Talibanın yeni hökumətindən narazılıq: BMT-nin "qara siyahısı"nda olanlar var

Molla Məhəmməd Həsən Axund

Şəklin mənbəyi, Alamy

Şəklin alt yazısı, Əfqanıstanın keçid hökumətinə Molla Məhəmməd Həsən Axund rəhbərlik edəcək

ABŞ Talibanın Əfqanıstanın yeni, kişilərdən ibarət, ABŞ qüvvələrinə hücumlarla əlaqəli hökumətini təqdim etməsinin ardından "narahatlığını" bildirib.

ABŞ Dövlət Departamenti çərşənbə axşamı günü verilən açıqlamanı "qiymətləndirdiyini" açıqlayıb.

Əfqanıstanda Talibanın müvəqqəti kabinetinə BMT-nin qara siyahısında olan Molla Məhəmməd Həsən Axund rəhbərlik edir. Başqa bir şəxs - Siracuddin Haqqani FTB (Federal Təhqiqat Bürosu) tərəfindən axtarılır.

ABŞ senatoru Lindsey Graham yeni müvəqqəti kabineti "quldurlar və qəssablar dəstəsi" olaraq xarakterizə edib.

O, ABŞ Prezidenti, demokratçı Joe Biden-in Əfqanıstandan çəkilmə qərarını "pis məsləhət" kimi qınayan bir sıra respublikaçıdan biridir.

Çərşənbə axşamı Əfqanıstanı "İslam əmirliyi" elan edən Taliban hökuməti münaqişədən əziyyət çəkmiş ölkədə iqtisadiyyatı sabitləşdirmək və beynəlxalq miqyasda tanınmaq baxımından çətin vəziyyətdədir.

Qrup əvvəllər inklüziv bir hökumət qurmaq istədiyini bildirmişdi.

"Açıqlanan adlar siyahısının yalnız Taliban üzvü və ya yaxın təmasda olanlardan ibarət olduğunu və qadınların olmadığını qeyd edirik," - ABŞ Dövlət Departamenti çərşənbə axşamı verdiyi bəyanatda bildirib.

"Bəzi şəxslərin mənsubiyyətləri və fəaliyyət tarixçəsi də bizi narahat edir".

Açıqlamada deyilir ki, ABŞ Talıbanı sözlərinə görə yox, "hərəkətlərinə görə" mühakimə edəcək.

Taliban hökumətində kim var?

Yeni elan edilən Əfqanıstanın keçid hökumətinə Taliban hərəkatının həmtəsisçilərindən biri, molla Məhəmməd Həsən Axund rəhbərlik edəcək, təşkilatın sözçüsü jurnalistlərə bildirib.

"Biz bilirik ki, ölkəmizin sakinləri yeni hökuməti gözləyirdi", - Zabiullah Mücahid jurnalistlərə bildirib.

Taliban artıq üç həftədən çoxdur ki, Əfqanıstanın böyük hissəsi üzərində nəzarəti öz əlinə alıb.

Keçid hökumətdə müdafiə naziri vəzifəsinə molla Yaqub təyin olunub. Əmir Xan Muttəki Xarici İşlər Nazirliyinə rəhbərlik edəcək. Onun müavini vəzifəsinə Talibanın həmtəsisçilərindən olan molla Əbdül Qani Bəradər təyin olunub.

Yeni hökumətdə daxili işlər naziri vəzifəsini ABŞ-ın Federal Təhqiqatlar Bürosu tərəfindən axtarışa verilən Siracuddin Haqqani icra edəcək. O, iyirmi ilə yaxın davam edən ölkədaxil münaqişədə ən ölümcül hücumların arxasında duran silahlı Həqqani şəbəkəsinin rəhbəridir.

Daha geniş Taliban hərəkatından fərqli olaraq, Haqqani şəbəkəsi ABŞ tərəfindən terrorçu təşkilatlara aid edilib.

Keçid hökumətinin elanı Nazirlər Kabinetinin qurulmasında əsas mərhələ sayılır.

Taliban hakimiyyətə gəldikdən sonra, ona qarşı yeganə müqavimət mərkəzi olan Pəncşir vadisini nəzarət altına aldığını bildirib. Qrup bazar günü sosial mediada döyüşçülərin Pəncşirdə Taliban bayrağını qaldırdığı görüntülərini yayıb. Müqavimət göstərən döyüşçülər isə "döyüşlərin davam etdiyini" bildirirlər.

Talibana qarşı döyüşə hazırlaşan Əfqanıstan hərbiçisi

Şəklin mənbəyi, Getty Images

Əfqanıstanın paytaxtı Kabildən 150 km şimal-şərqdə yerləşən Pəncşir vadisi, Taliban əleyhinə müqavimətin "son qalası" olaraq göstərilir.

Hündür dağlar arasındakı vadidə 1979-89-cu illərdə Sovet işğalına, 1996-2001-ci illərdə isə Taliban əleyhinə mübarizə aparılıb.

BBC Əfqan Xidmətindən Mariam Aman deyib ki, "Bu ərazi son 20 ildə Əfqanıstanın ən təhlükəsiz bölgəsi olaraq görülüb".

Uzun müddət Pəncşir bölgəsi Əfqanıtanının 34 əyaləti arasında Talibanın ələ keçirə bilmədiyi yeganə yer olub.

Əfqanıstan

Şəklin mənbəyi, Getty Images

Əfqanıstanda keçmiş döyüşçü Əhməd Şah Məsud Pəncşirin müqavimət tarixində Taliban əleyhinə döyüşən əhəmiyyətli bir şəxs olub. O 1980 və 1990-cı illərdə bölgədə muxtariyyət mübarizəsinə rəhbərlik edib. 2001-ci ildə ABŞ-da 11 sentyabr hücumlarından iki gün əvvəl Əl-Qaidə tərəfindən öldürülüb.

"Pəncşir aslanı" (Pəncşir "beş şir" deməkdir) ləqəbli Məsudun afişalarını bütün Əfqanıstanda görmək olar.

Talibana qarşı son döyüşənlərə Əhməd Şah Məsudun 32 yaşlı oğlu Əhməd Məsud rəhbərlik edib.

Taliban əfqanların ölkəni tərk etmələrinin "tərəfdarı deyil"

Taliban
Şəklin alt yazısı, Taliban sözçüsü Zabihullah Mücahid mətbuat konfransında əfqan vətəndaşlarını evə qayıtmağa çağırıb

Ötən ay Taliban bütün xarici vətəndaşların 31 avqust tarixinə qədər evakuasiya edilməsini istəyir və əfqanlara ölkəni tərk etmək icazəsinin verilməsi "tərəfdarı deyil." Bunu Kabildə keçirilən mətbuat konfransında Talibanın sözçüsü Zabihullah Mücahid BBC-nin sualına cavab verərkən bildirib.

Taliban sözçüsü əfqan vətəndaşlarını evə qayıtmağa çağırır və ABŞ-dan əfqanları ölkəni tərk etməyə təşviq etməməsini xahiş edir.

Zabihullah Mücahid hesab edir ki, qadınların işə getməsinin qarşının alınması daimi olmayacaq və deyib ki, rəsmilər qadınların işə qayıtmasını mümkün edən bir prosedur hazırlamağa çalışır.

O deyib ki, xarici səfirliklərə təhlükəsizlik təminatları verilib və onları bağlanmamağa və işi dayandırmamağa çağırıb.

Məktəblər, universitetlər və mədrəsələr, eləcə də xəstəxanalar, yerli özünüidarəetmə orqanları, televiziya və radiostansiyalar işlərini yenidən davam etdirir, Taliban sözçüsü qeyd edib.

Bundan əvvəl Talibanın Kabil vilayətində rəsmi nümayəndəsi Əbdül Rəhman Mansur keçmiş prezident Həmid Kərzai və Milli Barışıq üzrə Ali Şuranın sədri Abdullah Abdullah ilə görüşüb.

Bu arada Taliban üzvləri NATO qüvvələri ilə əməkdaşlıq edən və ya Əfqanıstanın əvvəlki hökumətində işləyən insanların axtarışına başlayıblar, BMT üçün hazırlanan sənəddə deyilir.

Həmçinin Qərb mediası ilə əməkdaşlıq edənlərə və onların ailə üzvlərinə qarşı hücumlar haqqında da məlumatlar mövcuddur.

BBC-nin tanış olduğu sənəddə deyilir ki, fərdi evlərə gələn Taliban üzvləri axtarılan şəxslərin onlara verilməsini tələb edirlər, əks-təqdirdə qisas almaqla hədələyirlər.

Əfqanıstanın paytaxtı ələ keçirildikdən sonra, Taliban rəhbərliyi beynəlxalq ictimaiyyəti əmin edib ki, o, qisas almaq niyyətini güdmür və sabiq hökumət və Qərb təşkilatları ilə işləyən əfqanlara "amnistiya" vəd edib.

Talibanın əlində "qara siyahının" olması barədə xəbərdarlıq BMT-ni kəşfiyyat məlumatı ilə təmin edən Norveçin Qlobal Təhlil Mərkəzi tərəfindən hazırlanan sənəddə əks olunur.

BBC-yə danışan Mərkəzin rəhbəri bildirir ki, taliblərin "qara siyahısında" olan insanlar ciddi təhlükə altındadır. Kristian Nellemann-ın sözlərinə görə, tezliklə kütləvi edamların başlanmasını gözləmək olar.

Amnesty International insan haqları qrupunun yaydığı məlumata görə, Taliban bu yaxınlarda Əfqanıstanda əsasən şiə Həzara azlığına mənsub bir neçə nəfərə işgəncə verib və "vəhşicəsinə öldürüb".

Həzaralar Əfqanıstanın üçüncü ən böyük etnik qrupudur.

Taliban döyüşçüləri Kabildə

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ötən həftə Taliban hərəkatının siyasi lideri Molla Ədbül Qani Bəradər (mərkəzdə) yeni hökumətin tərkibi ilə bağlı müzakirələrə başlamaq üçün Kabilə gəlib

Kabilin alınmasından sonra Taliban rəhbərliyi hərəkatın daha mötədil olduğunu göstərmək istəyir, lakin "işgəncə və qırğınlar" haqqında məlumat yayan Amnesty International Talibanın dəyişmədiyini bildirir.

Taliban ölkəni ələ keçirəndən bəri qonşu ölkələrin hökumətləri və Qərb dövlətləri böyük miqyaslı miqrant böhranına qarşı tədbirlər görməyə başlayıblar.

BMT-nin məlumatına görə, təxminən 780.000 əfqanın yaşadığı İran sərhədçilərinə keçid məntəqələrində gördükləri Əfqanıstan vətəndaşlarını geri qaytarmağı tapşırıb.

Rəsmi qeydiyyatda olan 3,6 milyon suriyalı qaçqın və təxminən 320 min başqa millətin yaşadığı Türkiyə uzun müddətdir ki, İrandan keçərək gələ biləcək əfqan miqrant dalğasından narahatdır.

Prezident Recep Tayyip Erdoğan yüzlərlə əfqanın ölkəyə keçdiyi İran sərhədi boyunca beton divarın inşasını başa çatdıracağına söz verib.

ABŞ-ın tələbi ilə Uqanda 2000 əfqan qaçqını qəbul edib.

Kanada Taliban liderlərinin intiqam cəhdlərindən qorumaq üçün aralarında qadın liderlər, insan haqları işçiləri və jurnalistlər də daxil olmaqla 20.000 nəfəri qəbul edəcəyini açıqlayıb.

Böyük Britaniya da beş il ərzində 20.000 insanı məskunlaşdıracağını vəd edib. İlk 5000 qaçqının bu il gəlməsi planlaşdırılır.

Həmçinin oxuyun: