İran Azərbaycan və Ermənistan barədə: “Onların biri ilə digərinə qarşı işləyə bilmərik”

İranın Xarici İşlər Naziri

Şəklin mənbəyi, Irna

İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehranla Bakı arasında "çox yaxşı və çoxqatlı" əlaqələrin olduğunu deyib.

"Dünən keçirdiyim mətbuat konfransında qeyd etdim ki, qonşularımızla, o cümlədən Azərbaycanla münasibətlərimiz normaldır və onlarla münasibətlər qurmamaq qeyri-normaldır", - Səid Xatibzadə deyib.

Bundan əvvəl Rusiyanın "Rossiya 24" dövlət kanalına müsahibəsində Azərbaycanla əlaqələri İranın xarici işlər naziri dəyərləndirib. Azərbaycan və Ermənistanın "yaxşı qonşular" olduğunu deyən Hüseyn Əmir Abdullahian Bakı və Yerevana səfər edə biləcəyi barədə də danışıb.

"Qonşularla, xüsusən də şimal qonşularımızla əlaqələrin inkişaf etdirilməsi yeni İran hökumətinin əsas prinsiplərindən biridir. Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır. Və biz onların biri ilə digərinə qarşı işləyə bilmərik. Bizim xarici siyasətimiz balanslıdır."

Bu bəyanat iki ölkə arasında gərginləşmə fonunda səslənir. Bundan əvvəl İran Azərbaycanda "İsrailə aid hərbi qüvvələrin" mövcud olduğunu deyib. Bakı ittihamları rədd edir.

Bu arada İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) çərşənbə axşamı günü ölkənin mərkəzi bölgələrində hərbi təlimlərə başlayıb, Mehr xəbər agentliyi bildirir. Məlumata əsasən, təlimlərin əsas məqsədi hava hücumundan müdafiə üçün döyüş hazırlığını artırmaqdır.

Bundan əvvəl İran ordusunun təlimləri Azərbaycan sərhədləri yaxınlığında keçirilib. İran polis qüvvələrinin rəisinə istinadən İSNA agentliyinin yaydığı məlumata görə, Azərbaycanla sərhədə əlavə qüvvə və texnika yerləşdirilib.

Azərbaycan: "İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir"

İran son günlər Azərbaycanı iki ölkə sərhədlərində "İsrailə aid hərbi qüvvələrin mövcudluğunda" ittiham edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva söyləyib ki, İran Xarici İşlər Nazirliyi "Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir".

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) isə İranın Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzinin açıqlamalarını rədd edərək, İranın indiyədək Azərbaycana fakt təqdim etmədiyini deyib.

Əli Qüdərzi İran mətbuatına verdiyi açıqlamada "israillilərin Azərbaycanın vacib və həssas bölgələrində yerləşdiklərini" deyib.

Azərbaycan XİN İran xarici işlər nazirinin Livanın Əl-Manar televiziya kanalına müsahibəsində Azərbaycan ilə bağlı dediklərini "qətiyyətlə rədd edib".

"Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayib", XİN sözçüsü Leyla Abdullayeva bildirib.

Leyla Abdullayeva deyib ki, İranın müharibə zamanı belə ittihamlar irəli sürməməsi və İkinci Qarabağ müharibəsindən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmaması "təəccüblüdür".

"Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar".

Azərbaycan XİN bildirib ki, müharibə dövründə o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdəerməni muzdlu döyüşçülərinin iştirakına dair məlumatlar həmçinin İranın Azərbaycandakı səfirliyinə təqdim edilib.

"Bakı vəd edib" - İran naziri deyir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian-ın başqa bir açıqlaması da bu gün İran mediasında işıq üzü görüb.

Nazir oktyabrın 6-da Rusiyaya səfəri zamanı "Rossiya 24" dövlət kanalına müsahibəsində deyib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla BMT Baş Assambleyası çərçivəsində "dostca və səmimi" müzakirələr aparıb.

"Bizi Cənubi Qafqazda nə narahat edir: birincisi, bəzi xarici qüvvələr bu regionun sərhədlərini dəyişməyə, sərhəd keçid məntəqələrini bağlamağa və ya yerini dəyişməyə təsir etməyə çalışırlar. Biz eyni zamanda, müharibə dövründə Qarabağda meydana gələn terrorçuların mövcudluğunu da qeyd edirik. Biz bunu heç bir halda qonşularımızın ərazi bütövlüyünü şübhə altına almadan deyirik. Bizimlə danışıqlarda Azərbaycan rəsmiləri bölgənin terrorçulardan təmizlənməsi üçün tədbir görəcəklərini vəd ediblər".

Leyla Abdullayeva

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva söyləyib ki, İran Xarici İşlər Nazirliyi "Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir"

Cənab Abdullahian müsahibəsində deyib ki, Azərbaycan ərazilərindən "sionist rejimin təxribat xarakterli hərəkətlərini yolverilməz hesab edirik və bütün bunları dostluq və mehriban qonşuluğun əsasında nizamlamalıyıq".

Bundan başqa, İranın xarici işlər nazirinin sözçüsü Səid Xətibzadə ölkəsinin milli təhlükəsizlik mövzusunda "çox ciddi olduğunu" və bu mövzuda "güzəştə getməyəcəyini" vurğulayaraq deyib ki, İranın qonşuları "bunu yaxşı bilirlər" və bununla bağlı "güclü mesajlar alıblar", İSNA agentliyi yazır.

O, bazar günü keçirdiyi mətbuat konfransında söyləyib ki, Azərbaycan və İran arasındakı əlaqələri pozmaq "təbii deyil".

"İki ölkə münasibətlərində həmişə məntiqli bir proses izləyib. İran Azərbaycan tərəfinə narahatlığını bildirdi və onlar da bu narahatlıqları aradan qaldıracaqlarını bildirdilər. Azərbaycan tərəfinə İranın bəzi narahatlıqlarının həll edilməli olduğunu söylədik ", o bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Bakının "vəd verməsi" barədə açıqlamaya reaksiyası bəlli deyil. Amma qurum ötən həftəki bəyanatında Azərbaycanın İranla sərhəd yaxınlığında "hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri" ilə bağlı iddiaları qəbul etmədiyini, bu fikirlərin "heç bir əsasının olmadığını" bildirib.

Nazirlərin ABŞ-da görüşü barədə Azərbaycan XİN bildirmişdi ki, görüş zamanı Azərbaycanla İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb. Ceyhun Bayramov iranlı həmkarına azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə ətraflı məlumat verib, Hüseyn Əmir Abdullahian isə İranın Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.

Azərbaycan Dövlət Sərhəd Xidməti: "İran heç vaxt fakt təqdim etməyib"

Azərbaycan-İran sərhədi

Şəklin mənbəyi, Report.az

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycanın dövlət sərhədlərində, sərhəd mühafizə qu­rumlarında "hər hansı xarici dövlətin qüvvələrinin və mütəxəssislərinin mövcud olmadığını" açıqlayıb.

Qurum bazar ertəsi yaydığı açıqlamada bildirib ki, İranın Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzinin son günlərdə verdiyi açıqlamalar "həqiqətə uyğun deyil".

Əli Qüdərzi İran mətbuatına verdiyi açıqlamada "İsraillilərin İrana casusluq etmək niyyəti ilə Azərbaycanın vacib və həssas bölgələrində yerləşdiklərini", Tehranın şimaldakı qonşularına yaxınlıqdakı "təfriqçi qrupların olması barədə" dəfələrlə xəbərdarlıq etdiyini deyib.

"Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Azərbaycan Respub­likasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmamışdır, hazırda da yoxdur və bundan sonra da olmayacaqdır. Azər­baycan Respublikası ərazisində xaricdən gəlmiş təfriqçilərin fəa­liy­yət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan əra­zi­sindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir", - Azərbaycan DSX-nın məlumatında deyilir.

Azərbaycan DSX iki ölkə sərhədçiləri arasında mütəmadi işçi görüşlərin keçirildiyini, lakin bu günədək Azərbayacana Əli Qüdərzinin səsləndirdiyi iddialarla bağlı heç bir məlumatın və ya faktın təqdim olunmadığını bildirib.

Tarixçə

Azərbaycan-İran sərhədi

Şəklin mənbəyi, Report.az

İranla Azərbaycan arasında fikir ayrılığı sentyabrda Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarət etməyə, İran mənşəli sürücülərin sənədlərini yoxlamağa başlamasından və onların gömrük rüsumu ödəməsini istəməsindən sonra yaranıb.

İran hakimiyyəti Azərbaycanı onunla sərhəd bölgələrdə "sionist qüvvə yerləşdirməkdə" ittiham edir, Prezident İlham Əliyev isə bidirib ki, bu ittihamlar əsassızdır, İranla sərhəddə olan bu bölgələrdə nəinki İsrail, "heç bir bina da yoxdur".

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıla səfəri zamanı Azərbaycanın "güya öz ərazisinə İsraili gətirdiyi" barədə İran tərəfinin "əsassız ittihamlarını" Bakının qəbul etmədiyini bildirib.

İlham Əliyev Azərbaycana qarşı əsassız ittihamların "cavabsız qalmayacağını" vurğulayıb.

"Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq", - İlham Əliyev deyib.

Oktyabrın 1-də İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə başlaması rəsmi Bakıda narazılıq yaradıb. Prezident İlham Əliyev ölkənin İranla bəzi sərhəd rayonlarının 30 il işğal altında olduğu zaman belə bir təlim keçməməsinə diqqət çəkib.