İranlı nazir: Tehran ilə Bakı arasında “açıq gərginlik mərhələsi başa çatdı”, Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib

İranın Xarici İşlər Naziri

Şəklin mənbəyi, Irna

İran XİN rəhbəri Tehran ilə Bakı arasında gərginliyin başa çatdığını deyib. Bakıda keçirilən məhkəmədə Milli Qəhrəman Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib. Zakir Həsənov Zəngilanda Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, Tehranla Bakı arasında "gərginliyin ictimaiyyətə açıq olan mərhələsi başa çatıb".

TASS xəbər verir ki, o bu sözləri Tehranda qonşu ölkələrin XİN rəhbərlərinin Əfqanıstandakı vəziyyətə dair iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

İran XİN rəhbəri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarının olmasına diqqət çəkib.

"Düşünürəm ki, biz açıq gərginlik mərhələsini başa çatdırdıq", - İran XİN rəhbəri qeyd edib.

İranlı nazir vurğulayıb ki, onun qənaətinə görə, "ölkələr arasında mövcud problemlər tədricən həll olunacaq."

Diplomat əlavə edib ki,"İranın hazırkı hökuməti qonşu ölkələrlə münasibətlərin inkişafına yönəlib".

Azərbaycanda onun bu şərhinə reaksiya yoxdur.

İki ölkə arasında münasibətlər bu ilin sentyabrında, Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisinə keçən hissəsinə nəzarəti öz əlinə aldıqdan sonra gərginləşib. İki iranlı sürücü "Qarabağa qanunsuz girdiyi" üçün saxlanlıb, İran mənşəli yük maşınları gömrük rüsumuna cəlb olunub.

Bu hadisədən sonra ölkə rəsmilərinin bir-birinə ittihamları açıq müstəviyə çıxdı. İranın Azərbaycanla sərhəddə təlimlərə başlayaraq bölgədə "sionist rejimi" təhlükəsi olduğunu bəyan etmiş, Azərbaycan isə bu ittihamları rədd etmiş və İrandan sübutlar tələb etmişdi.

Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib

Rövşən Əkbərov

Şəklin mənbəyi, AZERTAG

Mart ayında həbs edilmiş general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi bu gün Bakıda başa çatıb.

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib, media yazır.

Əkbərov 20 il əvvəl Kiyevdə azərbaycanlı işadamı Elçin Əliyevi qətlə yetirməkdə şübhəli olaraq ittiham olunurdu.

O, mart ayında Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.

Martın 15-də Baş Prokurorluq bildirib ki, Rövşən Əkbərov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham olunub və Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakı Hərbi Məhkəməsinin məhkəmə hökmünə əsasən xuliqanlıq maddəsi ittihamdan xaric edilib və Əkbərovun zərərçəkmişin ailəsinə 40 min manat təzminat ödəməsi nəzərdə tutulub, media bildirir.

Yerli media yazır ki, bununla da zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub.

Rövşən Əkbərov son sözündə günahsız olduğunu deyib, Yeni Müsavat qəzeti yazıb.

Məhkəmə qərarında Rövşən Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınmasının zəruri olmadığı bildirilib.

Həbsindən bir ay əvvəl Rövşən Əkbərov müdafiə naziri Zakir Həsənovun əmriylə ordu sıralarından ehtiyata buraxılıb.

Rövşən Əkbərov 2011-ci ildən orduda birlik komandiri vəzifəsini tutub. İki dəfə "Azərbaycan Bayrağı" ordeni ilə, bir neçə dəfə isə müxtəlif orden və medallarla təltif edilib.

2016-cı ilin iyununda Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

İkinci Qarabağ müharibəsi müddətində onun adı heç bir döyüş əməliyyatında hallanmayıb və sonradan təltif edilənlər sırasında da olmayıb.

Azərbaycan-Türkiyə müdafiə nazirləri görüşüblər

Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Zakir Həsənov Zəngilan şəhərində baş tutan görüşdə Türkiyənin İkinci Qarabağ müharibəsində göstərdiyi mənəvi dəstəyə görə minnətdarlığını bildirib.

O, "qarşılıqlı inam, etimad və dəstəyə" əsaslanan tərəfdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib.

Hulusi Akar strateji müttəfiqliyin "dostluq və qardaşlıq münasibətləri üzərində" qurulduğunu qeyd edib.

Məlumatda deyilir ki, görüş zamanı hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan oktyabrın 26-da Azərbaycanın Füzuli şəhərinə birgünlük səfər edib.

O, Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edib.

Füzuli şəhəri ötən il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinin ilk günlərində, oktyabrın 17-də azad edilib.