Ermənistandakı hadisələr Azərbaycana təsir edə bilərmi? Azərbaycanlı təhlilçilər nə düşünür?
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa YouTube-dan izləyin.
Ermənistan Baş naziri Nikol Paşinyan öz tərəfdarları qarşısında Respublika meydanında etdiyi çıxışından sonra Yerevanın mərkəzi küçələri ilə yürüş keçirib.
Bu gün Baş Qərargah və yüksək rütbəli ordu rəhbərləri onu istefaya çağırıb - Paşinyan bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirdiyini deyib.
O, daha sonra Baş qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.
O, tərəfdarları qarşısına çıxaraq deyib ki, Ermənistanda vəziyyət "gərgin, lakin idarəolunandır". Meydana onu dəstəkləyən yüzlərlə insan çıxıb və Nikol - Baş nazir şüarını səsləndiriblər.
Küçələrdə həmçinin Nikol Paşinyanın tərəfdarları və onun əleyhdarları arasında əlbəyəxa dava olub.
Bəzi təhlilçilər Ermənistandakı hazırkı vəziyyəti "təhlükəli" hesab edirlər.
Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosian Türkiyənin Anews kanalına deyib ki, Yerevanda baş verənlər "çox təhlükəli, ciddi və görünməmiş gərginlikdir".
"Bu, Qarabağ müharibəsində gözlənilməz itkilərin ardından Baş nazir Nikol Paşinyan və hökumətinin istefasına səslənən, əvvəlcədən mövcud olan siyasi böhranın artmasıdır. Ancaq görünməmiş bir şey, ordunun demokratik yolla seçilmiş hökumətə açıq meydan oxumasıdır. Bu, illərlə davam edən sabit mülki-hərbi münasibətlərdən və silahlı qüvvələr üzərində mülki nəzarətdən sonra görünməmiş bir şeydir", Riçard Giragosyan deyib.
"Karnegi Avropa"nın Qafqaz üzrə mütəxəssisi Thomas de Waal-un fikrincə, "Ermənistanda uzun müddətdir davam edən böhran pis vəziyyətə çevrilməkdədir".
"Ordu həmişə siyasətdən kənarda qaldığı üçün təhlükəli baş verənlər dönüşdür. Paşinyan indi vəzifəsində qalmaq üçün kilsə və prezident daxil olmaqla bütün elitaya qarşı durmağa çalışır. Həmişəki kimi, dəstək üçün küçə gücünə müraciət edir", - Thomas de Waal Twitter hesabından yazıb.
Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanda baş verənlərə reaksiya bildirib.
O hesab edir ki, onun təbirincə, Ermənistanı bu vəziyyətə salan onların rəhbərləridir
"İndi baxın, Ermənistan nə gündədir. Orada böhran yaşanır, gündə toqquşmalar, həbslər baş verir, demokratik əsaslar demək olar ki, tamamilə pozulub. Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdı. Onları bu vəziyyətə salan onların rəhbərləridir. Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri - Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət",- İlham Əliyev deyib.
Bəs Ermənistandakı hadisələr Azərbaycana necə təsir edə bilər? Vəziyyət gərginləşməyə davam edərsə, İkinci Qarabağ Müharibəsinin başa çatmasına dair ötən il noyabrın 10-da Rusiya, Azərbaycan, Ermənistan arasında imzalanmış bəyanatın taleyi təhlükə altına düşərmi?
Siyasi təhlilçi Leyla Əliyeva deyir ki, əgər Ermənistanda hakimiyyət dəyişikliyi ssenarisi baş tutsa o zaman 10 noyabr atəşkəs razılaşmasının yerinə yetirilməsi və başqa məsələlər birbaşa Rusiyadan asılı olacaq.
Digər bir azərbaycanlı təhlilçi Şahin Cəfərli hesab edir ki, 10 noyabr atəşkəs bəyanatına hər hansı təhlükə yoxdur.
O bildirib ki, Ermənistanda hakimiyyət dəyişsə belə yeni gələn qüvvələrin 10 noyabr bəyənatından geri çəkilmək niyyətləri yoxdur.
Kreml Ermənistandakı vəziyyətin inkişafını həyəcanla izləyir, bunu yalnız ölkənin daxili işi hesab edir. Bunu bu gün jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi.
Rusiya prezidentinin sözçüsü əlavə edib ki, Moskva hər kəsi sakit olmağa çağırır və vəziyyətin " konstitusional sahəsində qalması lazım olduğunu" düşünür.
Peskov Ermənistandakı vəziyyətlə bağlı sualı cavablandırarkən deyib ki, indi Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına dair üçtərəfli razılaşmanın icrası üçün qarşıda daha vacib vəzifə var.
Ermənistanda 10 noyabr atəşkəs sazişindən sonra dinc etirazlar bu günə kimi davam edir.
Bu gün keçirdiyi özünə dəstək yürüşündə Nikol Paşinyan deyib ki, tərəflər danışıqlarla və təxribatlar olmadan dinc yolla məsələni həll edə bilərlər.
Mitinq tribunasından Paşinyan ordu zabit, əsgər və generallarına "öz işləri ilə - sərhədlərin müdafiəsi və ərazinin bütövlüyü ilə" - məşğul olmaq əmri verib.
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevandakı hadisələrdən "son dərəcə narahat olduğunu" bildirib.
"Şiddətin olmaması vacibdir. Həll edilməli olan aydın daxili problemlər olsa da, nə hərbi, nə də digər təhlükəsizlik strukturları siyasi prosesə qarışmalıdır", - Toivo Klaar Twitter hesabından yazıb.









