Taliban döyüşçüləri BBC-yə: "Əfqanıstanda müharibəyə "amerikalılar başladı"

- Müəllif, Secunder Kermani
- Vəzifə, BBC News, Əfqanıstan
Bizim görüşdüyümüz Taliban döyüşçüləri Əfqanıstanın ən böyük şəhərlərindən biri olan Məzari-Şərifdən 30 dəqiqə aralıdadırlar.
Onların nümayiş etdirdiyi qənimətlər arasında Humvee (hərbi maşın), iki pikap avtomobili və çoxlu sayda pulemyot var. Yerli hərbi komandir, əvvəllər mədrəsədə təhsil almış soyuqqanlı Eynuddin silahlı izdahımın mərkəzində dayanıb.
Qiyamçılar demək olar ki, hər gün yeni ərazini ələ keçirir, bütün beynəlxalq qoşunlar isə çıxarılıb. Ortada qalan qorxu içində olan əhalidir.
Son həftələrdə on minlərlə sadə əfqan evlərini tərk etməyə məcbur olub, yüzlərlə insan isə qətlə yetirilib və ya yaralanıb.
Eynuddindən bütün bu zorakılığa necə haqq qazandırdığını soruşuram.
"Bu müharibədir, insanlar ölür", o soyuqqanlıqla cavab verir və əlavə edir ki, onlar "dinc əhaliyə zərər vurmamaq üçün" əllərindən gələni edirlər.
Mən qeyd edirəm ki, döyüşləri Taliban başlayıb.
"Yox", o cavab verir. Bizim hökumətimiz var idi və o devrilib. Döyüşləri onlar [amerikalılar] başladı".

Eynuddin və Talibanın digər üzvləri hesab edirlər ki, indi güc onların əlindədir və onlar 2001-ci ildə ABŞ-ın işğalı nəticəsində devrildikdən sonra hakimiyyətə qayıtmaq ərəfəsindədirlər.
"Onlar qərb mədəniyyətindən əl çəkməyiblər… ona görə də onları öldürməliyik", o, Kabildəkı "kukla hakimiyyətdən" danışır.
Söhbətimizi başa vurduqdan dərhal sonra başımızın üstündə helikopterlərin səsini eşidirik. Humvee və Taliban döyüşçüləri dərhal dağılışırlar. Bu onu göstərir ki, Əfqanıstan hava qüvvələri hələ də üsyançılara qarşı təhlükədir və müharibə hələ başa çatmayıb.
Biz İslam dünyasının məşhur mistik şairi Cəlaləddin Ruminin doğma şəhəri hesab olunan Bəlxdəyik.
Biz ilin əvvəli, hələ hökumətin nəzarətində olanda buradan keçmişdik, lakin onun kəndləri Talibanın əlində idi. Amma indi bura son hücumlar zamanı üsyançıların nəzarətinə keçmiş təxminən 200 rayon mərkəzindən biridir.
Bir yüksək rütbəli Taliban rəsmisinin bildirdiyinə görə şimalın hədəf alınması məqsədlidir, təkcə ona görə yox ki, həmin bölgə ənənəvi olaraq Talibana qarşı güclü müqavimət göstərib, həm də ona görə ki, bura müxtəlifliyi ilə fərqlənir.
Baxmayaraq ki, rəhbərlikdə əsasən çoxluğu puştunlar təşkil edir, rəsmilər bildirir ki, Taliban digər etnik qruplarla da əlaqələr qurmaq istəyir.

Bəlx şəhərindəki yerli Taliban lideri olan Hacı Hikmət, bizə gündəlik həyatın necə davam etdiyini göstərməkdə maraqlıdır.
Gənc məktəbli qızlar küçələrdədir (digər yerlərdə qızların məktəbə getməsinə qadağa qoyulduğu bildirilir). Bazarda hələ də izdiham var, kişi və qadın alıcıları görmək mümkündür.
Yerli mənbələrin bizə bildirdiyinə görə, qadınlar yalnız kişilərin müşayiəti ilə küçələrə çıxa bilərlər, lakin biz orada olanda bu belə deyildi. Başqa yerlərdə Taliban komandirlərinin daha sərt olduqları bildirilir.
Gördüyümüz bütün qadınlar başı və üzü tamamilə örtən burqa geyinirlər.
Hacı Hikmət isə iddia edir ki, heç kim "məcbur" edilmir və Taliban sadəcə qadınların bu cür geyinməli olduğunu "təbliğ edir".

Lakin mənə dedilər ki, taksi sürücülərinə tapşırıq verilib ki, qadınlar tamamilə qapalı olmadıqda onları şəhərə aparmasınlar.
Biz oranı tərk etdikdən bir gün sonra məlumat yayıldı ki, bir gənc qadın geyiminə görə qətlə yetirilib. Lakin Hacı Hikmət Taliban üzvlərinin buna cavabdeh olmadığını bildirir.
Bazarda bir çoxları qruplaşmaya dəstəklərini ifadə edir və təhlükəsizliyi təmin etdikləri üçün onlara minnətdarlıqlarını bildirirlər. Lakin Taliban döyüşçüləri hər zaman yanımızda olduğuna görə yerli sakinlərin həqiqətən nə düşündüklərini bilmək çətindir.
Qruplaşmanın sərt siyasəti daha mühafizəkar əfqanları qane edir, lakin indi Taliban bir çox böyük şəhərə nəzarəti ələ almağa çalışır.
Keçən həftə qadın və kişilər Məzari-Şərifin Göy Məscidinin kölgəsində daha rahat hərəkət edirdilər.
Hökumət hələ də şəhərə nəzarət edir və demək olar ki, danışdığım hər kəs Talibanın dirçəlməsindən narahatlığını ifadə edirdi, xüsusilə də gənc nəslin "azadlıqları" baxımından.
Lakin Bəlx qəsəbəsində Taliban rəqib hökumət formalaşdırır. Onlar şəhərdəki bütün rəsmi binaları ələ keçirirlər.

İndi tərk edilmiş polis binası onların amansız rəqibi hesab edilən yerli polis rəisinin qərargahı olub və qruplaşma şəhərə nəzarəti ələ alarkən partladılıb.
Talibanın bölgə qubernatoru Abdullah Manzoor bu əməliyyatdan danışarkən dişlərini ağardır, onun silahdaşları da ona qoşularaq gülürlər. Buradakı döyüş də Əfqanıstan digər yerlərində olduğu kimi həm şəxsi, həm də ideoloji xarakter daşıyır.
Taliban nəzarəti ələ keçirdikdən sonra bəzi şeylər dəyişməyib - küçə təmizləyənlər və bəzi bürokratlar hələ də işləyirlər. İndi onlara yeni təyin edilmiş Taliban meri rəhbərlik edir. Onun arxasında əyləşdiyi taxta masanın üzərində "Əfqanıstan İslam Əmirliyinin" kiçik bayrağı yerləşdirilib.
O əvvəllər silah təminatına nəzarət edib, indi isə vergilərə. O qürurla bildirir ki, Taliban əvvəlki hökumətə nisbətən sahibkarlardan daha az vergi alır.
Lakin hərbidən normal həyata dönüş hələ də davam edir. Müsahibəmiz zamanı merin arxasında dayanmaq istəyən əli silahlı Taliban döyüşçüsünü oradan uzaqlaşdırırlar.
Digər yerlərdə üsyançıların İslamı sərt təfsir etməsi daha çox gözə çarpır. Əvvəllər yerli radioda həm İslam musiqisi, həm də populyar musiqi eşidilərdi.

İndi isə sadəcə dini mahnılardır. Hacı Hikmət deyir ki, onlar ictimai yerlərdə "bayağılığı" təbliğ edən musiqiyə qadağa qoyublar. Lakin o iddia edir ki, hər kəs öz istədiyi musiqiyə qulaq asa bilər.
Lakin mənə dedilər ki, yerli sakinlərdən birini bazarda musiqiyə qulaq asarkən tutublar. Deyilənə görə Taliban döyüşçüləri cəza olaraq onu günün altında ayaqyalın gəzməyə məcbur ediblər, huşunu itirənə qədər.
Hacı Hikmət iddia edir ki, belə şey baş verməyib. Biz oranı tərk edəndə o, bir neçə gənc işçini göstərək deyir ki, onların saqqalı yoxdur.
"Baxın! Biz heç kimi məcbur etmirik", o gülərək deyir.
Aydındır ki, qruplaşma dünyaya mülayim sifətini göstərmək istəyir. Lakin ölkənin başqa yerlərində Talibanın daha sərt davranması ilə bağlı məlumatlar var. Bu fərqlər yerli komandirlərin münasibətindən irəli gələ bilər.
Qərb Talibana aldığı bəzi yerlərdə həyata keçirilən qisas qətlləri və digər insan haqları pozuntularına görə xəbərdarlıq edib.
Bir çoxları Talibanın əvvəllər şəriətə uyğun həyata keçirdiyi qəddar cəzaları xatırlayır.
Keçən ay cənubdakı Hilmənd əyalətində qruplaşma körpüdən uşaq qaçırmaqda ittiham etdiyi iki nəfəri asıb.
Bəlxdə Talibanın həyata keçirdiyi məhkəmə iclasına baş çəkdiyimiz gün bütün iddialar torpaq mübahisələri ilə bağlı idi. Bir çoxları onların ədliyyə sistemindən qorxu keçirsə də, digərləri üçünsə Taliban əvvəlki korrupsiyaya uğramış hökumət sistemindən daha tez həll təklif edir.
"Mən nə qədər rüşvət verməli olmuşam", şikayətçilərdən biri əvvəlki proseslərdən söz açaraq deyinir.

Taliban hakimi Hacı Badruddin deyir ki, çalışdığı dörd ay ərzində heç bir fiziki cəza kəsməyib. O vurğulayır ki, ciddi hökmlərə qarşı apelyasiya məhkəməsi sistemi də mövcuddur.
Lakin o, ən sərt cəzaları da müdafiə edir: "Bizim şəriətdə məlumdur ki, evli olmadan sekslə məşğul olan şəxslərin cəzası, fərqi yoxdur qız və ya oğlan, camaatın gözü qabağında 100 şallaqdır".
"Lakin evli olan şəxslərin cəzası daş-qalaqla ölümdür… Oğurluq edən şəxslər üçün: əgər sübut olunubsa, əli kəsilməlidir", o deyir.
O, bu cəzaların müasir dünya ilə ayaqlaşmaması ilə bağlı tənqidləri rədd edir.
"İnsanların övladlarının oğurlanması yaxşıdır, yoxsa bir nəfərin əlinin kəsilməsiylə ictimaiyyətdə stabilliyin yaranması?"
Hələlik Talibanın sürətlə irəliləməsinə baxmayaraq, hakimiyyət Əfqanıstanın ən böyük şəhərlərində nəzarəti əldə saxlayır. Növbəti aylarda isə ölümcül zorakılıqların baş verəcəyi gözlənilir. Hər iki tərəf idarəni ələ almaq istəyir.
Mən Hacı Hikmətdən soruşuram ki, Talibanın hərbi qələbəsinə əmindirmi? "Bəli", o cavab verir. "Əgər sülh danışıqları nəticə verməsə, Allahın izni ilə biz qalib gələcəyik".
Bu danışıqlar isə ləngiyir. Taliban "İslam hökumətinin" yaradılmasını tələb edir, onları rəqibləri isə təslim olmağa çağırır.
"Biz xariciləri məğlub etmişik, indi isə növbə daxili düşmənlərdədir", Hacı Hikmət deyir.







