Azərbaycanda 10 şəhər və rayonda işsizlərə 190 manat birdəfəlik ödəmə ediləcək, bəzi sahələrdə işlər dayanacaq

korona, bakı

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Azərbaycanda 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə 190 manat birdəfəlik ödəmə ediləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edib.

Qərara əsasən, noyabrın 7-dən 23-dək bu rayonların inzibati ərazisində bəzi sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılır.

Bu istisnaya hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti, digər dövlət orqanlarının fəaliyyəti , səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri, kommunal xidmətlər , yük daşımaları və logistika xidmətləri, qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti, apteklərin, ərzaq mağazalarının, yanacaqdoldurma məntəqələrinin fəaliyyəti, kütləvi informasiya vasitələrinin fəaliyyəti, maliyyə təşkilatlarının fəaliyyəti, mühafizə xidmətləri aiddir.

Həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılmışdı. İndi isə noyabrın 7-dən 23-dək bu ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılır.

Bu şəhər və rayonlarda muzdlu işçilərin əmək haqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi sahibkarlara birdəfəlik maliyyə dəstəyi də göstəriləcək.

Dekabrın 1-nə qədər karantin uzadılıb

Bundan əvvəl Azərbaycanda xüsusi karantin rejiminin müddəti dekabrın 1-nə qədər uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah onu da bildirib ki, 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhərinə, Cəlilabad və Masallı rayonlarına da giriş-çıxış dayandırılır.

Bundan əvvəl xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov və Zərdabi kəndləri, Mingəçevir şəhəri, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına giriş-çıxış dayandırılmışdı.

Azərbaycanda koronavirusa yoluxanların sayı niyə artır?

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Sərtləşdirmə

Oktyabr ayında Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirilmişdi.

Oktyabrın 19-dan saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Bundan başqa, oktyabrın 19-dan noyabrın 2-nədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.

Nazirlər Kabineti bildirib ki, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılır, digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir.

Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.

Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.

Son günlər ərzində Azərbaycanca koronavirusa yoluxanların gündəlik sayı bir neçə dəfə artıb.

Noyabrın 5-də bu rəqəm 1364 olub.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.

İndiyədək ölkədə 60873 nəfərdə Covid-19 virusu aşkarlanıb, 794 nəfər ölüb.