Rusiya qazı Ermənistana "müvəqqəti" Azərbaycan ərazisindən göndəriləcək

Şəklin mənbəyi, Gasprom.com
Rusiya qazı Ermənistana "müvəqqəti" Azərbaycan ərazisindən göndəriləcək, Rövşən Əkbərov "qəsdən adam öldürmə və xuliqanlıq"da ittiham edilir, Ermənistanda COVİD-19-a yoluxma artır, Sergey Şoyqu Dağlıq Qarabağda Türkiyə ilə birgə aparılan işləri "çox mürəkkəb və çətin" adlandırıb, Əfv Komissiyasının sonuncu iclası keçiriləcək, Ağdamda bir ailənin iki üzvü həlak olmaqla beş nəfərin minaya düşməsilə bağlı cinayət işi açılıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Rusiya qazının Ermənistana tədarükü müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcək, bu barədə xəbəri Rusiyanın İnterfax agentliyi Qazprom Export-a istinadən yayıb.
Xəbərdə "Rusiya qazını Gürcüstan ərazisindən keçməklə Ermənistana daşıyan Şimali Qafqaz - Zaqafqaziya qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazının Azərbaycan ərazisindən istehlakçılara tədarük ediləcəyi" deyilir.
Qazprom Export və Azərbaycan Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün çərşənbə axşamı günü qısamüddətli müqavilə imzalandığı bildirilir.
"Müqavilədə Şimali Qafqazın - Zaqafqaziya qaz kəmərinin Rusiya hissəsində planlaşdırılmış profilaktik təmir işləri zamanı qazın Azərbaycan ərazisindən Gürcüstanla sərhədədək istehlakçılara veriləcəyi bildirilir. İş üç həftə çəkə bilər. İşlər tamamlandıqdan sonra qaz əvvəlki kimi nəql ediləcək. Marşrut Rusiya və Gürcüstan sərhədindən keçəcək," - agentlik yazır.
2020-ci ildə Qazpromun Ermənistana 2,209 milyard kubmetr qaz verdiyi, 2021-ci ilin yanvarında bu rəqəmin 9 faiz artdığı bildirilir.
Rövşən Əkbərov "qəsdən adam öldürmədə" ittiham edilir

Şəklin mənbəyi, Azertag
Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov "qəsdən adam öldürmə və xuliqanlıq"da ittiham edilir. Bu barədə məlumatı Baş Prokurorluq yayıb.
O, 2001-ci ildə Kiyev şəhərində Azərbaycan vətəndaşı Elçin Əliyevin soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı ittiham olunur.
Bu barədə Ukraynada açılmış cinayət işi zamanı müəyyən edilib ki, şübhəli Azərbaycan vətəndaşıdır və bu səbəbdən 2003-cü ildə cinayət işi Azərbaycana göndərilib.
Qurum bildirir ki, bu cinayət işi ilə bağlı Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən müəyyənləşdirilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.
2020-ci ildə isə bu qərar ləğv edilib və icraat təzələnib.
Baş Prokurorluğun məlumatına görə, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
"Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir", məlumatda qeyd olunur.
Rövşən Əkbərov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham olunur.
Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ermənistanda COVİD-19-a yoluxma sayı artır

Şəklin mənbəyi, LILLIAN SUWANRUMPHA/Getty
Ermənistanda dekabrın 17-dən bəri ən çox gündəlik COVİD-19 virusuna yoluxma halı qeyd olunub.
Martın 17-də yayılmış məlumata görə, son sutka ərzində 854 yoluxma halı təsdiqlənib. Bu, son gün keçirilən testlərin 20,4 faizini təşkil edir.
Beləliklə, Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiya müddətində təsdiqlənmiş yoluxma hallarının sayı 180141-ə çatıb.
COVİD-19-a görə ölənlərin sayı 3282 nəfər (5-i son sutkada), sağalanların - 166913 (211-i son sutkada), hazırda müalicə olunanların sayı - 9105 nəfərdir.
Məlumata görə, koronavirusa yoluxanlar arasında daha 841 nəfərin ölüm səbəbi COVİD-19 virusu ilə bağlı deyil.
Ötən gün Azərbaycanda COVİD-19 virusuna yoluxanların sayında artım müşahidə edilib.
Şoyqu Türkiyə ilə birgə iş barədə: "çox mürəkkəb və çətin"

Şəklin mənbəyi, Getty Images
Sergey Şoyqu Dağlıq Qarabağda Türkiyə ilə birgə aparılan işləri "çox mürəkkəb və çətin" adlandırıb, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək, Ağdamın Yusifcanlı kəndi ərazisində bir ailənin iki üzvü həlak olmaqla beş nəfərin minaya düşməsilə bağlı cinayət işi açılıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Şoyqu Dağlıq Qarabağda Türkiyə ilə birgə aparılan işləri "çox mürəkkəb və çətin" adlandırıb, Tass Rusiya müdafiə naziri Sergey Şoyqunun çərşənbə günü Qazaxıstan Tengrinews agentliyinə verdiyi müsahibəsinə istinadən yazır.
O, Dağlıq Qarabağdakı vəziyyətin həlli üçün Rusiya-Türkiyə əməkdaşlığını xatırladaraq, "bu, çox çətin bir əməliyyatdır. Bunu belə adlandırardım, başqa cür yox" deyib.
"Çünki bunun içində çox sayda mübahisə, ünsür, motiv var idi," - Şoyqu əlavə edib.
O, həmçinin müsahibə zamanı vurğulayıb ki, Rusiya ilə Türkiyə arasında iş birliyi çox çətin olsa da, nəticəsi olan işdir.
Şoyqu deyib ki, "Türkiyə ilə əlaqələrdən danışırıqsa, çox mürəkkəb, çox çətin, lakin yaxşı nəticəsi olan iş görürük. Birgə iş çətindir, çünki Türkiyənin NATO üzvü olması buna mane olur. Ancaq deyərdim ki, bu, hətta misilsiz təcrübədir, bir ölkə NATO-ya daxil olarkən, digər ölkə NATO üzvü deyil".
Rusiya müdafiə naziri həmçinin Rusiya və Türkiyənin mümkünsüz görünən yerdə belə kompromislər tapmağı bacardıqlarını vurğulayıb.
"Məsələn, İdlib deeskalasiya zonası. Ümumiyyətlə, Suriyada bir zamanda deeskalasiya zonalarının yaradılması, zənnimizcə, bu cür münaqişələrin həlli üçün yeni bir səhifə və yeni bir mexanizmdir… Bəziləri belə yaşamağa hazırdır, digərləri isə yox, ona görə də belə bölgələr yaradılır," - o deyib.
Şoyqu, Rusiyanın Türkiyə ilə birlikdə Suriyanın şimal-şərqində patrul işləri apardığını da xatırladıb: "Və biz birlikdə terrorçularla mübarizə aparırıq. Birlikdə işləyirik, çox vaxt ortaq hava məkanında. Və bir çox keçid məntəqəsini tənzimləyirik və nəzarət edirik, qaçqınlarla birlikdə məşğul oluruq".
Azərbaycanda Novruzqabağı əfv sərəncamının imzalanması gözlənilir

Şəklin mənbəyi, KIRILL KUDRYAVTSEV
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək, yerli media yazıb.
Xəbərdə deyilir ki, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.
İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq.
Xəbərdə həmçinin indiyədək Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında 1000-dək müraciətə baxıldığı bildirilir.
Komissiya baxılan müraciətləri sonuncu iclasdan sonra Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.
Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanması gözlənilir.
Ağdamda beş nəfərin minaya düşməsilə bağlı cinayət işi açılıb

Şəklin mənbəyi, Azərtac
Martın 16-da Ağdamda bir ailənin iki üzvünün minaya düşərək həlak olması və 3 nəfərin xəsarət alması ilə bağlı cinayət işi açılıb, məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Qurum bildirib ki, martın 16-da saat 17 radələrində Ağdam rayonunun Əfətli kəndində yaşayan Hüseynov Akif, oğlanları Razi, Bayram, Anar və qonşuları Bəhruz Abdulov Yusifcanlı kəndi ərazisindəki qəbiristanlıqda dəfn edilmiş yaxınlarının məzarını ziyarət etmək məqsədilə kənar şəxslərin girişinə məhdudiyyət qoyulmuş və minalardan təmizlənməmiş əraziyə daxil olarkən minaya düşüblər.
"Nəticədə Razi və Bayram Hüseynov qardaşları həlak olub, digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib," - DİN açıqlayıb.
Qurum həmçinin faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən iki və ya daha çox şəxsi öldürmə və digər maddələri ilə cinayət işinin başlandığını, istintaq getdiyini" bildirib.








