İran Prezidenti Məsud Pezeşkian niyə üzr istədi?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Amir Azimi
- Vəzifə, BBC Farsca
- Oxuma vaxtı: 5 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İranın Prezidenti Məsud Pezeşkian ölkənin müvəqqəti rəhbərliyi çərçivəsində şənbə səhəri etdiyi çıxış zamanı İranın qonşu ölkələrinə qarşı son hücumlara görə üzr istədikdə bir çox müşahidəçiləri təəccübləndirdi.
Dövlətlər arasında üzr istəmək nadir hallarda baş verir, xüsusilə də aktiv münaqişə zamanı və istifadə olunan ifadə diqqət çəkdi.
Liderlər, adətən, "təəssüf edirik" kimi ifadələr işlədir və ya məsuliyyətdən uzaqlaşmağa çalışırlar.
Pezeşkian isə birbaşa olaraq qonşu ölkələrin hədəf alındığını qəbul etdi və bildirdi ki, İran qüvvələrinə artıq bu ölkələrə qarşı hücumları dayandırmaq tapşırılıb: yalnız həmin ölkələrin ərazisindən İrana hücum edilərsə, vəziyyət dəyişə bilər.
"Qonşu ölkələrə edilən hücumlara görə üzr istəməyi zəruri hesab edirəm. Bizim qonşu ölkələri işğal etmək niyyətimiz yoxdur", - Prezident deyib.
Bu isə ilk sualı ortaya çıxarır: bu, həqiqətən səmimi bir üzrxahlıq idi, yoxsa başqa səbəbi var və niyə məhz indi?
Ehtimallardan biri budur ki, müvəqqəti rəhbərlik regionda genişlənən gərginliyin qarşısını almağa çalışır.
Bölgədəki bəzi ölkələr 28 fevral şənbə günü ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlardan sonra yaranan qarşıdurmanın ortasında qalıb.
Pezeşkian bildirdi ki, bu hücumlar ilkin zərbələr nəticəsində yüksək rütbəli iranlı komandirlərin öldürülməsindən və mərkəzi komanda strukturlarının pozulmasından sonra verilən "istədiyin kimi atəş aç" əmrləri altında həyata keçirilib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Üzr istəməklə o, Tehranın müharibəni daha geniş regional qarşıdurmaya çevirmək istəmədiyini göstərməyə çalışmış ola bilər.
Bu mesaj, eyni zamanda siyasi bir reallığı da dolayısı ilə qəbul edir: bəzi qonşu ölkələr ABŞ qüvvələrinin öz ərazilərindəki bazalardan fəaliyyət göstərməsinə icazə vermiş olsalar belə, İran onları açıq şəkildə hədəfə alarsa, özünü daha da təcrid etmək riski ilə üzləşə bilər.
Lakin bu üzrün real siyasətə çevrilib-çevrilməyəcəyi hələ də aydın deyil.
Bölgədən gələn məlumatlara görə, İran və ya onun qüvvələri ilə əlaqəli hücumlar hələ də dayanmayıb.
Qətər və BƏƏ şənbə günü günortadan sonra onlara yönəlmiş raketləri ələ keçirdiklərini bildiriblər.
Əgər bu cür hücumlar davam edərsə, bu, İranın parçalanmış rəhbərlik strukturu daxilində nəzarət məsələsi ilə bağlı daha dərin bir sual yaradır.
İlk hücum dalğası Ali Lider Ayətullah Əli Xamenei də daxil olmaqla əsas fiqurların ölümünə səbəb olduqdan sonra qərarvermə müvəqqəti rəhbərlik şurasına keçib.
Nəzəri olaraq bu struktur Pezeşkian kimi fiqurlara əvvəllər tək bir ali hakimiyyət tərəfindən idarə olunan sistemdə olduğundan daha çox təsir imkanı verir.
Lakin praktikada İnqilab Keşikçiləri kimi güclü hərbi və təhlükəsizlik institutlarına nəzarət etmək qabiliyyəti hələ də qeyri-müəyyəndir.
Əgər Prezidentin bəyanatına baxmayaraq, İranla əlaqəli hücumlar qonşu dövlətlərə qarşı davam edərsə, bu, ya kommunikasiya problemlərinin olduğunu, ya da qarşıdurmanı azaltmaq istəməyən qrupların müqavimət göstərdiyini işarə edə bilər.
Təhlükəsizlik strukturları daxilindəki sərt mövqeli qüvvələr uzun müddətdir ki, regional təzyiqin ABŞ və İsrailin hərbi gücünə qarşı İranın ən güclü çəkindirici vasitəsi olduğunu iddia edirlər.
Daxildə verilən reaksiyalar da bu gərginliyi əks etdirir.
Bəzi sərt mövqeli siyasətçilər artıq Pezeşkianın sözlərini zəif hesab edərək tənqid ediblər.
Hazırda İranda siyasi vəziyyət qeyri-adidir: sistemin zirvəsində olan ən güclü sərt mövqeli fiqurlardan bir neçəsi artıq yoxdur, lakin aşağı səviyyəli bir çox məmur və komandirlər hələ də hər hansı yumşaldıcı və barışdırıcı ritorikaya dərin şübhə ilə yanaşırlar.
Onların fikrincə, xarici hökumətlərdən üzr istəmək milli böhran zamanı təslim olmaq kimi görünə bilər.
İrandan kənarda isə reaksiyalar tam fərqli bir hekayə ilə formalaşıb: Donald Tramp Truth Social platformasında tez bir zamanda iddia edib ki, İran qonşularından "üzr istəyib və təslim olub" və bunun ABŞ və İsrailin hərbi təzyiqinin işlədiyini göstərdiyini bildirib.
Bu ifadələr həm də Vaşinqtonun Tehranın siqnallarını necə şərh edə biləcəyini göstərir.
Tramp dəfələrlə bildirib ki, qəbul edilə bilən yeganə nəticə İranın "tam təslim olmasıdır".
Bu tələb diplomatik bir paradoks yaradır.
Tarixən ölkələr yalnız hava hücumları ilə, bombardman nə qədər güclü olsa belə, nadir hallarda qeyd-şərtsiz təslim olurlar.
Quru qoşunları olmadan belə bir nəticəyə nail olmaq çox çətindir.
Buna görə də Pezeşkianın üzr istəməsini bir növ təslim olma kimi şərh etmək Vaşinqton üçün siyasi bir körpü rolunu oynaya bilər: yəni təslim olma tələbindən rəsmi şəkildə imtina etmədən irəliləyiş əldə olunduğunu iddia etməyin bir yolu.
Pezeşkian və müvəqqəti rəhbərlik şurası üçün isə hesablamalar fərqli ola bilər.
İndi atəşkəs əldə etmək yeni daimi lider ortaya çıxana qədər vəziyyəti sabitləşdirə bilər.
Əgər İranın siyasi sistemində növbəti dominant fiqur sərt mövqeli bir ruhani olarsa, diplomatiya üçün imkanlar daha da darala bilər.
(Martın 8-də İranın yeni Ali dini lideri kimi Xameneinin oğlu Müctəba Xameneinin adı açıqlanıb - BBC Azərbaycanca)
Bu ehtimal başqa bir strateji sual da doğurur: Pezeşkian özünü danışıqlara açıq bir fiqur kimi - Qərb hökumətlərinin işləməyə üstünlük verə biləcəyi praqmatik lider kimi - təqdim etməyə çalışırmı?
O, çıxışı zamanı təslim olmanı rədd edərkən eyni zamanda qonşu dövlətlərə qarşı daha təmkinli mövqe nümayiş etdirərək həm sərtlik, həm də açıqlıq arasında tarazlıq yaratmağa çalışdı.
Müxtəlif siyasi və dini fiqurlar, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) və təhlükəsizlik qüvvələri daxilindəki komandirlər mövcud böhranı öz mövqelərini gücləndirmək üçün bir fürsət kimi görə bilərlər.
Əgər Pezeşkian sabitliyi təmin edə bilməsə və ya silahlı qüvvələr üzərində nəzarəti bərqərar etməsə, rəqibləri daha sərt mövqenin lazım olduğunu iddia edə bilərlər.
Hazırda isə əsas sınaq İranın sərhədlərindən kənarda baş verir.
İndiyə qədər bir çox qonşu ölkə ehtiyatlı reaksiya verib və ya susqun qalıb; onlar üzrxahlığın real dəyişikliklərə gətirib çıxarıb-çıxarmayacağını gözləyirlər.
İsrail isə bu münaqişəni İranın uzunmüddətli təhlükəsini zəiflətmək üçün nadir bir fürsət kimi gördüyündən, bu mesajı gərginliyin azaldılması istiqamətində səmimi bir addım kimi qəbul etməyə daha az meyilli ola bilər.
Bu qeyri-müəyyənlik qəsdən yaradılmış ola bilər.
Pezeşkianın üzr istəməsi bir neçə cür şərh üçün imkan yaradır: regional gərginliyi azaltmaq üçün səmimi bir cəhd, İranın müvəqqəti rəhbərliyinə vaxt qazandırmaq üçün taktiki bir addım və ya Tehranın daxilində siyasi mövqelərin yenidən formalaşmasının ilk siqnalı.
Daxili hakimiyyət mübarizələrinin xarici müharibə qədər mühüm rol oynadığı bir münaqişədə isə bu ehtimalların hamısı eyni anda doğru ola bilər.



























