Azərbaycanda koronavirusa yoluxanların sayı niyə artır? 5 suala cavabda

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images
- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
Bu gün Azərbaycanda koronavirusa 2248 yeni yoluxma, 26 ölüm sayı qeydə alınıb.
Son iki gündə Azərbaycanda Covid-19 virusundan ölən şəxslərin sayı 50-ni keçib. Son günlər koronavirusun yayılması ilə bağlı rəqəmlər də artan xətt üzrə inkişaf edir.
Koronavirusa yoluxmada son günlərdə artım tendensiyası müşahidə olunduğuna görə, aprelin 1-də Təhsil Nazirliyi bildirib ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayon məktəblərinin şagirdləri təhsillərini distant (məsafədən) davam etdirəcəklər.
Bəs, ölkədə koronavirusa yoluxanların sayı niyə artır?
Azərbaycanda yoluxmaların ən çox olduğu dövr ötən ilin noyabr-dekabr ayları olub. Bu müddətdə yeni yoluxma sayı günlərdən asılı olaraq 1500-4500, ölüm sayı isə təxminən 5-40 nəfər ətrafında dəyişib.
Ən az yoluxmalar və ölüm sayı isə əsasən, 2020-ci ilin fevral-mart, sentyabr-oktyabr və bu ilin fevral ayına təsadüf edib.
Tibbi ekspert, professor Adil Qeybulla son zamanlar ölkədə "virusun çox sürətlə mutasiya etdiyini və son mutagen formanın yoluxuculuğu ilə daha çox fərqləndiyini" deyir.
"Bu virusun təxminən 300-dək mutagen formasının olduğu deyilir. Blirsiniz ki, mutasiya etdikcə virus zəifləyir və sıradan çıxır. Digər tərəfdən isə yoluxanlar və vaksinləşdirmə kollektiv immunitet yaratmağa doğru gedir," professor deyir.
Azərbaycanda ölkə üzrə bütün yoluxmaların 53 faizi paytaxt Bakının, digərləri isə faiz nisbətinə görə Abşeron, Aran, Gəncə-Qazax və digər regionların payına düşür.
Yoluxmaların artmasının daha hansı səbəbləri var?
Adil Qeybulla deyir ki, hazırda ölkədə bəzi şeylərə göz yumulur.
O deyir ki, yoluxmaların artmasının "əsas səbəblərindən biri təmaslardır".
"İctimai nəqliyyat o gündədir. Gedin, gecə restoranlara, görək bir boş yer tapırsınızmı? Hamısında insanlar var. Bəzi restoranlar səhərə qədər işləyir. Toylar ara-sıra olur və belə şeylərə göz yumulur. Yəni, insanlar məsuliyyətli olmalıdırlar".
Adil Qeybulla, həmçinin bildirir ki, hazırda "dəhşətli məqam gənclər və yeniyetmələr arasında yoluxmaların artmasıdır".
Operativ Qərargah ölkə ərazisində Covid-19 virusunun yayılmasının qarşısını almaq üçün həftəiçi ictimai nəqliyyatdan yalnız avtobusların fəaliyyətinə icazə verir. Metro və qatarlar işləmir. Həftəsonları isə ictimai nəqliyyatın hərəkətinə tamamilə məhdudiyyət qoyulub, açıq havada maska taxmaq məcburidir və insanların bir yerə toplaşması qadağandır.
Üstəlik ölkədə vaksinasiya prosesi yanvar ayından başlayıb və hələ də davam edir.

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images
Yoluxmalar nə vaxt azala bilər?
Azərbaycanda bəzi təhlilçilər koronavirusun üçüncü dalğasının başladığını desələr də, rəsmi qurumlardan nə TƏBİB, nə də Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə üçüncü dalğanın başlaması ilə bağlı rəsmən açıqlama edilmədiyini bildirirlər.
"Virusun yayılma prosesinin sönməyini hələ bir neçə aydan sonra müşahidə edə biləcəyik," - Adil Qeybulla deyir.
Operativ Qərargahın məlumatına görə, ölkədə statistika gender sahəsində kişilər və qadınların yoluxma nisbətində qadınların 51 faizlə daha çox olduğunu göstərir.
Azərbaycanda martın ikinci yarısında koronavirusun Britaniya ştammı tapılıb. Britaniya hökumətinin açıqlamasına görə, virusun mutasiyaya uğraması nəticəsində əmələ gəlmiş bu mutagen formasının yoluxuculuğu 50 faiz daha çoxdur.
İndiyədək Azərbaycanda neçə nəfərə vaksin vurulub?
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, bu gün ölkədə 26 mindən çox, ümumilikdə isə 547 min 541 nəfər peyvəndləmə prosesində iştirak edib.
Peyvəndləmə ilə məşğul olan, adının çəkilməsinin istəməyən bir həkim deyir ki, ölkədə peyvəndləmə zamanı "SinoVac Biotech" şirkətinin CoronaVac vaksinlərindən istifadə olunur.
"Azərbaycan AstraZeneca-nı alsa da bu vaksinin ölkəyə gətirilməsi və istifadə olunması ilə bağlı poliklinikalarda hələlik məlumat yoxdur," - həkim deyir.
BBC News Azərbaycanca Nazirlər Kabinetindən də bu suala hələlik cavab ala bilməyib.
TƏBİB (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) bir müddət öncə CoronaVak adlı peyvəndin "inaktiv üsulla hazırlandığından daha təhlükəsiz olduğunu" və Azərbaycan əhalisinin uzun müddət inaktiv üsulla hazırlanan vaksinlərlə peyvəndləndiyi üçün "daha çox güvənilir" olduğunu açıqlamışdı.
Azərbaycanda koronavirus peyvəndlənməsi dövlət hesabına aparılır və könüllüdür.
2020-ci ilin sonunda Azərbaycanda vaksinasiya ilə bağlı TƏBİB rəsmisi Ramin Bayramlı birinci mərhələdə "əhalinin 10 faizinə peyvənd vurulacağını", ikinci mərhələdə isə peyvəndlənmənin "respublikanın daha çox hissəsini əhatə edəcəyini" bildirmişdi.
Ölkədə koronavirusa qarşı peyvənd ilkin olaraq səhiyyə işçilərinə vurulmağa başlanıb.

Vaksinləmə prosesi nə üçün sürətli getmir?
Azərbaycan peyvəndlənmə ilə bağlı strategiyanın hazırlandığını elan etsə də, onun nə vaxt yekunlaşacağı barədə məlumat verilmir.
Professor Adil Qeybulla Azərbaycanda peyvəndləmənin sürəti ilə bağlı deyir ki, hökumətin COVAX platforması üzrə vəsaiti əvvəldən ödəməsinə baxmayaraq, onlardan vaksin ala bilməyib.
O deyir ki, peyvəndlərin ölkələrə verilməsi zamanı Azərbaycana qarşı "ədalətsiz davranılıb".
"Yəni, biz vaxtında AstraZeneca, Pfizer, Biontech və sair peyvəndləri ala bilmədik. Ancaq paralel olaraq, Gürcüstana vaksin vurulmuşdu və indi ikinci partiya gəlir. Düzdür bizə də artıq söz veriblər," - cənab Qeybulla deyir.
O vurğulayır ki, Azərbaycan "bütün çətinliklərə rəğmən Cənubi Qafqazda öz əhalisini ilk peyvəndləməyə başlayan ölkə olub".
Azərbaycanın Çinin CoronaVak vaksinini Türkiyənin köməyi ilə ala bildiyini deyən professor "vaksinlər daxil olduqca bu prosesin getdiyini" deyir.
"Yəni, bizdə peyvəndləmənin ləng getməsi daha çox məhz belə obyektiv səbəblər üzündən oldu. Ancaq alınan vaksinlər qısa müddətdə insanlara vuruldu və şükür Allaha ki, elə də ciddi problem yoxdur," - o əlavə edir.
Bu gün TƏBİB rəsmisi Yaqut Qarayeva yerli mediaya "onlara verilən tapşırığa əsasən vaksinləşdirməni sürətləndirəcəklərini" açıqlayıb.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. İndiyədək ölkədə 261 mindən çox şəxs Covid-19 virusuna yoluxub, 3 mindən çox şəxs vəfat edib.









