Hulusi Akar: "35 zabit Azərbaycana gedib", Lavrov Çavuşoğlu ilə Qarabağa "xarici muzdlu əsgərlərin daxil olmaması"nı müzakirə edib

Şəklin mənbəyi, Anadolu Agentliyi
Bu gün Hulusi Akar Ortaq Mərkəzin fəaliyyətə başlamasından sonra 35 türkiyəli zabitin Azərbaycana gəldiyini açıqlayıb, Türkiyə və Rusiya xarici işlər nazirləri Rusiyanın Soçi şəhərində keçiriləcək sammitdə Qarabağı müzakirə ediblər, İraqdan Azərbaycana 194 uşaq qaytarılıb, 2021-ci il üçün yaşayış minimumu 3,1, ehtiyac meyarı 6.3 faiz artırılıb, Daxili İşlər Nazirliyi bayramla əlaqədar bölgələrə getmək istəyənlərə xəbərdarlıq edib, Rusiya Müdafiə Nazirliyi bildirib ki, Xocavənd rayonunun Tuğ kəndində "atışma barədə məlumatlar yoxlanılır" - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar çərşənbə axşamı günü Türkiyə Azərbaycan Ortaq Mərkəzinin inşasının başa çatması və fəaliyyətə başlamasından sonra 35 türkiyəli hərbçinin Azərbaycana göndərildiyini açıqlayıb.
Akar hərbçilərin Azərbaycanda olduğunu, "hazırda gözlədiklərini" bildirib.
"Ortaq Mərkəzin inşasının bitməsi və fəaliyyətə başlamasından sonra biri general olmaqla 35 zabit dərhal vəzifəsinə başlayacaq," - Akar deyib.
Akar həmçinin "bölgədəki əldəqayırma partlayıcılarla mübarizə çərçivəsində Türk Silahlı Qüvvələrinin Azərbaycana göndərilmiş bir qrupunun fəaliyyətini davam etdirdiyini vurğulayıb.
O, Türkiyənin bundan sonra da "haqlı mübarizəsində Azərbaycanın yanında olacağını, əlindən gələn dəstəyi" Azərbaycana göstərəcəyini bəyan edib.
Lavrov Çavuşoğlu ilə Qarabağa "xarici muzdlu əsgərlərin daxil olmaması"nı müzakirə edib

Şəklin mənbəyi, Anadolu Ajansı
Rəsmi Ankara Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya birgə mərkəzinin tez müddətdə yaradılacağını düşünür.
Bu barədə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu çərşənbə günü Soçidə Rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
"Qarabağ haqda danışsaq, görürük ki, atəşkəs rejimi tətbiq edilib. Ümid edirik ki, ən qısa zamanda atəşkəs rejiminə nəzarət edəcək birgə monitorinq mərkəzi yaradılacaq", - Tass agentliyi Mevlüt Çavuşoğluna istinadən yazır.
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya və Türkiyə Dağlıq Qarabağdakı vəziyyətin regiona "xarici muzdlu əsgərlərin daxil olması üçün istifadə edilməməsi" barədə həmfikirdirlər.
Lavrov rəsmi Ankaranın münaqişə tərəflərinə öz öhdəliklərini yerinə yetirməsinə kömək etmək istəyini alqışladığını söyləyib.

Şəklin mənbəyi, Reuters
İraqdan Azərbaycana 194 uşaq qaytarılıb
Bu il İraqdan Azərbaycana 194 azərbaycanlı uşaq qaytarılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasında deyilir ki, İraq həbsxanalarında və uşaq evlərində yaşayan 194 Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar Azərbaycana qayıdıb və müvafiq reabilitasiyadan sonra yaxınlarının himayəsinə verilib.
2014-cü ildə özünü İslam Dövləti (İD) adlandıran təşkilat İraqın şimalında və qərbində "xəlifəlik" elan etdikdən sonra minlərlə xarici, o cümlədən bəzi Azərbaycan vətəndaşları yaşamaq üçün İraqa və Suriyaya gedib.
2017-c ildə Azərbaycan təhlükəsizlik orqanları 900-ə yaxın azərbaycanlının və onların ailə üzvlərinin bu münaqişələrə qoşulması barədə onlarda məlumat olduğunu açıqlayıb.
Azərbaycan İD-ə qoşulmuş azərbaycanlıları "terrorçu təşkilatlara qoşulma" kimi dəyərləndirərək onların bəzilərini Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb etmiş, bəziləri "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə ölkə vətəndaşlığından məhrum ediliblər.
İD-ə qarşı keçirilmiş beynəlxalq anti-terror əməliyyatlarından sonra ailə başçısını itirmiş bəzi cihadçı ailələrində azərbaycanlı uşaqların və qadınların olması ilə bağlı məlumatlar yayılmış, Azərbaycan hökuməti bu məsələni araşdırdığını bildirmişdi.
Növbəti il üçün yaşayış minimumu 6, ehtiyac meyarı 10 manat artırılıb

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 6 manat və ya 3,1 faiz artırılaraq 196 manat məbləğində müəyyən edilib.
2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində proqnozlaşdırılır.
Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulub.
Milli Məclis qanun dəyişiklikləri nəzərdə tutan qanun layihəsini dekabrın 29-da keçirilən iclas zamanı üçüncü oxunuşda səsə qoyaraq qəbul edib.

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images
DİN bayramda bölgələrə getmək istəyənlərə müraciət edib
Daxili İşlər Nazirliyi bölgələrə rayona getmək istəyənlərə xəbərdarlıq edib.
Qurum bildirib ki, son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı "ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri" müşahidə olunur.
Nazirlik açıqlayıb ki, verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə həftəsonu və bayram günləri xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş və ya çıxış etməyə cəhd edənlər karantin postlarından buraxılmayacaqlar.
DİN qeyd edib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların inzibati ərazilərində, o cümlədən istirahət mərkəzlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən mütəmadi reydlər keçiriləcək və bu zaman iş icazələrindən sui-istifadə edərək istirahət mərkəzlərində olan şəxslər aşkar ediləcəyi təqdirdə belə icazələr ləğv ediləcək, onlar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar.

Şəklin mənbəyi, Anadolu Ajansı
Mevlüt Çavuşoğlu Sergey Lavrovla Qarabağı müzakirə edəcəklər
Türkiyə və Rusiya xarici işlər nazirləri çərşənbə axşamı günü Rusiyanın Soçi şəhərində keçiriləcək sammitdə Qarabağı müzakirə edəcəklər.
Tass agentliyi yazır ki, bu dəfəki görüşdə Dağlıq Qarabağ münaqişəsinə, xüsusən də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatının həyata keçirilməsinə və humanitar yardım göstərilməsinə xüsusi diqqət ayrılacağı gözlənilir.
Görüşdə həmçinin Qarabağda sülhün saxlanılmasına nəzarət edəcək Türkiyə-Rusiya birgə müşahidə mərkəzi barədə məsələlərin də müzakirə ediləcəyi bildirilir.
Rusiya Xocavənddəki "atışma barədə məlumatları yoxlayır"
Rusiya Müdafiə Nazirliyi bildirib ki, dekabrın 27-də Xocavənd rayonunun Tuğ kəndində atışma barədə məlumatlar "yoxlanılır".
Azərbaycan Müdafiə Nazirliyi baş vermiş hücum nəticəsində bir Azərbaycan hərbçisinin həlak olduğunu bildirmişdi.
Azərbaycan MN-in açıqlamasına görə, dekabrın 27-si günorta saatlarında baş vermiş hücum "Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə" tərəfindən olub.
"Əsgər Elmir Qənbərov şəhid olub, əsgər Emin Əliyev isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur,"- Müdafiə Nazirliyi bildirmişdi.
Rusiya Müdafiə Nazirliyi yoxlamalar barədə ətraflı məlumat verməsə də, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda 23 müşahidə məntəqəsində monitorinq apardığını və atəşkəsin tətbiqinə nəzarət etdiyini açıqlayıb.
Nazirlik bildirib ki, baş verə biləcək hadisələrin qarşısının alınması üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə mütəmadi olaraq əlaqə saxlanılır.
Müdafiə Nazirliyi Zəngilanın İkinci Ağalı kəndindən görüntülər paylaşıb
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun İkinci Ağalı kəndindən görüntü paylaşıb.
İkinci Ağalı kəndi oktyabrın 28-də işğaldan azad edilib.








