Azərbaycan polisi Gorus-Qafan yolunda İran nömrəli maşınları yoxlayır

Şəklin mənbəyi, Gavriil Grigorov\TASS via Getty Images
Ermənistan Azərbaycan polisinin Gorus-Qafan yolunda İran nömrəli yük maşınlarının sürücülərinin və yüklərin sənədlərini yoxladığını deyir. Əfqanıstanda universitetlər cinsiyyətə görə ayrılacaq və yeni geyim qaydaları tətbiq ediləcək, ölkədə hakimiyyəti ələ keçirən Taliban bildirib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Azərbaycanla Ermənistan sərhədində, Qoris-Qafan yolunda Azərbaycanın İran nömrəli nəqliyyat vasitələrinə gömrük rüsumu tətbiq etdiyi bildirilir.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirmişdi ki, Azərbaycan polisi sentyabrın 12-dən İran nömrəli nəqliyyat vasitələrinin sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb.
Azərbaycan Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya yoxlamaların aparıldığını təsdiqləyib.
O deyib ki, sözügedən yer Azərbaycanın ərazisidir və orada hərəkət edən avtomobillər "müvafiq qaydada yoxlanıla bilər".
"Ərazidə ictimai qaydanın, ictimai təhlükəsizliyin təmin olunması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq yoxlamalar həyata keçirilir. İşğaldan azad edilmiş bütün şəhər və rayonların ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də Daxili İşlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Bakı-Yevlax yolunda polis postunun olması nə qədər təəccüblü deyilsə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də polis postunun olması tam qanunauyğundur. Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur".
Dövlət Gömrük Komitəsinin bazar ertəsi yaydığı açıqlamada bildirilir ki, Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri "yol vergisinin vergitutma obyektidir".
"Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur," - Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Azərbaycan polisi sentyabrın 12-si saat 12:00-dən etibarən, Qoris-Qafan yolunun Azərbaycanın nəzarəti altında olan Eyvazlı yaşayış məntəqəsində İran dövlət nömrəli yük avtomaşınlarının sürücüləri və yüklərinin sənədlərini yoxlayır, Ermənistanın Milli Təhlükəsizlik Xidməti açıqlayıb.
Məlumatda deyilir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qüvvələri və Rusiyanın Federal Təhlükəsizlik Xidməti "vəziyyəti tənzimləmək üçün birgə iş aparırlar".
Bazar günü Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə göndərdiyi məktubda xarici ölkə nəqliyyat vasitələrinin Azərbaycana razılıqsız daxil olmasına "Bakının icazə vermədiyini" xatırladılıb.
"Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb".
Azərbaycan MN bildirib ki, bu kimi hallar "üçtərəfli bəyanata zidd" və Azərbaycan qanunlarının "pozulmasıdır".
Bu bəyanat sosial mediada İran nömrəli yük maşınlarının Ermənistandan keçməklə Qarabağa yük daşıması barədə iddialardan sonra gəlib.
İran hələ ki, bu barədə şərh verməyib.

Şəklin mənbəyi, EPA
Taliban qadınlara kişilərlə birgə təhsil almağı qadağan etdi
Ali təhsil naziri Abdul Baqi Haqqani deyib ki, qadınlara kişilərdən ayrı olmaq şərti ilə təhsil almağa icazə veriləcək.
O, həmçinin şagirdlərə öyrədiləcək fənlərin yenidən nəzərdən keçiriləcəyini bildirib.
- Talibanın Kabilində həyat: "Niyə məhrəmin yanında deyil?"
- Sovet ordusu çıxandan 30 il sonrakı Əfqanıstan: keçmiş və indiki həyatları haqda əfqanlar nə düşünürlər
- Taliban döyüşçüləri BBC-yə: Əfqanıstanda müharibəyə "amerikalılar başladı"
- Taliban rejimindən Türkiyəyə qaçan əfqan qadınları: “Heç kim bu dəfə qadınlara zülm verilməyəcəyinə inanmasın"
Əfqanıstanda Talibanın 1996-2001-ci illərdəki hakimiyyəti dövründə qadın və qızlara məktəb və universitetlərə getmək qadağan olunmuşdu.
Bu dəfə Taliban deyib ki, onlar qadınların təhsil almasına və ya işləməsinə qadağa qoymayacaqlar. Lakin Taliban avqustun 15-də ölkəyə nəzarəti ələ keçirəndən sonra səhiyyə sahəsində işləyənlərdən başqa bütün qadınlara təhlükəsizlik məsələləri düzələnədək işə çıxmamağı tapşırıb.
Taliban hakimiyyətindən öncə Əfqanıstanda qadın tələbələrin xüsusi geyim forması yox idi və onlar kişilərlə yanbayan təhsil ala bilirdilər.
Bəziləri deyir ki, yeni qaydalar qadınları təhsildən uzaqlaşdıracaq, çünki universitetlərin ayrı sinif yaratmağa vəsaitləri yoxdur.
Abdul Baqi Haqqani isə ölkədə kifayət qədər qadın müəllimin olduğunu, çatışmazlıq yaranarsa, alternativlərin tapılacağını bildirib.
"Hər şey universitetin imkanlarından asılıdır. Kişi müəllimlər də pərdə arxasından dərs deyə və ya texnologiyadan istifadə edə bilərlər," - ali təhsil naziri deyib.
Qadınlardan hicab taxılması tələb olunacaq, lakin cənab Haqqani əlavə üz örtüklərinin məcburi olub-olmayacağını qeyd etməyib.
Taliban 2001-ci ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Əfqanıstanda təhsil alanların sayında, xüsusən də qızların və qadınların savadlılıq səviyyəsinin yüksəldilməsində böyük irəliləyiş əldə edilmişdi.
UNESCO-nun son hesabatında Taliban nəzarətindən sonra 17 il ərzində ölkədə ibtidai siniflərdə qızların sayının demək olar ki, sıfırdan 2,5 milyona yüksəldiyi bildirilir.
Hesabatda qadınların savadlılıq səviyyəsinin on il ərzində təxminən iki dəfə artaraq 30 faizə çatdığı da bildirilir.









