ABŞ və İsrailin İranla müharibəsi qanunidirmi? Və Trampın hərəkətləri ilə bağlı digər suallar

Tramp başqa seçiminin olmadığını deyir; skeptiklər şübhə edirlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tramp başqa seçiminin olmadığını deyir; skeptiklər şübhə edirlər
    • Müəllif, Qriqor Atanesyan
    • Vəzifə, BBC Rusca
  • Oxuma vaxtı: 8 dəq

ABŞ və İsrailin İrana qarşı müharibəsinin qanuniliyi təkcə Çin, KXDR və Rusiyanı deyil, həm də bəzi NATO ölkələrini narahat edir.

Lakin bu, BMT-yə qarşı düşmən mövqedə olan və müttəfiqlərin rəyinə məhəl qoymayan Donald Tramp administrasiyasına çətin ki, təsir etsin.

Ağ Ev üçün daha ciddi problem bu əməliyyatın Amerikada geniş dəstəyə malik olmaması və ultra-sağçı respublikaçıların sərt antimüharibə mövqeyidir.

ABŞ–İsrail əməliyyatının əhəmiyyətini anlamaq üçün xatırlamaq kifayətdir ki, Ayətullah Əli Xameneinin öldürülməsindən əvvəl bir dövlətin qoşunlarının başqa bir dövlətin başçısını öldürməsi sonuncu dəfə 1979-cu ildə baş vermişdi.

Həmin vaxt SSRİ DTK-sının xüsusi təyinatlıları Əfqanıstan lideri Hafizulla Əmini öldürmüş və bununla da Sovetlərin bu ölkəyə müdaxiləsi başlamışdı.

İraq diktatoru Səddam Hüseynin və Liviya avtokratı Müəmmar Qəddafinin ölümləri hərbi əməliyyatın bir hissəsi deyildi - Vaşinqton və onun müttəfiqləri onların ölümünə görə birbaşa məsuliyyət götürmək istəmirdilər.

Bu, ABŞ və NATO-nun son onilliklərdəki müdaxilələrindən yeganə fərq deyil.

2001-ci ildə Əfqanıstan müharibəsi BMT-nin dəstəyinə malik idi və 2003-cü ildə İraqa müdaxilədən əvvəl ABŞ və Böyük Britaniya ən azı BMT Təhlükəsizlik Şurasının, NATO müttəfiqlərinin, ümumilikdə, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağa çalışmışdılar.

Hazırda Ağ Ev üçün BMT-nin mövqeyi daha az əhəmiyyət daşıyır; Tramp təşkilatı fəaliyyətsizlikdə və boşboğazlıqda ittiham edir.

Vaşinqton üçün Avropadakı müttəfiqlərin dəstəyi də əvvəlki qədər önəmli deyil — xüsusən də Tramp bu yaxınlarda avropalıların Əfqanıstan müharibəsi zamanı özlərini riskə atmadıqlarını bildirmişdi.

Müdafiə naziri Pete Hegseth ABŞ-ın yanaşmasını ümumiləşdirərək bildirib ki, "Beynəlxalq qurumlar nə deyirsə desin, Amerika tarixin ən ölümcül və dəqiq hava kampaniyası aparır".

Özünümüdafiə, yoxsa təcavüz?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

ABŞ və İsrail İrana qarşı əməliyyatı beynəlxalq hüquqla nəzərdə tutulmuş tam qanuni özünümüdafiə aktı kimi təqdim edirlər.

Onların fikrincə, İranda nüvə proqramı və ballistik raketlərin hazırlanması İsrail üçün ekzistensial təhlükə, ABŞ üçün isə ciddi təhlükə yaradırdı.

Birbaşa danışıqlar Tehranı nüvə proqramından imtina etməyə və raketlərin hazırlanmasını məhdudlaşdırmağa inandıra bilmədi və gələcəkdə İranın mümkün hücumunun qarşısını almaq üçün ABŞ və İsrailin ilk zərbəni endirməkdən başqa yolu qalmadı.

"Məqsədimiz Amerika xalqını qorumaqdır: İran rejimindən qaynaqlanan birbaşa təhlükəni, çox sərt və amansız bir qrupun təhdidini aradan qaldırmaqla.

Onların məkrli hərəkətləri birbaşa olaraq ABŞ-a, hərbçilərimizə, xaricdəki bazalarımıza və bütün dünyadakı müttəfiqlərimizə təhlükə yaradır", - deyə Tramp müharibə başladıqdan sonra yayımladığı video müraciətdə bildirib.

ABŞ Prezidenti birbaşa təhlükə iddiasını belə əsaslandırıb ki, guya İran qitələrarası ballistik raketlər yaratmağın astanasında idi və bu raketlərlə ABŞ ərazisini vura bilərdi.

Lakin Reuters agentliyinin yazdığına görə, bu iddia ABŞ kəşfiyyatının məlumatları ilə təkzib olunur.

Ağ Evin rəsmi bəyanatında isə müharibə "İran rejimindən qaynaqlanan birbaşa nüvə təhlükəsi" ilə əsaslandırılır.

İrandan gələn təhlükənin zərbəni qanuni etdiyini İsrail Prezidenti İsax Herzog BBC-yə müsahibəsində bildirib. "Ayətullah Əli Xamenei rejimi öz xalqının milyardlarla vəsaitini kütləvi qırğın silahı yaratmağa və xaos, terror yaymağa sərf edib", - deyə Herzog bildirib.

"Beynəlxalq hüquqa görə, özünümüdafiə hüququ o zaman tətbiq olunur ki, düşmən səni yer üzündən silmək üçün bomba hazırlayır və bunu açıq şəkildə bəyan edir", -deyə İsrail Prezidenti əlavə edib.

ABŞ və İsrailin İrana qarşı müharibəsi Tehrana hücumlarla başladı.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, ABŞ və İsrailin İrana qarşı müharibəsi Tehrana hücumlarla başladı.

Bu mövqeni bir çox mütəxəssis bölüşmür. Reading Universitetinin beynəlxalq hüquq professoru Marko Milanovic yazır ki, bu müharibə qanunsuzdur və BMT Nizamnaməsində təsbit olunmuş güc tətbiqi qadağasını pozur.

"BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq nə İsrail, nə də ABŞ İrana qarşı özünümüdafiə hüququnu həyata keçirdiklərini əsaslandıra bilməz — nə fərdi, nə də kollektiv şəkildə. <...> İran tərəfindən davam edən silahlı hücum olmayıb ki, bu da özünümüdafiə məqsədilə güc tətbiqini haqlı çıxara bilsin", - deyə Milanoviç hesab edir.

Gələcək hücumun qarşısını almaq məqsədilə müharibəyə başlandığı barədə arqument Tehran tərəfindən belə bir hücumu həyata keçirmək niyyətinin və imkanlarının mövcudluğu ilə təsdiqlənməlidir.

Lakin professor xatırladır ki, Tramp ötən il İranın nüvə proqramının məhv edildiyini bəyan etmişdi.

ABŞ və İsrailin təqdim etdiyi özünümüdafiə arqumentləri beynəlxalq hüququn adətən tələb etdiyi həddə çatmır, - deyə ABŞ Dövlət Departamentinin keçmiş hüquqşünası, hazırda Kolumbiya Universitetinin milli təhlükəsizlik hüququ proqramının baş elmi işçisi Scott R. Anderson hesab edir.

"Beynəlxalq hüquq qaçılmaz silahlı hücum tələb edir. Ən azı beynəlxalq hüquq üzrə mütəxəssislər, Beynəlxalq Ədalət Məhkəməsi və dünyanın bir çox ölkələri - hərçənd hamısı deyil - bunu məhz belə anlayır", - deyə Anderson bildirir.

Tramp administrasiyası, sadəcə olaraq, ABŞ-ın uzunmüddətli ənənəsini davam etdirir, - deyə Scott R. Anderson qeyd edir.

ABŞ və İsrail silahlı hücumun nə hesab oluna biləcəyi və onun nə vaxt qaçılmaz sayıldığı məsələsində çox geniş şərhə üstünlük verirlər.

Andersonun sözlərinə görə, eyni yanaşma 1987–88-ci illərdə ABŞ-ın İranın neft platformalarına hücumlarını əsaslandırmaq üçün də istifadə olunmuşdu.

ABŞ və İsrailin hərəkətlərini Çin, Rusiya və Şimali Koreya pisləyib. Amerikanın Qərb müttəfiqlərinin reaksiyası isə daha gözlənilməz və müxtəlif olub.

Müharibəni açıq şəkildə Avstraliya və Kanada dəstəkləyib, baxmayaraq ki, Tramp Kanadaya qarşı təhdidlər səsləndirmişdi. Fransa və Almaniya da Amerikanın tərəfində çıxış ediblər.

Eyni zamanda, İspaniyanın Baş naziri bunu beynəlxalq hüququn pozulması adlandırıb.

Ən qeyri-müəyyən mövqe isə Böyük Britaniyaya məxsus olub: hökumət əvvəlcə öz bazalarından İrana zərbələr endirilməsi üçün istifadə edilməsinə razılıq verməmiş və yalnız İranın cavab zərbələri britaniyalı vətəndaşların həyatını təhlükə altına qoyduqdan sonra mövqeyini dəyişmişdi.

London qəzetləri yazır ki, hökumət ABŞ–İsrail əməliyyatının beynəlxalq hüquqa uyğunluğu ilə bağlı narahatdır.

Hətta Britaniya bazalarına çıxış icazəsi də şərtlə verilmişdi: onların yalnız raket qurğularına qarşı zərbələr üçün istifadə olunması, lakin İran liderlərinə qarşı yönəldilməməsi.

Donald Tramp Britaniyanın Baş naziri Keir Starmer-dən son dərəcə məyus olduğunu bildirib və onun ABŞ əməliyyatının qanuniliyi ilə bağlı narahatlıq keçirdiyini təsdiqləyib.

Britaniyanın mövqeyindəki dəyişiklik həm də İranın Fars körfəzi ölkələrinə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Omana zərbələr endirməsi ilə əlaqələndirilir.

Bu ölkələrin bəzilərində ABŞ hərbi bazaları olsa da, Redinq Universitetinin professoru Marko Milanovic qeyd edir ki, həmin bazalar İrana hücum üçün istifadə edilmir və buna görə də cavab zərbələri üçün legitim hədəf hesab oluna bilməz. Bundan əlavə, İranın dron və raketləri yalnız bazalara deyil, mülki obyektlərə də zərbə endirir.

"İranın Fars körfəzi ölkələrinə raket və pilotsuz aparat zərbələri silahlı hücum sayılır, çünki onlar qanuni özünümüdafiə çərçivəsini aşır", - deyə Milanoviç hesab edir.

Oxşar məntiq Britaniya hökumətinin hüquqi mövqeyinin xülasəsində də əks olunub: "Beynəlxalq hüquq Britaniyaya və onun müttəfiqlərinə silahlı hücuma cavab olaraq özünümüdafiə yeganə mümkün vasitə olduğu halda və tətbiq edilən güc zəruri və proporsional olduqda güc tətbiq etməyə və ya onun tətbiqinə dəstək verməyə icazə verir."

"Epstein Qəzəbi Əməliyyatı"

ABŞ və İsrailin hərbi əməliyyatından dərhal sonra onun yalnız beynəlxalq hüquqa deyil, həm də ABŞ qanunvericiliyinə uyğunluğu barədə ciddi şübhələr səsləndirildi. Demokrat senatorlar Ağ Evin hərəkətlərini qanunsuz adlandırdı.

Tənqidçilər hətta əməliyyatın rəsmi adını - "Epik Qəzəb" - dəyişdirərək "Epstein Qəzəbi Əməliyyatı" adlandırdılar, beləliklə Trampın guya mərhum məhkumun faylları ilə bağlı davam edən qalmaqaldan seçiciləri yayındırmaq istədiyi işarə olunurdu.

"Prezidentin baş komandan kimi silahlı qüvvələrdən istifadə üçün müəyyən səlahiyyətləri var, lakin bunlar yalnız fövqəladə hallarla məhdudlaşır, məsələn, hücumu dəf etmək lazım olduğu zaman və ya açıq-aydın qaçılmaz hücum hazırlığı olduğu halda.

Bu gün heç nə göstərmir ki, bu vəziyyət həmin hallardandır, bu isə İrana zərbələri qanunsuzlaşdırır", - deyə konstitusiya siyasəti üzrə mütəxəssis David Yanofsky Time jurnalına müsahibəsində bildirib.

Yanofskinin sözlərinə görə, Tramp administrasiyası bu müharibə üçün Konqresin razılığını almayıb və bu da onların hərəkətlərinin qanuniliyi baxımından problem yaradır.

Əfqanıstan və İraq müharibələrinə başlamazdan əvvəl isə George W. Bush administrasiyası Konqresin qətnamələrini almışdı.

2003-cü ildə Taker Karlson İraq müharibəsini dəstəklədi. İndi isə peşmandır.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 2003-cü ildə Tucker Carlson İraq müharibəsini dəstəklədi. İndi isə peşmandır.

Lakin Ağ Evi sol tərəfdən gələn tənqid və hərəkətlərinin konstitusion olması ilə bağlı şübhələr çox da narahat etmirmiş kimi görünür.

İkinci prezidentlik dövründə Donald Tramp və onun hüquqşünasları icra hakimiyyətinin səlahiyyətlərini mümkün qədər geniş və bəzən misilsiz şəkildə şərh etməkdə israrlıdırlar.

Tramp və Respublikaçı partiya üçün daha ciddi problem son üç gündə aparılmış ekspres sorğuların nəticələri ola bilər. Bütün sorğular göstərir ki, amerikalıların əksəriyyəti administrasiyanın hərəkətlərinə qarşıdır.

Bunlardan birinə görə, 48% müharibəni dəstəkləmir, yalnız 37% tərəfdardır. Başqa sorğuya görə isə 43% əleyhinə, 29% qeyri-müəyyən, yalnız 27% dəstək verir.

Respublikaçılar arasında isə sorğulara görə əksəriyyət Trampın qərarını hələ də dəstəkləyir. Lakin Amerikanın ultra-sağ qanadında bir neçə son dərəcə nüfuzlu şəxs sərt antimüharibə mövqeyi tutub.

"Mən məyusam", - deyə özəl hərbi şirkət *Blackwater*ın təsisçisi Eric Prince bildirib. O hesab edir ki, müharibə ABŞ-ın maraqlarına uyğun deyil və Trampın "Amerikanı yenidən böyük etmək" (MAGA) vədlərinə uyğun gəlmir.

Eyni tənqidlə Tramp tərəfdarı televiziya aparıcısı Megyn Kelly də çıxış edib.

Keçmiş televiziya aparıcısı, hazırda milyonlarla izləyicisi olan bloqer Tucker Carlson son aylarda İrana qarşı müharibəyə qarşı ən səsli çıxış edən şəxs olub və əməliyyat başladıqdan sonra onu sərt tənqid edib.

Carlson ABŞ və İsrailin hərəkətlərini "xain və iyrənc" adlandırıb.

O bildirib ki, müharibə ABŞ və İsrailin maraqlarına xidmət etmir və bunun məsuliyyətini Benjamin Netanyahu daşıyır, çünki o Trampı Tehrana birgə hücum etməyə inandırıb.

The New York Times öz mənbələrinə istinadla yazır ki, Carlson son bir ayda Trampla üç dəfə görüşərək onu müharibəyə qarışmamağa inandırmağa çalışıb.

Tramp

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tramp Nobel Sülh Mükafatını qazanmasa da, FİFA Sülh Mükafatını qazandı. O, Norveç Baş nazirinə məktub yazaraq bildirdi ki, Nobel Mükafatı almadı, artıq yalnız sülh haqqında düşünməyəcəkdi.

Sağ tərəfdən gələn tənqidçiləri əməliyyatın beynəlxalq hüquqa uyğunluğu o qədər də narahat etmir və onlar yanvarın əvvəlində Nikolás Maduronun ələ keçirilməsi əməliyyatına da sakit reaksiya veriblər.

Lakin Yaxın Şərqdə başlanan yeni müharibə, artıq amerikalı hərbçilərin həyatına son qoyduğu üçün, onlara İraq, Əfqanıstan və Trampın dayandırmağa söz verdiyi "sonsuz müharibələri" xatırladır.

Onlar üçün İrana qarşı konflikt - amerikalı vergi ödəyicilərinin pullarının tükənəcəyi daha bir dərin qara dəlikdir.

"Amerikalıların əksəriyyəti bu müharibəyə qarşıdır", - deyə keçmiş konqresmen Marjorie Taylor Greene, hələ bir neçə ay əvvəl Vaşinqtonda demək olar ki, Trampa ən sadiq siyasətçi sayılan şəxs bildirib.

"Dəstək verdiyim insan… İraqda baş verənləri pisləyirdi, söz verdi ki, daha xarici müharibələr olmayacaq və heç bir rejim dəyişikliyi olmayacaq", - deyə Greene Tramp haqqında danışıb.

Ultra-sağ tənqid xüsusilə ağrılı ola bilər, çünki noyabrda ABŞ-da aralıq seçkilər keçiriləcək. Hazırda Respublikaçılar Konqresin hər iki palatasında əksəriyyətə malikdir.

Əgər payızda Demokratlar Senat və ya Nümayəndələr Palatasının nəzarətini əldə etsələr, bu Trampın hərəkət azadlığını ciddi şəkildə məhdudlaşdıracaq.

Əgər onlar hər iki palatada nəzarəti ələ keçirsələr, bu, Trampın ikinci prezidentlik dövrünün qalan iki ili üçün ABŞ siyasətini iflic edə bilər, eynilə Barack Obamanın son illərində olduğu kimi.

Hazırda Tramp sağ tərəfdən gələn tənqidləri laqeyd qarşılayır. O, Megyn Kelly və Tucker Carlsonu nəzərdə tutaraq bildirib: "Məncə, MAGA hərəkatı Trampdır; MAGA o ikisi deyil".

"MAGA etdiyim hər şeyi xoşlayır: hər bir aspektdən", - deyə o əlavə edib.

Lakin keçmiş müttəfiq, hazırda Prezidentin rəqibi Marjorie Taylor Greene xəbərdarlıq edir ki, tərəfdarlarının səbrinin də bir həddi var.

"Onlar istədiklərini edirlər və əgər kimsə bir-iki məsələdə onlarla razılaşmasa, panikçi və ya xəyanətkar adlandırırlar", - deyə o, Tramp administrasiyası haqqında yazır.

"Amma bu həmişə davam edə bilməz. İnsanları sonsuz qorxutmaq və təhqir etməklə razı salmaq və sonra gözləmək ki, bütün [siyasi] koalisiyalar yenidən Respublikaçılara səs verəcək, mümkün deyil".