İranlı nazir Rusiyada: “İran bir, Azərbaycan altı hərbi təlim keçirib”

Şəklin mənbəyi, Foreign Ministry Press Service/Handout/Anadolu Age
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib ki, İran "İsrailin Qafqazda olmasından ciddi narahatdır". İsrailin Rusiyadakı səfiri İranın Azərbaycan və İsraillə bağlı ittihamlarına cavab verib - ətraflı BBC News Azərbaycancanın icmalında.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib ki, İran "İsrailin Qafqazda olmasından ciddi narahatdır".
O, çərşənbə günü baş tutan müzakirələrdə söyləyib ki, İran cəmi bir, Azərbaycan isə digər ölkələrlə birgə altı hərbi təlim keçirib.
İran rəsmisi ölkəsinin "İsrailin Qafqazda varlığından ciddi narahat olduğunu" bildirib və deyib ki, İran "bölgənin xəritəsindəki hər hansı bir dəyişikliyə dözməyəcək", İranın İRNA agentliyi yazır.
Azərbaycan və İsrail bu ittihamları daha əvvəl təkzib ediblər.
"3+3" danışıqlar formatı
Sergey Lavrov və Hüseyn Əmir Abdullahian regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin iştirakı ilə "3+3" danışıqlar formatının yaradılması təşəbbüsünü müzakirə edib.
Sergey Lavrov çərşənbə günü baş tutan görüşdə deyib ki, bu əlaqələrin açılmasından təkcə Azərbaycan, Ermənistan və Gürcüstan deyil, digər region ölkələri də qazanacaq:
"İran, Rusiya və Türkiyə də bu üç respublikanın ən yaxın qonşuları olaraq bundan qazanacaq. Biz bu gün 3 + 3 formatının yaradılması təşəbbüsünü müzakirə etdik - üç Zaqafqaziya ölkəsi və onların üç böyük qonşusu - Rusiya, İran və Türkiyə", - TASS agentliyi Sergey Lavrova istinadən yazır.
Rusiya XİN rəsmisinin sözlərinə görə, İran Azərbaycan və Türkiyə kimi bu fikrə "müsbət" reaksiya verib.
"Erməni həmkarlarımızla işləyirik. Ümid edirik ki, Gürcüstan yaşadığı bütün problemlərə baxmayaraq belə bir məsləhətləşmə mexanizmi yaratmaqda və uzun müddətdir burada davam edən qarşıdurmalar səbəbiylə inkişafını geridə qoyan bu bölgənin sürətlə inkişafı ilə bağlı qərarlar qəbul etməkdə əsas marağını görə biləcək", - Sergey Lavrov söyləyib.
Hüseyn Əmir Abdullahian bildirib ki, rəsmi Tehran tezliklə Rusiya və İran prezidentlərinin iki ölkə paytaxtından birində görüşəcəyinə ümid edir.
Onun sözlərinə görə, Tehranın Moskva ilə dialoqu İranın yeni hökumətinin mehriban qonşuluq siyasətinin prioritetlərindən biridir.
Xəzərin statusu
Sergey Lavrov İran parlamentinin tezliklə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanı tezliklə ratifikasiya edəcəyinə ümid etdiyini bildirib.
Sergey Lavrov Xəzərə və xarici dövlətlərin Xəzər regionunun işlərinə qarışması məsələsinə gəlincə isə bildirib ki, bu gün bu barədə də müzakirə aparılıb.
"...Bu gün həmsöhbətlərimizə, dostlarımıza hər hansı bir qeyri-Xəzəryanı dövlətin hərbi qüvvələrinin Xəzər dənizində olmasını birbaşa qadağan edən Xəzərin hüquqi statusu haqqında konvensiyanın qüvvəyə minməsini mümkün qədər tez təmin etmənin vacibliyini dəfələrlə vurğuladıq. Konvensiya son ratifikasiya sənədi alındıqdan sonra qüvvəyə minəcək", Ria Novosti Sergey Lavrova istinadən yazır.
Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri sənədə 2018-ci ildə imza atıblar.
Sergey Lavrov və iranlı həmkarı görüşdə Əfqanıstandakı vəziyyət, koronavirusla mübarizə, İranın nüvə proqramı və digər mövzuları da müzakirə ediblər.

Şəklin mənbəyi, Mixail Caparidze/TASS
İsrail səfirindən İranın Qarabağda "sionist qüvvələr var" iddiasına cavab
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi İsrail hərbçilərinin regiondakı müharibədən sonra Qarabağda olması barədə iddiaları təkzib edib.
İran iddia edir ki, onun Azərbaycanla sərhədləri yaxınlığında "sionist qüvvələr" var.
"Hesab edirəm ki, bu, böyük bir axmaqlıqdır, çünki əgər biz Qarabağ bölgəsindən danışırıqsa, orada həm Rusiyanın, həm də Türkiyənin hərbçiləri var. Düşünürəm ki, onların [İranın] hansısa fantaziyaları olanda orada marslıların da mövcud olduğunu söyləyə bilərlər", - TASS agentliyi yazır ki, bunu səfir çərşənbə axşamı günü Rusiya Yəhudi Konqresi zamanı jurnalistlərə açıqlamasında deyib.
Oktyabrın 1-də İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə başlaması rəsmi Bakıda narazılıq yaradıb. Prezident İlham Əliyev ölkənin İranla bəzi sərhəd rayonlarının 30 il işğal altında olduğu zaman belə bir təlim keçməməsinə diqqət çəkib.
İran hakimiyyəti Azərbaycanı onunla sərhəd bölgələrdə "sionist qüvvə yerləşdirməkdə" ittiham edir, ötən ilki 44 günlük müharibə zamanı işğaldan azad edilmiş Cəbrayıla səfər edən İlham Əliyev isə bidirib ki, bu ittihamlar əsassızdır, İranla sərhəddə olan bu bölgələrdə nəinki İsrail, "heç bir bina da yoxdur".
İranla Azərbaycan arasında fikir ayrılığı sentyabrda Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarət etməyə, İran mənşəli sürücülərin sənədlərini yoxlamağa başlamasından və onların gömrük rüsumu ödəməsini istəməsindən sonra yaranıb.

Şəklin mənbəyi, Getty Images
Erməni zabit Azərbaycandan "Ermənistana qaytarılıb"
Erməni zabit Azərbaycandan Ermənistana qaytarılıb. Bu barədə çərşənbə günü Ermənistan parlamentdəki deputatların suallarını cavablandırarkən baş nazirin müavini bildirib.
"Bu anda bir əsir Ermənistana qayıdır, daha doğrusu artıq Ermənistan ərazisindədir. Bu, 1989 -cu il təvəllüdlü Artur Davidyandır", - agentliklər Suren Papikyanın sözlərini iqtibas edir.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bununla bağlı reaksiya almaq mümkün olmayıb.
Avqust ayında Ermənistan Müdafiə Nazirliyi hərbi hissələrdən birinin baş leytenantı Artur Davidyanın icazə olmadan xidmət yerini tərk etdiyini və daha sonra onunla əlaqənin kəsildiyi bildirib.









