıq ərizəsi yazıb.
Zaur Qurbanlının anası Səkinə Qurbanova bazar ertəsi oğlu ilə telefon danışığından sonra BBC Azərbaycancaya bildirib ki, gənclərin vəziyyəti "orta ağırdır".
"Zaur dedi ki, yaxşıyam, amma səhər həkim çağırmışam, dərman qəbul etmişəm".
Gənclər içərisində "ən ağır" vəziyyətdə olan isə "Bəxtiyar Quliyevdir, çünki o epilepsiya xəstəliyindən əziyyət çəkir.
"Ümumiyyətlə, aclığın ilk günündən Bəxtiyarın vəziyyəti yaxşı deyil, əsəbidir", xanım Qurbanova qeyd edir.
Rəşad Həsənov isə dostlarına "getdikcə zəiflədiyini" və bazar ertəsi yuxudan oyananda "başı fırlandığını" bildirib, Nərmin Rəhimli qeyd edib.
Penitensiar Xidmət aksiyanı təsdiqləmir
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidməti Bakı İstintaq Təcridxanasında N!DA fəallarının cümə axşamından bəri aclıq aksiyası keçirməsini təsdiqləməyib.
"Elə şey yoxdur rəsmi olaraq", mətbuat xidmətinin əməkdaşı qeyd edib.
Lakin o, əlavə edib ki, gənclərin səhhətləri "normaldır".
Ötən gün isə övladlarının azad edilməsi tələbilə müddətsiz aclıq aksiyasına başlayan fəalların bir neçə valideynin də sağlamlıq durumu "qənaətbəxş"dir, Hərəkat üzvü Rəşadət Axundovun anası Mətanət Axundova BBC Azərbaycancaya deyib.
"Dünəndən Şahin Novruzlunun, Zaur Qurbanlının anası və mən aclıq aksiyasına başlamışıq. Bir az baş ağrısı var, amma biz keçinərik. Uşaqlarımızdan çox narahatıq. Beş gündür aclıq edirlər".
Aprelin 17-dən haqlarında 6 ildən 8 il altı aya qədər cəza istənilən səkkiz N!DA fəalı müddətsiz aclıq aksiyasına başlayıb və valideynlər də aksiya keçirmək barədə fikrini açıqlayıb.
"Ölüm aclığı"
"Tələbimiz odur ki, haqsız yerə uşaqlarımız 1 il 2 aydır həbsdədir. İndi də onlara iş istəyiblər. Heç bir variantı yoxdur, uşaqlarımız azad olunmalıdır. Ölüm aclığı olsa belə uşaqlarımızın azadlığını istəyirik", xanım Axundova qeyd edib.
Onun sözlərinə görə, digər gənclərin valideynlərinin də bazar axşamından Müsavat partiyasının qərargahında keçirilən aksiyaya qoşulacağı gözlənilir.
"Hələlik üç nəfərik, amma problemi olanlar var, sonra onlar da qatılmalıdır. Mənim yoldaşım yeni əməliyyatdan çıxıb, ona görə səhhəti bizə qoşulmağa imkan vermir. Hamı birdən aclığa otura bilməz. Biri xəstədir, birinin təzyiqi var".
Xanım Axundova bildirib ki, həbsdə aclıq edən oğlunun, Rəşadət Axundovun mədəsində "ciddi" problem var.
"Rəşadətlə srağagün danışmışam, dünən səhər də atası danışıb. Deyir yaxşıyıq, amma onun deməyi ilə deyil. Orada aclıq edənlərin hər birinin səhhətində problem var. Həm əsəb gərginliyi keçirirlər, həm də aclıq aksiyası, onlar üçün çətindir".
Aprelin 17-də kütləvi iğtişaşların təşkilində ittiham olunan N!DA VH fəallarının məhkəməsində dövlət ittihamçısı 6-8 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib: Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənov və Bəxtiyar Quliyevə 8 il, Şahin Novruzluya 6 il 6 ay və Üzeyir Məmmədliyə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi təklif olunub.
Dövlət ittihamçısının azadlıqdan məhrumetmə cəzasının miqdarı açıqlandıqdan sonra fəal Rəşad Həsənov bildirib ki, gənclər bəraət istədiyi üçün aclıq aksiyasına başlayır və bu barədə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə məlumat verilib.
2013-cü il, martın 10-da "Əsgər ölümlərinə son" aksiyasından sonra həbs edilən gənclər zorakılığa çağırışda, narkotik və partlayıcı maddələrin qanunsuz saxlanmasında ittiham olunurlar.
Fəallara qarşı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma), 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə cinayət işi açılıb.


