Qarabağda "Monitorinq Mərkəzi yaxın 10 günə - maksimum iki həftəyə hazır olacaq", Qazprom Ermənistana qaz tədarükü müqaviləsinin "müddətini uzadıb"

Şəklin mənbəyi, Azertag
Prezident İlham Əliyev bu gün Türkiyə müdafiə nazir Hulusi Akarla görüşüb, Qazprom Ermənistana qaz tədarükü müqaviləsinin "müddətini uzadıb", Şahdənizdən Avropaya qaz nəqlinə start verildi, Bakıda səfərdə olan Türkiyə müdafiə naziri Hulusi Akar iştirak etdiyi tədbirdə Qarabağda atəşkəsə nəzarət üçün qurulan Rusiya-Türkiyə ortaq mərkəzindən danışıb, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Prezident Əliyev: "Qarabağda Monitorinq Mərkəzi yaxın 10 günə - maksimum iki həftəyə hazır olacaq"
Prezident İlham Əliyev bu gün Türkiyənın milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
O, görüşdə Qarabağda erməni silahlılarının qalması barədə danışıb.
"Eyni zamanda, erməni silahlı qüvvələri tərəfindən ara-sıra atəşkəs pozulur və əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var."
Onun sözlərinə görə, azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə tabe deyillər, onların bir çoxu zərərsizləşdirlib, bir çoxu həbs edilib.

Şəklin mənbəyi, Azertag
"Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar. Onlara imkan verildi. O cümlədən Rusiya sülhməramlı qüvvələri bu işlərə qoşularaq, imkan verildi ki, onlar o bölgələrdən çıxsınlar. Bu təklifə riayət edənlər çıxdılar və Ermənistan tərəfinə təhvil verildilər, ancaq bir qisim hələ də qalır və bizə qarşı terror aktları törədir. Buna baxmayaraq bütövlükdə atəşkəs saxlanılır…", Prezident Əliyev qeyd edib.
Cənab Əliyev həmçinin qeyd edib ki, üçtərəfli dəhlizinin formalaşmasına dair də ilkin tapşırıqlar verilib.
"Bununla paralel olaraq biz hazırda Azərbaycan, Ermənistan, Türkiyə dəhlizinin formalaşmasına da böyük önəm veririk, ilkin tapşırıqlar verildi. Biz yaxın günlərdə Horadizdən Zəngilana qədər, Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq, artıq texniki-iqtisadi əsaslandırma hazırlanır. Qısa müddət ərzində müvəqqəti olaraq Horadizdən Zəngilana qədər yol da çəkildi, mən özüm o yolla getmişəm, rahat, yüksək sürətlə getmək olar. Hesab edirəm ki, dəmir yolunun tikintisi maksimum 2 il çəkəcək".
Lakin o qeyd edib ki, bu tarixi gözləmədən dəmir yolu ilə Horadizə qədər, ondan sonra tırlarla daşımalar aparıla bilər.
O bunu gündəlikdəki "vacib məsələ" adlandırıb.
"Hesab edirəm və əminəm ki, biz artıq Azərbaycandan Ermənistan və Naxçıvan ərazisindən Türkiyəyə ilk yükləri göndərə və əks istiqamətdən qəbul edə bilərik. Beləliklə noyabrın 10-da imzalanmış Bəyanatın önəmli hissəsi olan Naxçıvan dəhlizinin açılması da həyata keçiriləcəkdir".
Türkiyə-Rusiya Monitorinq Mərkəzi məsələsinə toxunan İlham Əliyev Azərbaycan tərəfinin hazırda Ağdam bölgəsində bu Monitorinq Mərkəzi üçün bina inşa etdiyini qeyd edib.
"Bu Monitorinq Mərkəzi yaxın 10 günə - maksimum iki həftəyə hazır olacaqdır. Bildiyimə görə, artıq Türkiyə tərəfi də fəaliyyətə başlamaq üçün tam hazırdır. Yəqin ki, siz Rusiya tərəfi ilə də təmaslardasınız, Monitorinq Mərkəzi nə qədər tez fəaliyyətə başlasa o qədər də yaxşıdır."
Onun sözlərinə görə, müharibədən təxminən iki ay keçməsinə baxmayaraq, hələ də təhdidlər, təhlükələr var.
"Nəzarətsiz erməni silahlı birləşmələri bizim ərazimizdə fəaliyyət göstərirlər və onların bir hissəsi çıxmaq, təslim olmaq istəmirlər. Ona görə, bu təhdidi aradan qaldırmaq və gələcəkdə bütövlükdə bölgəmizdə sülhün, sabitliyin təmin edilməsi üçün Monitorinq Mərkəzi mütləq olmalıdır."
Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib ki, "Ortaq Mərkəzin fəaliyyətə başlamasından sonra Naxçıvan ilə Zəngilan arasında kommunikasiya xətti qurulacaq ki, bu da qardaşların bir-biri ilə sıx əlaqəsi - Türkiyənin, Naxçıvanın və Azərbaycanın fiziki olaraq bir-birinə bağlanması baxımından çox önəmlidir."
Cənab Əliyev həmçinin bildirib ki, 2021-ci il Azərbaycan üçün böyük quruculuq ili olacaq.
Azərtac yazır ki, prezident İlham Əliyevin görüşdüyü nümayəndə heyətinə Türkiyəli nümayəndə heyətinə cənab Akardan başqa, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Ümit Dündar və Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxil olub.
Qazprom Ermənistana qaz tədarükü müqaviləsinin "müddətini uzadıb"

Şəklin mənbəyi, TASS/Getty Image
Qazprom şirkəti Ermənistana qaz təchizatı üzrə müqavilənin müddətini gələn ilin birinci rübü üçün uzadıb, Rusiya şirkətinin yaydığı açıqlamada deyilir.
Məlumata əsasən, bundan sonrakı dövr üçün tədarüklə bağlı danışıqlar davam etdiriləcək.
Ermənistandakı istehlakçıları qazla "Qazprom Armenia" şirkəti təchiz edir.
Ötən ilin yanvar ayından Ermənistana verilən Rusiya qazının qiyməti 1 min kubmetr üçün 189 dollardan 165 dollara yüksəlib.
Mart ayının sonunda Qazproma müraciət edən Ermənistan hökuməti iqtisadi vəziyyətin pisləşməsiylə bağlı qiymətin endirilməsini müzakirə etməyi təklif edib.
Şahdənizdən Avropaya qaz nəqlinə start verildi

Şəklin mənbəyi, SOCAR
Xəzər dənizindəki Şahdəniz yatağından Avropaya Cənub Qaz Dəhlizi (CQD) ilə kommersiya qaz nəqli başlanıb, bu barədə Şahdənizin operatoru olan BP şirkəti bildiir.
"CQD-nin son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz nəqlinin başlanması Azərbaycandan Avropaya uzanan 3500 km uzunluğunda CQD qaz dəyər zəncirinin tam inteqrasiya olunduğunu bildirir, - BP-nin yaydığı açıqlamada deyilir. - CQD Şahdəniz yatağından başlayır və ilk dəfə olaraq Xəzərin enerji ehtiyatlarını birbaşa Avropa bazarlarına çatdırmaq üçün inşa olunub".
Bu layihə, Avropanın Rusiya enerjisindən asılılığını məhdudlaşdırmaq səyləri çərçivəsində Avropa Komissiyası tərəfindən dəstəklənir.
Şahdəniz yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayib. Hazırda hasil olunan 10 milyard kubmetrdən artıq qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. Şahdənizin ikinci mərhələsi 2018-ci ildən hasilata başlayıb və sabit ən yüksək hasilat zamanı ildə 16 milyard kubmetr qaz əlavə etməklə yatağın ümumi qaz hasilatını ildə 26 milyard kubmetrə çatdıracaq, BP bildirir.
Şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti qaz ixracını tarixi hadisə adlandırıb.
"Bu tarixi bir hadisədir - Azərbaycanla Avropa indi birbaşa, təhlükəsiz və etibarlı eneji xətti ilə birləşmişdir. Bu, bir daha sübut edir ki, biz birlikdə ən mürəkkəb meqa layihələri də uğurla həyata keçirə bilərik," - Gary Jones deyib.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və 1999-cu ildə kəşf olunan Şahdəniz yatağı bp tərəfindən bu vaxtadək aşkar edilmiş ən böyük qaz yatağıdır.
Türkiyə müdafiə naziri Azərbaycandadır

Şəklin mənbəyi, Azertag
Bakıda səfərdə olan Türkiyə müdafiə naziri Hulusi Akar iştirak etdiyi tədbirdə Qarabağda atəşkəsə nəzarət üçün qurulan Rusiya-Türkiyə ortaq mərkəzindən danışıb.
O, mərkəzdə çalışacaq türk əsgərlərinə xitabən deyib ki, onlar vəzifələrini yerinə yetirməyə hazırdırlar.
"Bu Ortaq Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək və türk-rus əsgərləri ilə birlikdə çalışmaqla, azərbaycanlı qardaşlarımızın hüquq və haqlarını qorumaq vəzifəmizi yerinə yetirəcəyik," Anadolu agentliyi ondan sitat gətirib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində keçirilən "Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!" adlı tədbirdə azərbaycanlı və türk hərbçilər iştirak ediblər.

Şəklin mənbəyi, Azertag
Tədbirin rəsmi hissəsi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, nazirlik bildirib.
Bundan başqa, bildirilir ki, Türkiyə Prezidenti Recep Tayyib Erdoğan telefonla əlaqə saxlayaraq iştirakçıları salamlayıb.
Hulusi Akar 29 dekabrda biri general olmaqla, 35 türkiyəli hərbçinin artıq Azərbaycana göndərildiyini və onların ortaq mərkəzin fəaliyyətə başlamasından sonra dərhal vəzifələrinə başlayacaqlarını söyləyib.








