Yağışda islanmaqdan niyə qorxmamalıyıq?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Allie Hirschlag
- Oxuma vaxtı: 6 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
ABŞ-ın Konnektikut ştatının Nyu Milford şəhərində hiss edilən temperaturun 38 dərəcədən çox olduğu ardıcıl altıncı gün idi və göy üzü ürəkbulandıran bənövşəyi rəngə bürünmüşdü.
Bir açıq hava teatrı emalatxanasını idarə edirdim və düşərgə iştirakçılarının təpədə irəliləyən, kilometrlərlə uzanan bulud topasına təəccüblə baxdıqlarını fərq etdim. Sonra göy guruldadı və şimşək çaxdı.
Qəfildən şiddətli yağış damcılarının altında yamyaş olduq. Heç kim bir-birini eşidə bilmirdi, buna görə də paltar torbalarını qoymaq üçün düzəldilmiş, üstü örtülü platformanı işarə etdim.
Sümüyümüz qədər islanmış halda, qəhqəhə çəkib paltar torbalarının içinə düşdük və qopmuş fırtınanı seyr etdik. Təxminən 30 dəqiqə sonra səma açıldı və hava təəccüblü dərəcədə təmiz və soyuq oldu. Güclü, aydın yağış qoxusu gəlirdi.
Məşq sahəsinə geri qayıdarkən, çəmənlər və ağaclar daha yaşıl və daha təravətli görünürdü.
Hər kəs daha sevincli idi, daha çox gülümsəyirdi və sanki zehnimdəki dumanlıq nəhayət dağılmışdı.
Bu, isti hava dalğasının səngiməsindənmi, yoxsa sığınacağa qaçmağın verdiyi adrenalindənmi qaynaqlanırdı? Yoxsa yağışın da bu ümumi yaxşılaşmada bir payı var idi?
Elm adamları yağışın əhval-ruhiyyəni yaxşılaşdırma potensialını onilliklər boyu araşdırdıqdan sonra, bunu dəstəkləyəcək bəzi sağlam sübutlar tapdılar.
Yağışın tək faydası da bu deyil.
Araşdırmalar yağışın havadan zərərli maddələri uzaqlaşdırdığını və özünəməxsus qoxusunun yaddaşımızı belə, gücləndirə biləcəyini göstərir.
Serotoninin artması
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Ən mühüm səbəb yağışın mənfi hava ionlarını (yağış damcılarının toqquşması və ya bir səthə dəyib parçalanması nəticəsində yaranan, əlavə bir elektrona sahib oksigen molekulları) sərbəst buraxması ola bilər.
Yüksək səviyyədə yaşandıqda, bunun beyində serotonini və alfa dalğalarını artırdığı və daha xoşbəxt və daha rahat bir vəziyyətə səbəb olduğu bilinir.
Yağış damcıları yerə dəydikdə, sıçrayaraq havaya mənfi ionlar sala bilir və bu prosesə Lenard effekti deyilir.
Bu səbəbdən, serotonini artıran mənfi ionlardan yaxşı bir doza almaq istəyirsinizsə, intensiv yağışda gəzməyi sınayın. Lakin təhlükəsizliyiniz üçün şimşək görsəniz mütləq qapalı bir yerə girin.
Bəzi alimlər hesab edirlər ki, bu müsbət təsirlər mənfi hava ionlarının qanda oksigen səviyyəsini artırması və intensiv məşqdən əldə edilənə bənzər əhval-ruhiyyənin yaxşılaşmasına səbəb olmasından qaynaqlanır.
Ancaq bu pozitiv təsiri yaradan mexanizmin tam olaraq nə olduğunu izah edən qəti bir sübut hələ ki, yoxdur.
ABŞ-ın Pensilvaniya ştatındakı Monell Kimyəvi Duyğular Mərkəzindən koqnitiv elm mütəxəssisi Pam Dalton mənfi ionların əhval-ruhiyyədəki dəyişikliklər, yorğunluq, ürək-damar sağlığı və təzyiq üzərində təsirli olmasının səbəbinin hələ tam anlaşılmadığını qeyd edir.
"Maraqlı olsa da, fizioloji faydaları ilə bağlı çox fikir birliyi yoxdur və mənfi ionların bu təsirləri necə ortaya çıxardığına dair mümkün mexanizmlər haqqında daha da az şey bilinir" deyir.

Şəklin mənbəyi, Getty Images
Mənfi ionların əhval-ruhiyyəyə təsiri ilə bağlı tədqiqatlar 1950-ci illərdə başlamışdır. Lakin nəticələr 1990-cı illərə qədər qəti şəkildə müəyyən edilməmişdir.
Həmin il mənfi ionları daha səmərəli şəkildə istehsal edən daha inkişaf etmiş, yüksək gərginlikli ionlaşdırıcılar mövcud olmuşdur.
Eyni pozğunluğu olan başqa bir qrup da aşağı gərginlikli ionlaşdırıcılarla müalicə aldı.
Araşdırma nəticəsində yüksək gərginlikli ionlaşdırıcı müalicəsi alanların simptomlarında böyük bir azalma ehtimalının digər qrupla müqayisədə daha çox yüksək olduğu tapıldı.
Araşdırmanı idarə edən Kolumbiya Universitetindən Professor Michael Tehan-a görə, şiddətli yağış onun komandasının istifadə etdiyi yüksək gərginlikli ionlaşdırıcılarla bənzər səviyyələrdə mənfi hava ionu istehsal edir.
Lakin indiyə qədər heç bir araşdırmada birbaşa bu nəticənin alınmadığını və ya yağış altında keçirilən vaxtı əhval-ruhiyyədəki dəyişikliklərlə birbaşa əlaqələndirmədiyini vurğulayır.
Daha təmiz hava
Yağış mənfi ionları hava çirkləndiriciləri və allergenlər kimi hissəcikləri təmizləməklə nəfəs almağı asanlaşdırır. Bunun psixologiya və sağlamlıq üçün nəticələri ola bilər. Hava keyfiyyətinin pis olması artan narahatlığa və daha ciddi ruhi sağlamlıq pozğunluqlarının inkişaf riskinin artmasına səbəb olduğundan, təmiz havanın əksinə təsir göstərməsi məntiqlidir.
"Mənfi ionların havadakı toz, bakteriyalar, allergenlər və digər hissəcikləri təmizləyə biləcəyinə dair kifayət qədər yaxşı dəlillər var ki, bu da bir çox insanın tənəffüs sağlamlığına müsbət təsir göstərə bilər", deyə Pam Dalton bildirir.
Mənfi ionların havanı təmizləməkdə nə qədər təsirli olduğu təxminən 10 il əvvələ qədər çox aydın deyildi.
2015-ci ildə aparılan bir araşdırmada tədqiqatçılar yağış damcıları əmələ gətirən şüşə kameraya müxtəlif növ hissəcik maddələri vuraraq bu təsiri kiçik miqyasda yenidən yaratdılar.
Yağış damcıları buxarlandıqdan sonra tədqiqatçılar qalan hissəcikləri topladılar və yağış damcılarının bu materialları həqiqətən cəlb edib-etmədiyini müəyyən etmək üçün onların yerlərini qeyd etdilər.
Onlar daha kiçik yağış damcılarının havadakı hissəcikləri cəlb etməkdə xüsusilə yaxşı olduğunu aşkar etdilər.
Tədqiqata rəhbərlik edən ABŞ-ın İndiana ştatındakı Purdue Universitetinin atmosfer və planetar elmlər professoru Den Çiçzo deyir ki, yağış damcıları yerə dəyəndə, onlara mane olan kiçik hava hissəciklərini "süpürür".
Yağış damcısının içindəki elektrik yükü və ya ionları bu hissəcikləri maqnit kimi cəlb edir və yığılma adlanan süpürmə hərəkəti həyata keçirir.
Çiçzo bunu tikinti qrupunun tozlu əraziyə su çiləməsi ilə müqayisə edir. Havada asılı qalan toz yerə geri itələnir və havanı daha təmiz edir.
Yağışın intensivliyi də vacibdir. "Yağış nə qədər güclü olarsa, atmosferə bir o qədər təmizləyici təsir göstərir", Çiçzo deyir.
Bu təmizlənməyə qıcıqlanma və narahatlıq yaradan müsbət hava ionlarının azalması da daxildir.
Buna görə də növbəti dəfə güclü yağış yağanda, yağış dayanan kimi pəncərələrinizi açmağı düşünün.
Çox güman ki, havanın daha təmiz olduğunu görəcəksiniz.
Şiddətli yağışlar tez-tez soyuq cəbhədən sonra yağdığı üçün müşayiət olunan külək bu təmiz havanın bir hissəsini evinizə apararaq havanın keyfiyyətini yaxşılaşdıra bilər.
Xatirələri oyadan qoxu
Yağışın özünəməxsus qoxusu psixoloji bir təsirə də malik ola bilər. "Petrikor" kimi tanınan bu qoxu fırtınadan sonra yerdən yüksəlir və adətən kəskin və torpaqvari, amma bir növ "təmiz" qoxu kimi təsvir edilir.
Londondakı Kew Bağlarında bitki və göbələk xüsusiyyətləri üzərində araşdırmalar aparan Qrinviç Universitetindən bitki kimyası professoru Phil Stevensona "Petrikor, yağışın yerdən hissəcikləri sərbəst buraxması ilə ortaya çıxır" deyir.
"Quru havalarda bitkilərdən, heyvanlardan və torpaqdan gələn üzvi molekullar səthlərdə toplanır. Yağış damcıları torpağa dəydikdə, uçucu bitki yağları da daxil olmaqla bu molekullar havada uçuşan parçacıqlara ayrılır".

Şəklin mənbəyi, Getty Images
"Təmiz" qoxunun, yağış fırtınasının aşağıya doğru olan hava axınları ilə yer üzünə endirdiyi ozondan qaynaqlandığı düşünülür.
Qoxunun digər bir hissəsi isə, aktinomiset bakteriyalarının torpaqda spor yaradarkən istehsal etdiyi kimyəvi bir birləşmə olan geosmindən gəlir.
Stevenson deyir ki, "yağış yağanda torpaqdan sporlar və o tanış xoş qoxunu yaradan maddə (geosmin) havaya yayılır".
Bu, insanların niyə bu qoxuya bu qədər həssas olduğunu izah edə bilər.
O dərəcədə ki, insanların yağış qoxusuna həssaslığı köpəkbalıqlarının qana olan həssaslığından daha çoxdur.
Elm adamları, petrikoru içməli su bolluğunun işarəsi olaraq qəbul etmək üçün təkamül etdiyimizi və bu qoxunun əcdadlarımızın özlərini güvəndə və sakit hiss etmələrinə yardım göstərdiyini düşünürlər.
Bu qoxuların beyində alfa və beta dalğa fəaliyyətində dəyişikliklərə və daha sakit, daha rahat bir vəziyyətə səbəb olduğu aşkar edilib.
Bu unikal qoxu, həmçinin nostaljiyə səbəb ola bilər.
Düşərgəmdə yaşadığım fırtına təcrübəsi 20 ildən çox əvvəl baş vermişdi, amma hər dəfə yağış yağanda zehnim o günü fövqəladə aydınlıqla xatırlayır.
Qoxu hissinin psixoloji əhəmiyyətini geniş şəkildə araşdıran Dalton deyir: "Yağışın yaxınlaşması qoxusu kimi duyğu təcrübələri, ardınca gələn hisslər, bir çox fərqli yer və ya duyğular haqqında xatirələrimizin fonuna və ya kontekstinə çevrilə bilər."
O, həmçinin deyir ki, istənilən qoxu beynin duyğuları və emosional cəhətdən əhəmiyyətli xatirələri emal etməkdən məsul hissəsi olan amigdalanı aktivləşdirə bilər.
Emosional mərkəzimizlə bu əlaqə qoxularla əlaqəli xatirələrin beyində davamlı və canlı qalmasının səbəbidir. Buna görə də, yağış kimi bir qoxunu yaxşı və ya pis kimi qəbul etməyinizin əhəmiyyəti yoxdur; onu bir şeyə səbəb edən qoxunu hiss etdiyiniz kontekstdir.
Beləliklə, növbəti dəfə açıq pəncərədən yağış qoxusunu udduğunuzda və ya yağışdan sonra gəzinti zamanı uzun müddətdən sonra hansı xatirələrin yadınıza düşdüyünə diqqət yetirin.
Rahatlıq gətirən səs
Sadəcə yağışın qoxusunu almaq və nəfəsə çəkmək deyil, yağışı eşitmək də yaxşı hiss etdirə bilir.
Bu səbəbdən səs maşınlarında tez-tez yağış səsləri olur. Daimi yağan yağış, stres hormonu kortizol səviyyələrini aşağı salaraq sakitlik hissi oyada bilir və narahatedici küyü boğa bilir.
ABŞ-ın Miçiqan ştatındakı Southfield-də ambulator xidmət göstərən klinik audioloq Amy Sarow-ya görə, "su səsləri sinir sisteminin boşalma və sağalma ilə əlaqəli qolu olan parasimpatik sinir sisteminin hərəkətə keçməsi ilə əlaqələndirilir".
"Bu sistem aktivləşdikdə, ürək döyüntüsünün azalması və stres reaksiyalarının zəifləməsi kimi fizioloji təsirlər görə bilirik".
Yaxın keçmişdə aparılan bir araşdırma, yağış səsini yumşaq, yüngül bir yağışa bərabər olan 40-50 desibel aralığında ən təsirli olduğunu və stres səviyyələrini 65%-ə qədər azaltdığını ortaya qoydu.
Sarow-a görə, daha aşağı qəhvəyi səs (brown noise) tezliyinə daxil olan şiddətli yağış səsi, daha sakitləşdirici və sürükleyici bir hiss verə bilir və yuxuya getməyi asanlaşdırmaq üçün narahatedici səsləri boğa bilir.
Əslində hər iki səviyyə də sakitləşdirici təsirlərə malik ola bilir. Sarow bunun, adətən, şəxsi seçimdən asılı olduğunu söyləyir.
Yağış fırtınası məni tam mənasıyla aram hala gətirməsə də, özümü daha yaxşı hiss etməmi və anla daha çox bağlı olmağımı təmin etdi.
İndi hər yağış yağdıqda, bir az daha çox vaxtımı yağışı daha çox duymağa çalışaraq keçirirəm.
Növbəti dəfə hava proqnozunda yağış gördükdə, siz də bu təcrübəyə diqqət yetirməyi düşünün.
Xoş bir sürprizlə qarşılaşa bilərsiniz.



























