Rusiya rəsmi saytından "Dağlıq Qarabağ Respublikası" ifadəsi çıxarılmayıb

Şəklin mənbəyi, NurPhoto/Getty images
Rusiyanın rəsmi zakupki.gov.ru saytında "Dağlıq Qarabağ Respublikası" ifadəsi hələ də qalmaqdadır, Azərbaycan "Dağlıq Qarabağ Respublikası" ifadəsiylə bağlı etirazını Rusiyaya çatdırıb, Kazanda ilk MDB oyunlarının açılış mərasimi keçirilib,Badamdar qəsəbəsində meşə yanğını söndürülüb, Rusiya sülhməramlıları Qarabağda rabitənin bərpası üzrə işlərin təhlükəsizliyini "təmin edirlər", BBC News Azərbaycancanın icmalında oxuyun.
Rusiyanın GOV.RU hökümət domenində fəaliyyət göstərən zakupki.gov.ru rəsmi saytındakı tender haqqında məlumatda "Dağlıq Qarabağ Respublikası" ifadəsi çıxarılmayıb.
Ötən gün Azərbaycan XİN-i Rusiya saytında bu ifadədən istifadə olunması ilə bağlı rəsmi Moskvaya etirazını bildirib.
Azərbaycan XİN Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, "qarşı tərəf bu məsələnin texniki səhv" olduğunu bildirərək, "aradan qaldırılması üçün müvafiq addımların atılacağını" bildirib.
Azərbaycan XİN rəsmisinin açıqlamasından 1 gün keçsə də, adı çəkilən Rusiya saytında "Dağlıq Qarabağ Respublikası" ifadəsi hələ də qalmaqdadr.
Azərbaycan "Dağlıq Qarabağ Respublikası" ifadəsiylə bağlı Rusiyaya etirazını çatdırıb
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsi üzrə vahid internet səhifəsindəki tender haqqında məlumatda "Dağlıq Qarabağ Respublikası" ifadəsinin qeyd olunması ilə bağlı Rusiya tərəfinə etirazını çatdırıb.
Bu barədə XİN Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın şərhində deyilir.
"Qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırmışdır".
Azərbaycan XİN nümayəndəsinə əsasən, "qarşı tərəf" bu məsələnin texniki səhv olduğunu bildirib.
"Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib".
Rusiya tərəfi bu məlumata rəsmi münasibət bildirməyib.

Şəklin mənbəyi, Getty Images
Kazanda ilk MDB oyunlarının açılış mərasimi keçirilib
Şənbə günü Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib. Doqquz ölkəni təmsil edən parad iştirakçıları arasında Azərbaycan heyətinin üzvləri də olub.
Tatarıstan Respublikası paytaxtının ev sahibliyi etdiyi ilk MDB Oyunları sentyabrın 11-dək davam edəcək. Yarışların proqramına 16 idman növü daxildir.
Açılış mərasimindən əvvəl keçirilən yarışlara qatılan Azərbaycan millisi artıq 6 qızıl medal qazanıb. O, medalların ümumi sayına görə turnir cədvəlinin ikinci yerində qərarlaşır.
MDB ölkələri Oyunları ideyasını Rusiya irəli sürüb və bu təşəbbüs 2018-ci ildə MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında dəstəklənib.

Şəklin mənbəyi, FHN
Badamdar qəsəbəsində meşə yanğını söndürülüb
Bakının Badamdar qəsəbəsində dağlıq ərazidə baş verən yanğın söndürülüb. Hazırda onun səbəbləri araşdırılır.
Fövqəladə Hallar Nazirliyi ağaclıq ərazidə kol-kos və quru otun yandığını bildirir. Ağaclığın böyük hissəsinin, yaxınlıqdakı evlər və kommunikasiya xətlərinin yanğından mühafizə olunduğu qeyd edilir.
Hadisə yerinə Səbail icra hakimiyyətinin nümayəndələri baş çəkib, APA bildirir.
Məlumata görə, yanğın 3 ha ərazini əhatə edib.

Şəklin mənbəyi, AFP/Getty Images
Rusiya sülhməramlıları Qarabağda rabitənin təmirində təhlükəsizliyi "təmin edirlər"
Rusiya sülhməramlıları "Dağlıq Qarabağın ucqar bölgələrində" rabitə qülləsinin bərpası üzrə işlərin aparılması üçün təhlükəsizliyi təmin ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Məlumata əsasən, mobil rabitə və yüksək sürətli internetin fasiləsiz işləməsini təmin edən mobil rabitə qüllələrinin müasir günəş panelləri ilə təchiz edilməsi üzrə işlər aparılır.
"Bununla əlaqədar olaraq şirkət rəhbərliyi işin təhlükəsizliyinin təmin edilməsi xahişi ilə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib, " - Rusiya MN saytında sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Zaytsevin sözləri iqtibas olunur.
Son zamanlar Azərbaycan Rusiya sülhməramlının fəaliyyəti ilə bağlı sərt bəyanatlar verir. Ötən ay rəsmi Bakı ilk dəfə, Qarabağda Rusiya sülhməramlılarının olduğu ərazilərdə erməni qüvvələrinin qalmasından açıq narazılığını bildirib.

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi






