Taliban rejimindən Türkiyəyə qaçan əfqan qadınları: “Heç kim bu dəfə qadınlara zülm verilməyəcəyinə inanmasın"

Şəklin mənbəyi, Fundanur Özturk
- Müəllif, Fundanur Öztürk
- Vəzifə, Ankara
XƏBƏRDARLIQ: Bu yazıda bəzi hekayələr narahatedici ola bilər!
1990-cı illərin sonlarında Əfqanıstanda Taliban rejimi altında yaşayan və daha sonra Türkiyəyə qaçan miqrant qadınlar Əfqanıstanda baş verən hadisələri narahatlıqla izləyirlər.
BBC Türkçəyə danışan qadınlar, onlarla Taliban arasındakı məsafəyə baxmayaraq, Əfqanıstandan minlərlə kilometr aralıda olsalar da, sanki keçmişdə yaşadıqları qorxu hissinə qapıldığını deyirlər.
Taliban tərəfindən zorakılığa məruz qalan qadınlar belə deyir: "Tarix təkrarlanır. Heç kim inanmamalıdır ki, Taliban bu dəfə daha sakit olacaq və qadınlara zülm verməyəcək".
Adları və mənşəyi fərqli olsa da, söhbət etdiyimiz Əfqan mühacir qadınların əhvalatlarında ortaq bir məqam var: "Talibanın yaşatdığı ağrı".
2014-cü ildə seçki idarəsində işləyərkən, Talibanın hədəflədiyi mülkilərə qarşı hücumda ölümcül yaralanandan sonra ailəsiylə birlikdə Türkiyəyə qaçan Fərzanə ilə onun Altındağdakı evində görüşürük.
Doqquz dəfə güllə ilə vurulan Ferzanənin üzü və bədənində hələ də hücum vaxtı yetirilən yaraların izləri qalır.
Ancaq Fərzanənin Talibanla üz-üzə gəlməsi tarixinin kökləri daha dərindir: "Taliban gələndə mənim 15 yaşım var idi. Bir gecə ətrafı divarlı bağçada oturmuşduq. Qonşu evdən maşınların səsi, sonra osə qadınların qışqırıqları gəlməyə başladı. Ertəsi gün taliblərin bir gənc qızı evdən götürüb apardığını öyrəndik ".

Şəklin mənbəyi, Fundanur Özturk
"Bir neçə ay keçmiş artıq hamilə olan qızı geri gətirib atasının evinə qaytardılar. O, zindana aparıldığını və gecə-gündüz müxtəlif kişilər tərəfindən zorlandığını söylədi. O, ən kiçik hərəkətdən belə vahiməyə düşürdü."
"Özüm və digər bacılarımın başına da eyni şey gələ bilərdi. Buna görə də atam bacılarımdan birisini taliblərə verməli idi ki, digər uşaqlarına toxunmasınlar".
Taliban gələndən sonra yanında kişi ailə üzvü olmadan qadınlar bayıra çıxa bilmədilər, küçədə olarkən isə onlar vücudu başdan ayağa örtən burqada olmalı idilər.
Fərzanə, burqasını çıxardığı üçün Taliban üzvü tərəfindən şallaqlandığını belə xatırlayır: "Çox isti idi və burqaya görə nəfəs ala bilmirdim. Nəfəsimi dərmək üçün örtüyü çox qısa müddətə ağzımdan aşağı çəkdim. Birdən-birə mikroavtobusa girən taliblər məni və yanımdakı başqa qadınları şallaqladı."
"Başıma nə qədər zərbə vurduğumu xatırlamıram, məni huşumu itirənə qədər döydülər. Digər qadınları da döyərkən deyirdilər ki, niyə yanındakı qadına burqasını açmağa icazə verirsən? Dörd gün xəstə qaldım, amma bir dənə də olsun ağrıkəsici tapa bilmədim."
Fərzanə həmçinin kiçik qardaşının başına gələn bir hadisəni də yada salır: "Bir gün Taliban məhəllənin bütün kişi sakinlərini axşam çox yaxşı bir matç olacaq deyə, stadiona çağırdı. Kiçik qardaşım oradan gələndə danışa bilmirdi. Bir qadını stadionun ortasında edam etdilər, kişilər isə bunu izləməyə məcbur olundu."
"Özümü tam insan olaraq hiss etməyə başlamışdım ki, Taliban yenidən gəldi"
90-cı illərdə hakimiyyətə gələn Talibanın hökmranlığı beş il davam etdi.
Farzanə, Taliban rejiminin sona çatması ardınca orta təhsilini davam etdirdi. Universitetin ədəbiyyat şöbəsini bitirdikdən sonra, dövlət qurumlarında məmur işləməyə başladı.
"Qəzetlər evlərə yol tapmasın deyə, ərzaq mağazalarında çörəyi də qəzetə bükməyi qadağan etdilər. Bəzən zibil qutularını gəzib üzərində yazı olan nəysə bir şeyləri tapmağa çalışırdım. Yarımçıq oxuduğum dərsliklərimi hər gün təkrar-təkrar oxuyardım."
"Taliban gedən kimi məktəbə qayıtdıq, hərçənd nə bina, nə pəncərə, nə də masalar var idi. Amma bu siniflərə girdik. Yalnız mən yox, bütün qızlar həqiqətən də oxumaq həvəsində idi. Bütün çətinliklərə və yoxsulluğa baxmayaraq oxuduq."
"Dörd övladım olsa da, universitetə girdim, çünki çox oxumaq istəyirdim. Həyatımı tam qaydaya salmışam deyərkən, hər şey yenidən məhv oldu".
"Həm qadınsınız, həm də işləyirsiniz, sizi öldürəcəyik"
Həyatını nizama salıb "özünü insan kimi hiss etməyə başlayarkən" yenidən hücuma məruz qaldığını deyən Fərzanə, Əfqanıstandan qaçmasına səbəb olan hadisələri yada salır.
"2014-cü ildə, seçki idarəsində işləyərkən telefon təhdidləri almağa başladıq, bizə deyirdilər ki, "hər ikiniz qadınsınız və seçki idarəsində işləyirsiniz, sizi öldürəcəyik". Bizi qorxutmağa çalışdılar, amma mən qorxmadım."
"Bir gün ofisdə işləyərkən bir partlayış baş verdi, pəncərələr sındı. Dərhal otağa girib kilidləndik, amma onlar qapını sındırıb içəri girdilər. Yarım metr məsafədən bizə atəş açıldı. Çox insan öldü."
"Beş saat qan içində yatıb, özümü ölülüyə vuraraq sağ qaldım. Yanımda yerə sərilən başqa bir yaralı dostuma əl işarəsiylə bildirdim ki, Talibanın hələ də içəridə olduğu üçün səsini çıxarmasın. 4 gün keçəndən sonra gözlərimi xəstəxanada açdım. Bədənimdən 9 güllə çıxarıldı".
"Talibanın kəsdiyi əllər quruyana qədər ağaclarda asılı qaldı"
Bir il əvvəl altı uşağı ilə Əfqanıstandan qaçaraq Ankarada məskunlaşan Dr. Süheylə Həmidi ilə görüşürük.
Doktor Həmidi, Avropa ölkələrinə ailəsi ilə birlikdə viza üçün müraciət edərkən, ərizələrdə əsl adı ilə fotoşəkillərin olmasında heç bir təhlükə görmür. Söhbət etdiyimiz digər Əfqan qadınları, Türkiyədə olsalar da, Taliban təhlükəsinə görə, həqiqi adlarının göstərilməsini istəmirlər.
Həmidi, 90-cı illərdə tibb fakültəsinin tələbəsi olarkən qəfildən dörd illik "həbsxana həyatını" yaşamalı olduğunu və hələ də o günlərin zorakı görüntülərini yaddaşından silə bilmədiyini deyir.
"Bir gün qardaşımı yanıma alaraq alış-veriş üçün bayıra çıxdımışdıq. Taliban oğurluq etdiyi deyilən dörd nəfəri götürüb apardı. Ertəsi gün küçəmizdəki ağacların üstündə oğurluğa görə biləkdən kəsilən əllər asılmışdır. O kəsilən əllər quruyana qədər ağaclarda asılı qaldı".

Şəklin mənbəyi, Fundanur Özturk
"Bir dəfə qardaşlarımla küçə döyüşünün ortasında qaldıq. Tanımadığımız evlərin qapılarını döyüb yalvarırdıq ki, bizi içəri buraxsınlar. Nəhayət, bir evin qapısı açıldı və gecəni orada keçirdik. Ertəsi gün evə gedərkən, küçədə sərilmiş cəsədlərin arasından keçirdik."
Həmidi deyir ki, Taliban rejimi dövründə dünyada baş verənlərdən yalnız radioyadan xəbər tuta bilirdilər.
"Şəhərimizə həftədə yalnız iki dəfə elektrik verildi. Evlərə girib televizorları sındırdılar, yalnız radioya qulaq asa bilirdik. Bizə musiqi dinləmək və mobil telefonu istifadə etmək qadağan idi. Kirayə kitablarını gizli oxuyub, öz aramızda paylaşa bilirdik."
Gənc kişilərin casusluğa görə və ya müharibəyə getmək bəhanəsiylə evdən aparıldığını söyləyən Həmidi 23 ildir ki, oğurlanmış iki əmisiuşağından xəbəri olmadığını deyir.
"Qızlarım mənim yaşadıqlarımı yaşamasın deyə Əfqanıstanı tərk etdim"
Talibanın süqutundan sonra universitetə qayıdan Həmidi, tibb fakültəsindəki təhsilinin qalan dörd ilini də başa vuraraq həkim oldu.
Həmidi, bundan sonra iyirmi ilin keçməsinə baxmayaraq, Talibanın yenidən qayıtması ardınca Əfqanıstandan çıxmaq qərarına gəldiyini deyir.
"Taliban yoxa çıxsa da, əfqanıstanlı kişilər Taliban kimi düşünməyə başladı və Taliban zehniyyətini mənimsədilər. Universitetə qayıtdıqdan bir neçə ay sonra burqamızı çıxarmağa cəsarət etdik. Qadınlar iyirmi il ərzində vuruşaraq müəyyən azadlıqlar əldə edə bilmişlər. Amma indi hər şey geriyə döndü, iyirmi illik mübarizə yox oldu."
"Universitetdəki sinif yoldaşım Dr. Kamilənin böyük qızı bu il universitetə girdi. Kamilə ilə sonuncu dəfə telefonla danışanda o, ağlayaraq "Taliban iyirmi il əvvəl mənə yaşatdığını indi qızıma da yaşatdırır" dedi. Mən qızlarım mənim yaşadıqlarımı yaşamasın deyə Əfqanıstanı tərk etdim".
Həmidinin Türkiyədə həkim kimi işini davam etdirməsi üçün o, türk dilində keçirilən peşə ixtisası üzrə ekvivalentlik imtahanını verməlidir.
İxtisası üzrə işləyə bilməyəcəyindən qorxduğunu deyən Həmidi, "xəbərlərdə Talibanın səsini eşitməyə tab gətirə bilmirəm" deyir. Yadıma keçmişdə yaşadığımız əzablar düşür. Orada baş verən hər şey mənə keçmişi xatırladır".
"Taliban hərbçi ailələrdən olan qadın və uşaqları təqib edir"
Talibanla döyüşlərdə ailəsinin iki kişi üzvünü itirən əfqan qadınlarla danışırıq.
Dışkapı məhəlləsində yaşayan qadınlardan biri deyir ki, əsgər ailələrinə mənsub olduqlarını bilən Taliban onları illərcə izləyib və nəticədə ailə ölkəni tərk etmək məcburiyyətində qalıb.
48 yaşlı Şəfiqə 5 ay əvvəl iki uşağı ilə birlikdə Türkiyəyə gəlib.

Şəklin mənbəyi, Fundanur Özturk
İki il əvvəl Talibana qarşı döyüşdə ərini itirdiyini deyən Şəfiqə, o vaxtdan bəri iki uşağı ilə birlikdə təhlükə altında yaşadığını söyləyir: "Ərim öldükdən sonra uşaqlarıma baxmaq üçün işləməyə başladım. Daim təhdid edən zənglər alırdım. Mənə deyirdilər ki, "işini burax, evdə qal. Əks halda səni elə ərin kimi öldürəcəyik, uşaqlarınızı qaçıracağıq.
Telefon nömrəmi dəyişdim, amma yeni nömrəmi tapıb təhdidlərə davam etdilər."
"Taliban yaşadığımız şəhərin 10 kilometrliyinə yaxınlaşdı. Artıq uşaqlarımı da götürüb qaçmaqdan başqa çarəm qalmamışdı. Dağ yollarında ölümü nəzərdən keçirsək də, qaçmalı idik, çünki Talibanı izimizdən azdıra bilməmişdik. Ərimin əsgər olduğunu bildikləri üçün bizi izləyirdilər".
Türkiyə sərhədindən avtobuslarla birbaşa Ankaraya gəldiyini söyləyən Şəfiqə, artıq Əfqanıstana qetməyin mümkün olmadığını deyir.
"Türkiyəyə çatmaq üçün beş saat dağlarla yol gəldik. Yorğunluqdan huşumu itirəndə əfqanlar köməyimə gəldilər. Daim maşın dəyişdirərək və yolumuzda əfqanların evlərində qalaraq Ankaraya gəlib çatdıq."
"Həyatım və peşəm üçün çox mübarizə apardım, amma alınmadı"
6 yaşında ikən tanınmış polkovnik olan atasını Talibanla savaşda itirdiyini deyən Zəhra, o illərdən bəri keçən vaxta baxmayaraq ailəsinin rahat yaşaya bilmədiyini deyir.
"Gözlərimi açandan bəri müharibədən başqa heç nə görməmişəm. Ailəmdən 8 kişi şəhid olub. Talibanın ilk dəfə Əfqanıstana gələn gecə ailəmizə məxsus 5 evə basqın edildi. Daimi təhlükə altında qaçaraq yaşadıq."

Şəklin mənbəyi, Fundanur Özturk
Taliban tərəfindən qaçırılmaması üçün 17 yaşında əmisi oğlu ilə evlənməli olduğunu deyən Zəhra, hər şeyə baxmayaraq, tibb fakültəsini bitirib həkim oldu.
"Həkim kimi işə başlamaq mənim üçün daha riskli idi. Taliban ailəmizə qarşı təhdidlərini davam etdirdi. Hara getsək də izimizə düşürdülər, telefonlarımızı tapırdılar".
"Şəxsi klinikamı açmaq üçün sənədləşmə işləri ilə məşğul olarkən, təhdidlər də tədricən artmağa başladı. Yəqin ki, hər yerdə təmasları vardı və xəbər verirdilər, əks halda məni necə tapa bilərdilər?"
"Bir gün böyük qızım universitetdə diş həkimi bölümündə oxuyarkən, telefon zəngi gəldi, ya "qızını bizə ver, ya da onu qaçıracağıq" dedilər. Dövlətə şikayət etdik, bizi qorumaq üçün evimizin ətrafında bir neçə əsgər qaldı, amma təhdid edənlər heç tapılmadı".

Şəklin mənbəyi, Fundanur Özturk
Zəhra hər şeyi geridə qoyub beş övladını qorumaq naminə qaçaqmalçı yollarla Türkiyəyə gəldiyini söyləyir.
"Türkiyəyə gələndə izimi itirmək üçün iki il heç kimlə əlaqə saxlamadım. Depressiyaya düşdüm, özümü öldürmək istədim, amma sonra uşaqlarıma baxıb, onları kim böyüdəcək deyə düşündüm?"
"Ailəmi dolandırmaqla yanaşı bir qadın olaraq öz ayağım üstə dayanacaqdım, amma bacarmadım. Həyatım, uşaqlarım və peşəm uğrunda çox mübarizə apardım, lakin alınmadı."
Söhbət etdiyimiz bütün əfqan qadınları, Taliban rejimindən sonra məktəbə qayıdıb, işə düzəlsələr də, hələ də Taliban zülmündən yaxa qurtara bilmədiklərini deyirlər.
Türkiyədə mühacir həyatını yaşayan bu qadınlardan heç biri, Əfqanıstanda çətinliklərlə qazandıqları peşəni davam etdirməyə imkan tapa bilmirlər.









