Ermənistanın keçmiş Prezidenti deyir ki, rəhbər o olsaydı, "II Qarabağ müharibəsi başlanmazdı"

Robert Koçaryan

Şəklin mənbəyi, VAHRAM BAGHDASARYAN/AFP/Getty Images

Robert Koçaryan əmindir ki, 2020-ci il sentyabrında Ermənistan rəhbəri özü olsaydı, müharibə başlanmazdı, Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Wendy Morton Azərbaycanda səfərdədir, Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib - bu və digər məlumatlar BBC News Azərbaycancanın icmalında.

Ermənistanın ikinci Prezidenti Robert Koçaryan əmindir ki, 2020-ci il sentyabrında Ermənistan rəhbəri özü olsaydı, müharibə başlanmazdı.

"Müharibə o zaman başlayır ki, rəqib böyük ehtimalla öz qələbəsində əmin olur. Bu, müharibəyə çevrilən sərhəd münaqişəsi deyil. Bu, planlaşdırılmış informasiya hücumu və güman ki, kifayət qədər uzun müddət hazırlanmış döyüş əməliyyatlarının başlanğıcı olub", - Koçaryan Sputnik Armenia agentliyinə müsahibəsində deyib.

Koçaryanın rəhbərliyi dövrdə müharibə başlansaydı belə, onun sözlərinə görə, "total səfərbərlik və ehtiyatlar o dərəcədə cəmləşdirilərdi ki, şübhəsiz, düşmən sadəcə dayandırılardı".

Koçaryan müharibənin nəticələrinə Ermənistan rəhbərliyinin müharibədən əvvəl və müharibə zamanı "bir sıra səhv addımlarının" səbəb olduğunu bildirir.

"Diplomatik cəbhədə tam uğursuzluqlar, danışıqlar çıxılmaz vəziyyətə salınmışdı. Bu, siyasi təcrübəsi, geosiyasi reallıqlardan təsəvvürü olmayan, bu günlə yaşayan və başlıca qayğıları Facebook-da topladıqları like-ların sayı olan insanların küçədən hakimiyyətə gəlməsinin nəticəsidir", - Koçaryan deyib.

Onun sözlərinə görə, mövcud hakimiyyət təhlükəsizliyin möhkəmləndirilməsi üçün bir iş görməyib, təhlükələri neytrallaşdırmaq üçün diplomatik səylər göstərilməyib: "Bu insanlar [mövcud iqtidar] virtual reallıqda yaşayıb və erməni xalqı bunun dəhşətli nəticəsini ödəyir".

"44 gün insanlara yalan deyiblər ki, biz qalib gəlirik. Son günədək məğlub olduğumuzu, külli qurbanlarımız, həlak olmuş, yaralılarımız olduğunu, vətənimizi itirdiyimizi anlamamışıq. İnsanlar bunu bilsəydi, səfərbər olardı", - Koçaryan deyib.

Koçaryan Ermənistan-Rusiya əlaqələrinin "dərinləşməsini" istəyir

Ermənistana Rusiya ilə daha dərin qarşılıqlı əlaqələr qurmaq haqqında düşünməyə dəyər, Sputnik Armenia agentliyinə müsahibədə Ermənistanın sabiq Prezidenti Robert Koçaryan bəyan edib.

"Ciddi inteqrasiya haqqında danışmaq lazımdır. Dünyanın regionlaşması baş verir. Qlobal proseslər hansısa regional inteqrasiya prosesləri ilə əvəz olunmaqdadır. Və bu mənada Ermənistana Rusiya ilə daha dərin qarşılıqlı əlaqələr haqqında düşünməyə dəyər. Hazırda olduğundan daha dərin", - Koçaryan deyib.

Onun sözlərinə görə, müasir Ermənistana xalqı və dövlətçiliyini qoruyub saxlamaq üçün "təcili dəyişikliklər" gərəkdir və məhz buna görə o, "böyük siyasətə qayıdıb".

Wendy Morton

Şəklin mənbəyi, Wendy Morton/Twitter

Böyük Britaniyanın dövlət naziri Azərbaycanda qadın sığınacağına baş çəkib

Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Wendy Morton Azərbaycan səfəri zamanı ölkədə qadın hüquqlarını müzakirə etmək üçün vətəndaş cəmiyyəti liderləri və siyasətçilərlə görüşüb.

Wendy Morton Bakıdakı qadın sığınacağına baş çəkib.

Britaniya rəsmisi söyləyib ki, gender əsaslı zorakılıq "dünyanın çox böyük problemidir".

O, Azərbaycanda məişət zorakılığına qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının qəbul olunmasını alqışlayıb və ən qısa zamanda İstanbul Konvensiyasını imzalamağı "qətiyyətlə tövsiyyə edib".

"Bu gün Bakıda qadın hüquqlarını təşviq və qadınların perspektivlərinin hər səviyyələrdə eşidilməsini təmin etmək üçün nazirlər, millət vəkilləri və fəallarla birlikdə müzakirələr aparıram. Azərbaycanda qadınların ümumi seçki hüququnu Birləşmiş Krallıqdan 9 il əvvəl əldə etməsi möhtəşəmdir, lakin bərabərliyə nail olmaq üçün görüləsi işlər də hələ də çoxdur", - Wendy Morton söyləyib.

Wendy Morton Twitter hesabından yazıb ki, o, Azərbaycanda qadın hüquqlarının inkişafı üçün Azərbaycan Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edəcək:

"Salam Bakı, Azərbaycan! Azərbaycana səfər edən Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri olaraq, qadınların hüquqlarını inkişaf etdirmək üçün onların biznes və siyasətdə daha çox imkanlara sahib olmasını və zorakılıqdan qorunmasını təmin etmək məqsədilə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə yaxından əməkdaşlıq edəcəyəm", - Wendy Morton qeyd edib.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

yanğın

Şəklin mənbəyi, APA

Sumqayıtda yanğın

Bazar ertəsi günü Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib, bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyi yanğının binanın mansard hissəsində yerləşən mənzildə çıxdığını bildirib.

Qurumun məlumatında deyilir ki, yanğın nəticəsində mansardda məskunlaşan, Qubadlı rayon sakini, 1972-ci il təvəllüdlü Məzahir Əhmədov yanaraq ölüb.

Təhsil Nazirliyi, əyani dərslər

Şəklin mənbəyi, Təhsil Nazirliyi

Bəzi məktəblərdə əyani dərslər başlayır

Bu gündən Azərbaycanın bəzi şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı sosial məsafəni gözləməyə imkan verən ümumi təhsil müəssisələrində əyani dərslər başlayır.

Təhsil Nazirliyi açıqlayıb ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında I-IX sinif şagirdləri məktəbə gedəcəklər.

Nazirlik bildirib ki, ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris I-IX siniflər üzrə həftədə 5 dəfə, bu məsafəni gözləməyə imkan verməyən məktəblərdə isə həftədə 3 dəfə keçiriləcək.

Qurum qeyd edib ki, Nazirliyin tabeliyindəki və ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən uşan-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.

mina

Şəklin mənbəyi, Anadolu Agentliyi

Cəbrayılda bir nəfər minaya düşüb, iki nəfər axtarılır

Cəbrayıl rayon prokurorluğu itkin düşən şəxsin minaya düşdüyünü bildirib.

Qurum açıqlayıb ki, fevralın 4-də Füzuli rayon sakini Şahin Quliyev Füzuli rayon polis şöbəsinə müraciət edərək qardaşı Mehman Quliyevin, rayon sakinləri İlqar Əhmədovun və Müstəqim Ələsgərovun itkin düşmələri barədə məlumat verib.

Prokurorluq bildirib ki, aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus "VAZ 2106" markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlamadığı müəyyən olunub.

Qeyd olunur ki, hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar edilib, digər iki nəfərin axtarışları isə davam etdirilir.