İlham Əliyev: "Həmin o "İskəndər" raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb"

İlham Əliyev

Şəklin mənbəyi, President.az

Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ müharibəsində Azərbaycana "İskander" raketi atıldığını etiraf etməsinin ardınca bildirib ki, Azərbaycan həm müharibə dövründə, həm də müharibədən əvvəl Ermənistana nə qədər "pulsuz silah verildiyini" bilir.

"Həmin o İskəndər" raketlərini Ermənistan pulla alıb?" - İlham Əliyev sual edib.

"İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirirdi. Həmin o "İskəndər" raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb. "Elbrus", "Toçka-U", "Skad" raketlərini pulla alıb? Pulsuz alıb. "S-300", hansı ki, biz yeddisini məhv etmişik, onlar da pulsuz verilib, tanklar da, toplar da, digər hava hücumuna qarşı sistemlər də. Biz onların hamısını məhv etmişik. Ermənistan ordusu yoxdur, bitib, qurtarıb", - Azərbaycan Prezidenti qeyd edib.

İlham Əliyev deyib ki, Ermənistan Azərbaycanın müxtəlif ərazilərinə raket atmaqla ölkəni "təxribata təhrik edirdi".

O, bu raketlərdən bəzilərinin döyüş bölgəsindən uzaq ərazilərə atılmasını da vurğulayıb.

"Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Görün, Xızını döyüş bölgəsindən neçə kilometr məsafə ayırır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı".

İlham Əliyev deyib ki, Ermənistan Prezident söyləyib ki, Ermənistanın müttəfiqləri onların ordusunu "yenidən canlandırmaq və modernləşdirmək istəyir" və sual edir ki, müharibə başa çatdığı halda ordu "nəyə görə və kimə qarşı" canlanacaq?

Serj Sarkisyan və Nikol Paşinyan

Şəklin mənbəyi, VANO SHLAMOV/AFP/Getty Images

Şəklin alt yazısı, Serj Sarkisyan (solda) və Nikol Paşinyan (sağda)

Nikol Paşinyan Azərbaycana "İskander" atılması barədə nə deyib?

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin keçmiş Prezidenti Serj Sarkisyanın "İskander" Rusiya raket kompleksinin 44 günlük Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavab verib.

Ötən həftə ArmNews televiziya kanalına müsahibəsində Serj Sarkisyan demişdi ki, müharibənin 3-cü-4-cü günü Ermənistanın "İskander" raket kompleksindən nə üçün istifadə etmədiyini anlamır.

"1in.am" portalın müxbirinin: Sarkisyanın bu eyhamı baş nazirə mi ünvanlanıbmış? - sualını cavablandıran Paşinyan deyib: "Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş [Searj Sarkisyan nəzərdə tutulur] gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə "İskander"-dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb?".

İkinci Qarabağ Müharibəsinin son gecəsində - 2020-ci il noyabrın 10-da Bakı yaxınlığına raketin düşməsi barədə məlumatlar yayılsa da, Azərbaycanda hakimiyyət bu məsələ barədə indiyə qədər şərh verməyib. Bəzi məlumatlarda, Ermənistanın Bakı yaxınlığına "İskander" raketi atdığı və Azərbaycanın havadan müdafiə sistemlərinin onun qarşısını aldığı deyilirdi.

Ermənistan Baş naziri ilk dəfədir ki, bu barədə danışıb və raketin atıldığını etiraf etsə də, onun tam olaraq partlamadığını blidirib.

Ermənistanda Rusiyameylli media və siyasətçilər Paşinyanın bu sözlərini tənqid edib və Rusiya istehsalı olan "İskander" raketlərinin yararsız olmasına işarə vurmasını Ermənistan-Rusiya münasibətləri üçün faydalı olmadığını bildirib.

İlk dəfə Qarabağ müharibəsi zamanı "İskander" kompleksinin istifadə olunması barədə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Hakobyan danışıb.

O, ötən ilin noyabrında jurnalistlərlə görüşü zaman müharibənin son günləri "İskander"- lərdən istifadə edildiyini bildirmişdi. Sabiq prezident Sarkisyan isə öz son müsahibəsində raketlərin Şuşaya yönəldildiyini demişdi.

Lakin bu günədək Ermənistanın siyasi və hərbi rəhbərliyi bu raket kompleksindən istifadə edildiyi haqqında məlumatları heç vaxt təsdiqləməmişdi.

Rusiya Müdafiə Nazirliyi Paşinyanın siyasi böhrana səbəb olan iddialarını "rədd edib" və bildirib ki, Qarabağ müharibəsində "İskander" ballistik raketlərindən istifadə edilməyib.

"Görünür, Baş nazir cənab Paşinyan yanıldılıb və beləliklə səhv məlumatlardan istifadə edib", - Nazirliyin məlumatında deyilir.

erməni əsgər

Şəklin mənbəyi, ARIS MESSINIS/AFP/Getty Images

Etirazlar

Ermənistan hərbi hissələrindən birində bir qrup müddətli həqiqi hərbi xidmət keçən əsgərin məzuniyyətdən sonra hərbi hissəyə qayıtmaq istəməyib.

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, fevralın 23-də bir qrup hərbçi və onların qohumları əsgərlərin qulluq etdikləri hərbi hissəyə qayıtmasına maneə olmağa çalışıblar. Nəticədə hərbi hissənin ərazisində iğtişaş baş verib, bəzi əsgərlər isə, fürsətdən istifadə edərək hərbi hissənin ərazisini tərk edib.

Hərbi hissənin rəhbərliyi hadisə ilə bağlı xidməti araşdırma başlyıb, hərbi polis fərarilik etmiş əsgərləri axtarır, onların barəsində cinayət işləri qaldırıllıb.

Ermənistan Müdafiə Nazirliyi hadisəni müzakirə etdiyi və vətəndaşları silahlı qüvvələrin döyüş qabiliyyətini şübhələyən və müharibədən sonrakı dövrdə döyüş tapşırıqların yerinə yetirilməsini əngəlləyən bu kimi hərəkətlərdən çəkinməyə çağırır.

Ermənistan, Yerevan

Şəklin mənbəyi, Yerevan Today

Ermənistanda etirazçılar universitet binasına daxil olublar

Yerevanda müxalifət tərəfdarları yeni etiraz taktikasını tətbiq etməyə başlayıb. Onlar təşkil etdikləri itaətsizlik tədbirlərinin keçirilməsinin vaxtı və yeri barədə məlumat verməmək qərarına gəliblər.

Çərşənbə günü onlarla müxalifət nümayəndəsi Yerevan Dövlət Universitetinin binasına daxil olub, tələbə və müəllim heyətini vətəndaş itaətsizlik aksiyalarına qatılmağa çağırıblar.

Onlar "Müəllimlər, birləşin", "Tələbələr, birləşin", "Nikolsuz Ermənistan", "Torpaqları təhvil verən, rədd ol" şüarları səsləndirərək auditoriyalara daxil olublar.

Fevralın 23-də müxalif "Vətənin xilası hərəkatı" növbəti mitinqi zamanı bəyan edib ki, paytaxt Yerevanın müxtəlif yerlərində kütləvi aksiyalar keçirməyə başlayacaqlar.

Cümə axşamı, fevralın 25-də isə hərəkat tərəfdarları baş nazir Paşinyanın istefası tələbilə Ermənistan rayonlarına avtomobil yürüşü təşkil etməyə hazırlaşır.

avtobus

Hansı istiqamətlərdə nəqliyyatın hərəkətində çətinliklər var?

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa YouTube-dan izləyin.

Bəzi istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir, Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev açıqlayıb.

O bildirib ki, hazırda meterioloji amillər səbəbindən Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri), Günəşli, Hövsan, Şüvəlan, Binə, Badamdar, Xırdalan, Müşviq, Mehdiabad, Digah, Masazır dairəsi, Kürdəxanı yolu, Məmmədli və Yanardağ yolu, Biləcəri enişi, Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti, Baksol yolu, Zığ yolu, Salyan şossesi, Bibiheybət yolu və Bakı dairəvi yol adlanan ərazilərdə nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var.

Paytaxtda avtobuslar işləsə də, yolların buz bağlaması səbəbilə gecikmələr və sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyi (BNA) bütün müntəzəm marşrut xətləri üzrə avtobusların qrafikə uyğun xəttə çıxdığını bildirib.

Qurum avtobusların təhlükəsizlik məqsədilə "minimal sürətlə" hərəkət etdiyini qeyd edib.

BNA-nın sözçüsü Mais Ağayev bildirib ki, hazırki hava şəraitində sərnişinlərin yolda qalmaması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların "aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi" qərara alınıb.

"Azərbaycan Hava Yolları" Heydər Əliyev Beynəlxalq Aeroportun "adi qaydada işlədiyini" açıqlayıb.

Avtobusda sıxlıq yaşayan bəzi paytaxt sakinləri metronun "müvəqqəti fəaliyyət göstərməsini" istəyiblər.

Bakı Metropoliteninin sözçüsü Bəxtiyar Məmmədov BBC News Azərbaycancaya hələlik bu barədə qərar olmadığını bildirib.

"Metronun bağlanması hava şəraitinə yox, koronavirusa görə olduğuna görə, pandemiya dövründə metronun sərnişindaşıma fəaliyyəti ilə bağlı bütün qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir".

Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov hələlik bu barədə qərarın olmadığını bildirib.

Qar, Bakı, bu gün

Qarlı havada xəsarət alanlar

Bu gün saat 13:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası açıqlayıb.

Onlardan 10 nəfərinin kişi, 12-nin isə qadın olduğu bildirilir.

Məlumatda deyilir ki, xəsarət alanların ikisinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

yataqxana yanğın

Şəklin mənbəyi, Report

Yataqxanada yanğın baş verib

Bakının Yasamal rayonunun Tbilisi prospektində yerləşən və məcburi köçkünlərin yaşadığı yeddimərtəbəli yataqxana binasındakı yanğın söndürülüb, Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlayıb.

Qurum bildirib ki, binanın damında ümumi sahəsi 250 m² olan yaşayış sahəsinin (artırma tikililər) yanar konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 m² sahədə yanıb.

Qar, Bakı, bu gün

Qarlı hava sabah səngiyəcək

Ölkə ərazisində qarlı hava sabah səngiyəcək, Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, respublika ərazisində bu gün gün ərzində əlverişsiz hava şəraiti davam edəcək, fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq. Fevralın 25-i səhər saatlarından isə proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək.

Umayra Tağıyeva söyləyib ki, hava şəraitinin kəskin dəyişməsi Azərbaycana çox soyuq hava kütlələrinin daxil olması ilə əlaqədardır.

"Demək olar ki, respublikanın əksər rayonlarına qar yağıb. Bakıda və Abşeron rayonunda qar örtüyünün hündürlüyü 5 santimetrə yaxınlaşıb. Ən çox qar Respublikanın Böyük Qafqaz rayonlarında qeydə alınıb ki, burada qar örtüyü yarım metrə çatıb. Küləyin maksimal sürəti rayonlarda saniyıədə 28 metrə, Bakıda və Abşeron rayonlarında 25-28 metrə çatıb ki, bu da açıq dənizdə dalğanın hündürlüyünün 6 metrə qədər inkişafına səbəb olub", Umayra Tağıyeva açıqlayıb.