İşğaldan azad olunmuş ərazilərə icazəsiz getməyə görə həbs və ya cərimə oluna bilərsinizmi?

Video açılmırsa YouTube-dan izləyin.

Çərşənbə axşamı günü altı nəfər Ağcəbədi sakini işğaldan azad edilmiş Xocavənd və Füzuli rayonlarının ərazisinə getdikləri üçün polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslər işğaldan azad olunan ərazilərə qanunsuz yollarla səfər ediblər.

Məlumata görə, hələ ki, həmin şəxlərə qarşı hər hansı ittiham irəli sürülməyib.

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.

Hüquqşünas Fərhad Mehdiyev BBC News Azərbaycancaya deyib ki, belə insanlar saxlanılsa da, sonradan buraxılacaqlar, çünki qanunda onlar barədə hüquqi tədbir görülməsi barədə heç nə yoxdur.

Fərhad Mehdiyev bildirib ki, həmin şəxslərə sanksiya tətbiq etmək üçün İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsi tətbiq edilə bilər. Bu da Fövqəladə vəziyyət rejiminin pozulması ola bilərdi, amma bu ərazilərdə xüsusi idarəetmə rejimidir və bura 517-ci maddəni tətbiq etmək mümkün deyil.

"Həmin ərazilərdə Fövqəladə rejim tətbiq olunmayıb. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 88-ci maddəsi var və bu inzibati qaydada tutma adlanır. Orada yazılıb ki, polisin və hərbi qulluqçuların qanuni tələbinə əməl etməməyə görə həmin fiziki şəxs tutula bilər. Amma bu yalnız tutulma ola bilər", Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, həmin ərazilər minalanmışdır, ora keçmək həyat üçün təhlükəlidir və qadağan olunub - tələb də buna görə qoyulub.

"Bu tələblərə riayət etməyən adamlar bu tələbə görə tutulacaqlar və sonra buraxılacaqlar. Onlara cərimə tətbiq edilə bilməz və inzibati həbs tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsində belə bir maddə yoxdur", - Fərhad Mehdiyev bildirib.

Ötən həftə Prezident İlham Əliyev vətəndaşları azad olunmuş torpaqlara "icazəsiz" getməkdən çəkinməyə səsləyib.

"Əfsuslar olsun ki, azad edilmiş torpaqlarda son günlər bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər," - videoformatda çıxış edən İlham Əliyev deyib.

Azərbaycan Prezidentinin sözlərinə görə, o, uzun illər "vətən həsrəti" ilə yaşamış və "öz doğma torpağına qayıtmaq istəyən" insanların bu addımını başa düşsə də, onlardan gözləməyi xahiş edib.

Prezident azad edilmiş torpaqlara "qanunsuz, icazəsiz gedişə son qoyulsun" deyə, postlarda nəzarət işlərini gücləndirməyi tapşırıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev News Azərbaycancaya bildirilib ki, vətəndaşların qanunsuz işğaldan azad edilmiş ərazilərə səfərində polisin və ya hansısa dövlət qurumunun əməkdaşının rolu varsa, orada nəzərdə tutlan tədbirlərə kölgə salan hal varsa, həmin əməkdaş barədə də ciddi ölçülər götürüləcək.

Baş Prokurorluq işğaldan azad edilmiş ərazilərə səfər edən hər hansı şəxs barədə ittihamın olub-olmaması haqqında məlumat verməyib. Baş Prokurorluqdan BBC News Azərbaycancaya bildirilib ki, xəbərdarlıq olmasına baxmayaraq "təəssüf ki, hələ də vətəndaşlar" işğaldan azad olunmuş ərazilərə gedirlər.

İndiyə kimi Baş Prokurorluq və DİN vətəndaşları həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə çağırıb.