Azərbaycan: "Sülhməramlıların həyatına hazırda təhlükə yoxdur", Talibanla hansı ölkələr danışıqlar aparır?

Şəklin mənbəyi, flightradar24.com
Kabildəki Türkiyə vətəndaşlarını təxliyə edən təyyarə İstanbula çatıb.
Əfqanıstan paytaxtı Kabildə Beynəlxalq Hava Limanından yola düşən və 324 nəfər Türkiyə vətəndaşını evakuasiya edən Türk Hava Yolları təyyarəsi bazar ertəsi İstanbul hava limanına enib.
Koronavirus tədbirləri çərçivəsində 324 vətəndaş İstanbul hava limanında Covid -19-a qarşı testdən keçiriləcək.
Azərbaycan MN: "Azərbaycan sülhməramlılarının həyatına təhlükə yoxdur"

Şəklin mənbəyi, Anadolu Agentliyi
Azərbaycan Müdafiə Nazirliyi elan edib ki, hazırda Əfqanıstanda sülhməramlı missiya həyata keçirən 120 hərbçisinin həyatına təhlükə yoxdur.
Qurum bazar ertəsi günü bildirib ki, bölgədə vəziyyət gərgin olsa da Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri hava limanının sektorunda gərginlik yoxdur.
"Şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Rəsmi Bakı Azərbaycanın sülhməramlı əsgərlərinin Türkiyə qüvvələri tərkibində Əfqanıstanda missiyalarını davam etdirdiklərini bildirib.
"Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir", - Azərbaycan Müdafiə Nazirliyinin bəyan edib.
Bazar günü bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Taliban Əfqanıstanın paytaxtı Kabili ələ keçirib və qalibiyyətini elan edib.
"Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, - Azərbaycan MN-in bəyanatında deyilir.
Qurum "Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyətin yaxından izlənildiyini" də bildirib.
Əfqanıstanda və Kabildəkı vəziyyətin diqqətlə izlənildiyini Türkiyə mənbələri də qeyd edib.
Bazar ertəsi günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla söhbəti zamanı Əfqanıstanda Türkiyə və azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.
Son dövrlərdə Türkiyə Əfqanıstanda NATO qüvvələri tərkibində təxminən 600 nəfərlik hərbi kontingetlə iştirak edib və bu heyətin əsas vəzifəsi Kabil beynəlxalq aeroportunun təhlükəsizliyini təmin etmək olub.
Vəziyyət dəyişib
Bir neçə ay bundan əvvəl ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxacağı qərarı veriləndən sonra Qərbin nəzərləri Türkiyəyə tərəf yönəldi.
ABŞ və NATO Türkiyədən Əfqanıstanda vəzifəsini, yəni Kabil beynəlxalq aeroportunu qorumağa davam etməyi xahiş etdi.
Türkiyə bu xahişə pozitiv reaksiya verdi və müvafiq hazırlıqlar görməyə və danışıqlar aparmağa başladı.
Lakin Ankara Kabildəki aeroportun təhlükəsizliyinin təmin edilməsilə bağlı həm ABŞ, həm Talibanla danışıqlar apardığı bir vaxtda talibançıların Kabili mühasirəyə alması türk mənbələrinə görə, "vəziyyəti dəyişib".
Əfqanıstanda baş verən hadisələrlə bağlı Türkiyənin diplomatik mənbələri BBC Türkcəyə bildiriblər ki, Türkiyə səfirliyinin əməkdaşlarının Kabil səfirliyinin və türk əsgərlərinin Əfqanıstandan təxliyə edilməsinə dair qərar verilməyib və hazırda "hadisələr diqqətlə izlənilir."
Təmaslar davam edir

Şəklin mənbəyi, Getty Images
Türkiyə son günlər taliblərin ölkə daxilində sürətlə irəliləməsi və Kabilə yaxınlaşması şəraitində evakuasiya üçün lazımi tədbirlər görüb.
Eyni zamanda, Taliban və Türkiyə arasında danışıqlar da davam edir.
BBC-ni məlumatlandıran türk təhlükəsizlik məmuru bildirib ki, son hadisələr fonunda Türkiyənin Kabil hava limanında yerinə yetirəcək missiya artıq "taliblərin razılığı olmadan reallaşa bilməz."
Ankara həm Talibanla təmasları davam etdirir, həm də Kabil hava limanında missiyasının yerinə yetirilməsinə hazırlaşır.
Türkiyə təmsilçilərinin Talibanla yüksək səviyyədə görüşü gündəlikdədir, diplomatik mənbələr BBC-yə deyib.
"Söhbət etdiyimiz məmurlar bildirirlər ki, yekun qərar qəbul etmək hələ tezdir", BBC Türkce qeyd edib.
Taliblərlə kim danışıqlar aparır?
Qərb ölkələrinin əksəriyyəti öz diplomatlarını Əfqanıstandan evakuasiya edir, Britaniyanın Baş naziri Boris Johnson digər ölkələri Talibanı Əfqanıstanın qanuni hakimiyyəti kimi tanımamağa çağırıb.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Pekinin Əfqanıstanla münasibətləri daha da inkişaf etdirmək imkanından şad olduğunu bəyan edib. "Taliban Çinlə əlaqələrin yaxşılaşacağına ümid etdiyini dəfələrlə bəyan edib və Əfqanıstanın bərpasında Çinin iştirakından məmnun qalacağını deyib", - Xua Çunyin bildirib. Onun sözlərinə görə, Taliban Çinin Əfqanıstandakı maraqlarına zərər vuran hərəkətlərə yol verməməyi öhdəsinə götürüb.
Rusiya səfiri Dmitri Jirnov Rusiya səfirliyinin təhlükəsizliyini müzakirə etmək üçün çərşənbə axşamı Talibanın nümayəndəsi ilə görüşməlidir. Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bazar ertəsi bildirib ki, talibançılar səfirliyin qarşısını mühafizə altına alıblar, lakin diplomatların bir hissəsi evakuasiya olunacaq.
İran prezidenti İbrahim Rəisi bildirib ki, ABŞ-ın Əfqanıstandakı siyasətinin iflasa uğraması talibançıların uzunmüddətli sülh yaratmasına və ölkədə təhlükəsizliyin bərpasına imkan verəcək.








