İranın yeni ali dini lideri - Müctəba Xamenei kimdir?

Müctəba Xamenei

Şəklin mənbəyi, Tasnim News Agency

    • Müəllif, BBC Farsca
  • Oxuma vaxtı: 4 dəq

İranın yeni Ali dini lideri Xameneinin oğlu Müctəba Xamenei atasının varisi seçilib və İranın növbəti ali lideri olacaq.

İranın dövlət mediasının bazar günü verdiyi məlumata görə, onun adı İranın varisliyinə cavabdeh 88 nəfərlik dini Ekspertlər Assambleyası tərəfindən açıqlanıb.

Müctəba Xameneinin İranda ən güclü qüvvə - İslam İnqilabı Keşikçiləri Korpusu ilə sıx əlaqələrinin olduğu deyilir.

Prezident Tramp daha əvvəl xəbərdarlıq edib ki, əgər Tehran əvvəlcə onun təsdiqini almasa, yeni liderin uzun müddət hakimiyyətdə qalmayacağı gözlənilir.

Açıqlamadan əvvəl Assambleya üzvlərindən biri yeni liderin "düşmən tərəfindən nifrət edilməli" olduğunu bildirib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Müctəba Xameneinin qəbuledilməz bir seçim olacağını söyləmişdi.

İran Ali dini lider seçimi

Şəklin mənbəyi, No copyright mentioned yet

Şəklin alt yazısı, Möctəba Xamenei artıq iyirmi ildən çoxdur ki, növbəti lider kimi göstərilir.

Ayətullah Əli Xamenei ABŞ və İsrailin hava zərbələri nəticəsində öldürüldükdən sonra bir çoxları onun güclü oğlu Müctəba Xameneinin də həlak olub-olmadığını soruşurdu.

Bir neçə gün ərzində heç bir xəbər olmadı. Lakin martın 3-də İranın dövlət mediası Müctəba Xameneinin sağ olduğunu və "ölkənin mühüm işləri ilə bağlı məsləhətləşmələr və araşdırmalar apardığını" bildirdi.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Atasından fərqli olaraq, Müctəba Xamenei ictimaiyət qarşısında çox görünməyib. O, heç vaxt dövlət vəzifəsi tutmayıb. Həmçinin ictimai çıxışlar etməyib və müsahibələr verməyib; onun yalnız məhdud sayda foto və videoları yayımlanıb.

Bununla belə, onun atasına təsir edə bilən şəxs olması barədə uzun illərdir şayiələr mövcuddur. 2000-ci illərin sonlarında WikiLeaks tərəfindən yayımlanan ABŞ diplomatik teleqramlarında o, rejim daxilində "xələtin arxasındakı güc" kimi təsvir edilir və Associated Pressə görə, "bacarıqlı və qətiyyətli lider" hesab olunurdu.

Lakin Müctəba Xameneinin seçilməsi mübahisəli hesab edilirdi. İslam Respublikası 1979-cu ildə monarxiyanın devrilməsindən sonra qurulub və onun ideologiyası ali rəhbərin irsi yolla deyil, dini nüfuzu və sübut olunmuş liderlik qabiliyyətinə görə seçilməli olduğu prinsipinə əsaslanır.

Ayətullah Əli Xamenei İslam Respublikasının gələcək rəhbərliyi barədə yalnız ümumi ifadələrlə danışıb.

Ekspertlər Məclisinin bir üzvü iki il əvvəl demişdi ki, Xamenei Müctəbanın gələcək rəhbərlik üçün namizəd olması ideyasına qarşı çıxıb. Lakin o, bu cür ehtimallar barədə heç vaxt açıq şəkildə danışmayıb.

Bəs, Müctəba Xamenei kimdir?

Müctəba Xamenei Hizbullahın ofisində

Şəklin mənbəyi, West Asia News Agency/Reuters

8 sentyabr 1969-cu ildə İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində anadan olan Müctəba, Xameneinin altı övladından ikincisidir. O, orta təhsilini Tehrandakı dini Ələvi məktəbində alıb.

17 yaşında Müctəba İran-İraq müharibəsi zamanı bir neçə qısa müddət ərzində hərbi xidmətdə olub. İran mediasının məlumatına görə, səkkiz il davam edən qanlı münaqişə ABŞ və Qərbin İraqa dəstək verməsi səbəbindən rejimin onlara qarşı şübhəsini daha da artırmışdı.

1999-cu ildə Müctəba dini təhsilini davam etdirmək üçün şiə teologiyasının mühüm mərkəzlərindən biri sayılan müqəddəs Qum şəhərinə gedib. Maraqlıdır ki, o vaxta qədər ruhani geyimi geyinmirdi və 30 yaşında seminariyaya getməyə niyə qərar verdiyi dəqiq məlum deyil, çünki adətən belə təhsil daha gənc yaşlarda başlanır.

Müctəba hələ də orta səviyyəli ruhani hesab olunur və bu, onun ali rəhbər vəzifəsinə yüksəlməsi üçün maneə yarada bilərdi.

Son günlərdə İranın hakimiyyət mərkəzlərinə yaxın bəzi media qurumları və rəsmilər Müctəba Xameneiyə "Ayətullah" — yüksək dini titul — kimi müraciət etməyə başlayıblar. Bəzi müşahidəçilərə görə, bu dəyişiklik onun dini nüfuzunu artırmaq və ölkənin ali rəhbərliyinə real namizəd kimi təqdim etmək cəhdi kimi görünür.

Seminariya sistemində "Ayətullah" rütbəsini daşımaq və yüksək səviyyəli dərslər keçmək bir şəxsin elmi səviyyəsinin və biliklərinin göstəricisi hesab olunur və gələcək liderin seçilməsi üçün əsas tələblərdən biri sayılır.

Bununla belə, artıq bir presedent var: 1989-cu ildə ikinci ali rəhbər olduqdan sonra Əli Xamenei də qısa müddətdə "Ayətullah" rütbəsinə yüksəldilmişdi.

Yaşıl Hərəkat etirazları

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 2009-cu ilin prezident seçkilərinin ardınca Yaşıl Hərəkat kimi tanınan etirazlar baş verdi.

Müctəbanın adı ilk dəfə 2005-ci il prezident seçkiləri zamanı ictimaiyyətin diqqət mərkəzinə düşdü. Həmin seçkilər populist sərt xətt tərəfdarı Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələndi.

İslahatçı namizəd Mehdi Kərrubi Əli Xameneiyə ünvanladığı açıq məktubda Müctəbanı seçkilərə müdaxilə etməkdə ittiham etmişdi. O iddia edirdi ki, Müctəba İran İnqilab Keşikçiləri Korpusu və Bəsic milisinin bəzi üzvləri vasitəsilə dini qruplara pul paylayaraq Əhmədinejadın qalib gəlməsinə kömək edib.

Dörd il sonra Müctəba eyni ittihamlarla yenidən üzləşdi. Əhmədinejadın yenidən seçilməsi ölkə üzrə geniş etirazlara səbəb oldu və bu hadisələr "Yaşıl Hərəkat" adı ilə tanındı. Bəzi etirazçılar Müctəbanın atasının yerinə İranın ali rəhbəri ola biləcəyi ideyasına qarşı şüarlar səsləndirirdilər.

O vaxtkı daxili işlər nazirinin müavini Mustafa Tacizadə seçkinin nəticəsini "seçki çevrilişi" adlandırmışdı. O, yeddi il həbs cəzası aldı və bunu "Müctəba Xameneinin birbaşa istəyi" ilə əlaqələndirdi.

2009-cu il seçkilərindən sonra iki islahatçı namizəd — Mir Hüseyn Musəvi və Mehdi Kərrubi ev dustaqlığına alındı. İran mənbələrinin BBC News Farsca xidmətinə verdiyi məlumata görə, 2012-ci ilin fevralında Müctəba Musəvi ilə görüşərək ondan etirazlarını dayandırmağı xahiş edib.

Bir çoxları hesab edir ki, Müctəba hakimiyyətdə, atasının sərt siyasətini davam etdirəcək. Bəziləri isə düşünür ki, ABŞ və İsrail zərbələri nəticəsində atasını, anasını və həyat yoldaşını itirmiş bir şəxsin Qərbin təzyiqi qarşısında geri çəkilməsi çətin olar.

Lakin onun qarşısında İslam Respublikasının mövcudluğunu qoruyub saxlamaq və ölkəni siyasi və iqtisadi dağıntıdan çıxarmaq üçün doğru şəxs olduğuna ictimaiyyəti inandırmaq kimi çox çətin bir vəzifə dayanır.

Onun liderlik təcrübəsi böyük ölçüdə sınaqdan keçməyib və respublikanın irsi idarəetmə sisteminə çevrildiyi barədə yaranan təsəvvür ictimai narazılığı daha da artıra bilər.

Müctəbanin seçilməsi həm də onu açıq hədəfə çevirir — İsrailin müdafiə naziri demişdi ki, hər hansı varis "açıq şəkildə aradan götürülməsi üçün hədəf" olacaq.