N!DA-çıların valideynləri: aclıq aksiyasına qoşulacağıq

Kütləvi iğtişaşların təşkilində ittihamı olunan N!DA Vətəndaş Hərəkatının fəallarının valideynləri övladlarına istənilən həbs cəzasının müddətindən şikayətlənir.

Fəalların valideynləri iddia edir ki, övladları üçün istənilən 6 ildən 9 ilə qədər olan cəza müddəti “qərəzlidir”.

Şikayətçi valideynlərdən bir neçəsi buna etiraz olaraq bazar günündən müddətsiz aclıq aksiyası keçirməyi planlayır, bu barədə fəal Zaur Qurbanlının anası Səkinə Qurbanlı BBC Azərbaycancaya bildirib.

Cümə axşamı dövlət ittihamçısı N!DA fəalları- Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənov və Bəxtiyar Quliyevə 8 il, Şahin Novruzluya 6 il 6 ay və Üzeyir Məmmədliyə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini təklif edib.

"Aclıq aksiyasına isə hələlik üç valideyn qoşulur, digərlərinin isə, sonradan qoşulacaq", Səkinə Qurbanlı valideynlərin cümə günü keçirdiyi mətbuat konfransında qeyd edib.

Xanım Qurbanlının sözlərinə görə, təklif edilən cəza onu göstərir ki, noyabrdan bəri davam edən məhkəmənin "əhəmiyyəti yox imiş"

"Mən buna etiraz edirəm bir valideyn kimi tələb edirəm bu uşaqlara bəraət verilməlidir. 6 ay ərzində vəkillər bütün ittihamları darmadağın edib".

Rəşadət Axundov və Şahin Novruzlunun valideynləri də dövlət ittihamçısından şikayətlənib.

"Azad etməlidirlər, belə Allahsızlıq olmaz", Rəşadət Axundovun atası bildirib.

Bu arada N!DA-çı fəalların Bakı İstintaq Təcridxanasında ötən gündən bəri başladığı aclıq aksiyası davam edir. Səkinə Qurbanlının sözlərinə görə, oğlu Zaur Qurbanlı ona "hələlik vəziyyətlərinin yaxşı olduğunu" deyib.

"Zaur dedi ki, hansımızın səhhətində problem olarsa, aksiyanı dayandıracağıq", xanım Qurbanlı bildirib.

Milli Məclisdə fəalların müzakirəsi

Fəalların məsələsi Milli Məclisdə də müzakirə edilib, deputat İqbal Ağazadə məhkəməni və prokurorun tələbini "siyasi sifariş" adlandırıb, APA yazır.

Cənab Ağazadə fəalların işini "siyasi məsələ kimi xarakterizə edib" və fəallara Respublika günü münasibətilə əfv istəyib.

“O uşaqları öyrədib əlinə “Molotov” kokteyli, dəmir parçası verən, öz övladlarını qoruyub başqalarının övladının başını yeyib, məhz polisin üzərinə və iğtişaş törətməyə göndərirlər”, hakim partiya deputatı Siyavuş Novruzov qeyd edib ki, "siyasi məhbusdan, sifarişli məhkəmədən söhbət gedə bilməz".

Parlamentin spikerinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, “Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxslər var".

2013-cü il, martın 10-da "Əsgər ölümlərinə son" aksiyasından sonra həbs edilən gənclər zorakılığa çağırışda, narkotik və partlayıcı maddələrin qanunsuz saxlanmasında ittiham olunurlar.

Fəallara qarşı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma), 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə cinayət işi açılıb.