Azərbaycanda koronavirus: 15 və 29 mart imtahanları təxirə salındı

Şəklin mənbəyi, FREDERICK FLORIN
Azərbaycanda daha iki imtahan - 15 mart və 29 mart tarixlərində keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə hər iki imtahan koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirə salınıb.
"Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb", - Dövlət İmtahan Mərkəzinin məlumatında deyilir.


15 mart 2020-ci il tarixində ölkənin 29 şəhər və rayonunda, o cümlədən Bakının bəzi xüsusi məktəblərində orta məktəblərin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilməli idi.
Martın 29-da isə 9 illik təhsil bazasından kollecə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, həmçinin cari ilin məzunları üçün əlavə xarici dil üçün qəbul imtahanının keçirilməli idi.
DİM elan edib ki, təxirə salınan imtahanların keçiriləcəyi vaxt həmin tarixdən 1 həftə öncə elan olunacaqdır.
Qurumun məlumatına görə, zonalar üzrə aprelin 5-i, 12-i və 19-da keçirilməsi planlaşdırılan 11-ci sinif buraxılış imtahanlarının elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur.
DİM-dən bildirilib ki, "imtahanların keçirilmə tarixlərində hər hansı bir dəyişiklik baş verərsə, əvvəlcədən elan olunacaqdır".
Qurumdan abituriyentlərə və valideynlərə tövsiyə olunub ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək ev şəraitində Dövlət İmtahan Mərkəzinin "YouTube" kanalı vasitəsilə təqdim edilən "vizuallaşdırılmış dərs" və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.
""Vizuallaşdırılmış dərs"lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir."- Dövlət İmtahan Mərkəzi elan edib.
Çərşənbə günü koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycanda bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi martın ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) dayandırılıb, Nazirlər Kabineti elan edib.
Məlumata əsasən, bu müddət ərzində təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək.
Bazar ertəsi günü İrandan Azərbaycana gələn daha iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bununla da qeydə alınmış yoluxma hadisələrinin ümumi sayı 11-ə çatıb.
Bundan əvvəl 9-cu siniflər üçün buraxılış imtahanı təxirə salınıb. Dövlət İmtahan Mərkəzi bildirir ki, təxirə salınmış imtahanın yeni vaxtı bir həftə öncədən elan olunacaq. İmatahanlar martın 9-da keçirilməli idi.
Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinf şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi martın 1-də keçirilib.
Koronavirus təhlükəsi ilə bağlı Azərbaycanda martın 27-dək teatr və konsert salonları da bağlı qalacaq.
Nazirlər Kabinetinin qərarıyla steril və qeyri-steril əlcəklər, tibbi maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal rüsumundan azad olunub.










