Bakıdan Moskvaya məktub: Xarici nəqliyyat Azərbaycana razılıqsız daxil ola bilməz, TƏBİB sədri Ramin Bayramlı istefa ərizəsini yazıb

Azərbaycan Müdafiə Nazirliyi

Şəklin mənbəyi, MOD.GOV.AZ

Bakıdan Moskvaya məktub: Xarici nəqliyyat Azərbaycana razılıqsız daxil ola bilməz, TƏBİB sədri Ramin Bayramlı vəzifəsindən azad olunması ilə bağlı ərizə yazıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə göndərdiyi məktubda xarici nəqliyyatın Azərbaycana razılıqsız daxil olmasına Bakının icazə vermədiyini xatırladııb.

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır, Azərbaycan MN-i bildirib

"Bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunmuşdur", məktubda deyilib.

"Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır", - MN vurğulayıb.

TƏBİB sədri Ramin Bayramlı istefa ərizəsini yazıb

Ramin Bayramlı

Şəklin mənbəyi, Azertag

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən azad olunması ilə bağlı ərizə yazıb.

Bu barədə Bayramlı özünün Twitter səhifəsində bildirib.

"Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm", - Ramin Bayramlı yazıb.

"İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm", - TƏBİB sədri özünün Twitter səhifəsində dərc etdiyi məlumatda bildirib.