İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb, Gürcüstana qayıdan "Saakaşvili saxlanılıb"

Şəklin mənbəyi, Iran ordusu
İran cümə günündən Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayır. İran rəsmisi Azərbaycan səfiri ilə görüşdə nələrdən danışıb? Gürcüstana qayıdan Saakaşvili "saxlanılıb", Erdoğan Azərbaycana səfər edəcəyini bildirib, Ermənistan ATƏT çərçivəsində Qarabağ üzrə "danışıqlara hazırdır", Rusiya XİN: "ATƏT-in Minsk qrupunun Qarabağa səfəri Əliyev-Paşinyan görüşünün hazırlanmasına kömək edə bilər" - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Quru qoşunları komandiri Kiomars Heydari "Xeybər fatehləri" adı altında keçirilən hərbi təlimlərə "zirehli bölmələr, artilleriya bölmələri, PUA, elektron müharibə və vertolyotla atəşin" daxil edildiyini söyləyib, yerli telekanal IRINN bildirib.
İranın şimal-qərb region Azərbaycan, Ermənistan və Türkiyə ilə sərhəddir.
Kiomars Heydari deyib ki, təlim-məşqlər "bölgədə döyüş hazırlığını artırmaq məqsədi ilə" keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl verdiyi müsahibələrin birində İran hərbi təliminin keçirilməsini "çox təəccübləndirici" adlandırıb. O deyib ki, hər bir ölkə öz ərazisində təlim keçə bilər, bu onların ayrılmaz haqqıdır.
İlham Əliyev müsahibəsində İranın Cəbrayıl, Füzuli və Zəngilan bölgələrinin 30 il Ermənistanın işğalında olarkən niyə hərbi təlim keçirməməsini suallandırıb.
İki ölkə arasında münasibətlər Ermənistanın bir hissəsi Azərbaycandan keçən Gorus-Qafan yolundan istifadə edən İran nömrəli nəqliyyat vasitələrinə rəsmi Bakının nəzarət etməsindən sonra gərginləşib.

Şəklin mənbəyi, İranın Xarici İşlər Nazirliyi
İran rəsmisi Azərbaycan səfiri ilə nə danışıb?
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın İrana yeni təyin olunmuş səfiri Əli Əlizadəni qəbul edərkən ona Azərbaycanda İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinə göstərilən münasibəti "yaraşmayan rəftar" kimi dəyərləndirib və iki sürücünün saxlanmasından "məyus" olduğunu deyib.
Bir müddətdir ki, Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsində İran nömrəli nəqliyyat vasitələrinin sürücülərini yoxlayır və yük daşıyan maşınlara gömrük rüsumu tətbiq edir.
İki iranlı sürücü isə Azərbaycan ərazilərinə qanunsuz daxil olma ittihamı ilə saxlanıb.
Nazirin səfiri qəbul etməsi İranın Azərbaycanla sərhəddə geniş miqyaslı hərbi təlimlərə başlaması ilə eyni vaxta təsadüf edir. İran bu təlimləri "bölgədə döyüş hazırlığını artırmaq məqsədi ilə" keçirdiyini bəyan edib.
İranın Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, cənab Abdullahian İsrailin İran sərhədləri yaxınlığında son hərəkətliliyi barədə danışarkən ölkəsinin "sionist rejiminin onun sərhədlərində olmasına dözməyəcəyini və rejimin fəaliyyətinə qarşı lazımi tədbirlər görəcəyini" söyləyib.
Tehran və Bakı arasındakı əlaqələrin əhəmiyyətini vurğulayan İran rəsmisi Azərbaycan rəsmilərinin son zamanlar etdiyi "mənfi şərhləri təəccübləndirici və təəssüfləndirici" olaraq xarakterizə edib.
O söyləyib ki, hər bir ölkənin öz ərazisində hərbi təlimlər keçirməsi onun "suveren hüququdur".
Azərbaycanın yeni təyin olunmuş səfiri Əli Əlizadə Azərbaycan və İran arasında "yaxşı və dərin münasibətlərin" olduğunu, İranın Azərbaycan üçün "əziz və qardaş qonşu ölkə" olduğunu deyib, İran XİN bildirib.
Məlumatda deyilir ki, Azərbaycan səfiri son vaxtlar ortaya çıxan məsələlərin tezliklə iki ölkənin rəsmiləri arasında "məsləhətləşmələr yolu ilə öz həllini tapacağına" ümid etdiyini söyləyib.

Şəklin mənbəyi, TASS
Gürcüstana qayıdan "Saakaşvili saxlanıb"
Gürcüstanda keçmiş Prezident Mixail Saakaşvili saxlanıb. Bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili Gürcüstan telekanallarının efirində yayımlanan xüsusi brifinqdə bəyan edib.
Bundan əvvəl Mixail Saakaşvili sosial şəbəkələrdə Gürcüstana qayıtdığını və hamını yerli seçkilərə getməyə çağırıb.
"Sabahın xeyir, Gürcüstan, səkkiz ildən sonra artıq Gürcüstandan", - deyə yazan Saakaşvili Batumi şəhərində olduğu barədə video yayıb.
Bazar ertəsi Mixail Saakaşvili oktyabrın 2-də yerli hakimiyyət orqanlarına seçkilər başa çatana qədər Tbilisiyə gələcəyini bildirmişdir.
Mixail Saakaşvili Gürcüstanı 2013-cü ildə tərk edib. Onun barəsində ölkədə dörd cinayət işi açılıb.
Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, keçmiş prezident ölkəyə qayıdacağı təqdirdə həbs ediləcək.

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
Erdoğan: "Azərbaycana gedirəm"
Türkiyə Prezidenti qarşıdan gələn həftələrdə Azərbaycana səfər edəcək.
Bu barədə Recep Tayyip Erdoğan Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışında deyib.
"İnşallah önümüzdəki həftələrdə azərbaycanlı qardaşlarımızla yenidən bir araya gələcəyik".
Türkiyə liderinin sözlərinə görə, o, "işğal olunmuş torpaqlarını" azad etmək uğrunda mübarizə aparan bir ölkəyə və onu dəstəkləyən Türkiyəyə qarşı "kin və nifrət" dolu münasibətini unutmayacaq.
Bundan əvvəl Recep Tayyip Erdoğanın Azərbaycandakı Füzuli aeroportunun açılışına qatılacağı xəbər verilib.
Türkiyə dövlət başçısının Azərbaycana səfəri barədə xəbər İranla-Azərbaycan arasında əlaqələrin gərginləşməsinə təsadüf edir. Bəzi təhlilçilər bunu həmçinin İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin bölgədə artan nüfuzuna reaksiya hesab edirlər.
Cümə günü İran Azərbaycanla həmsərhəd bölgədə hərbi təlimlərin keçirilməsinə başlayıb.

Şəklin mənbəyi, MFA.AM
Ermənistan ATƏT çərçivəsində Qarabağ üzrə "danışıqlara hazırdır"
Ermənistan ATƏT-in Minsk qrupu həmsədrliyi ilə Dağlıq Qarabağ üzrə danışıqların yenidən başlanılmasına hazırdır, Yerevanda Çex Respublikası xarici işlər naziri Jakub Kulhánek ilə mətbuat konfransında Ermənistan XİN başçısı Ararat Mirzoyan deyib.
"Ermənistan ATƏT-in Minsk qrupu həmsədrliyi formatında sülh danışıqları və münaqişənin davamlı və stabil həlli axtarışlarını dəstəkləmək mövqeyi ilə uyğun olan Çexiyanın mövqeyini yüksək dəyərləndirir", - Mirzoyan deyib.
Mirzoyan həmsədrlərin vasitəçiliyi ilə New Yorkda BMT Baş Məclisi sessiyası günləri sentyabrın 23-24-də Azərbaycan XİN rəhbəri ilə görüşün vacibliyini qeyd edib.
"Mən New York görüşündə Ermənistanın Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində məlum prinsiplər və elementlər əsasında tamdəyərli nizamlama prosesini yenidən başlamağa hazır olduğunu təsdiq etmişəm", - Mirzoyan əlavə edib.
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə New Yorkda sentyabrın 24-də görüşüblər.

Şəklin mənbəyi, Mikhail Metzel\TASS via Getty Images
Rusiya XİN: "ATƏT-in Minsk qrupunun Qarabağa səfəri Əliyev-Paşinyan görüşünün hazırlanmasına kömək edə bilər"
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Aleksey Zaytsev deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfəri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mümkün görüşün təşkili üçün "əlverişli şərait yaratmağa" kömək edəcək.
Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini cümə axşamı günü keçirilən brifinqdə söyləyib ki, Rusiya hər zaman, xüsusilə yüksək və ən yüksək səviyyələrdə müntəzəm dialoqun "qarşılıqlı anlaşmanın əldə edilməsi və problemli məsələlərin həlli" üçün konstruktiv mühitin qorunmasına töhfə verməsinin tərəfdarı olub.
"Məhz Rusiya Prezidenti [Vladimir] Putinin Azərbaycan və Ermənistan liderləri ilə sıx təmasları sayəsində Dağlıq Qarabağda qan tökülməsinin dayandırılması, bölgədə dinc həyatın əsasını qoyan 9 noyabr (10 noyabr-red.) 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması mümkün oldu. Bildiyiniz kimi, bu cür görüşlərin ən yüksək səviyyədə keçirilməsi ciddi hazırlıq tələb edir. Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin bunun üçün əlverişli şərait yaratmağa kömək edəcəyinə güman edirik", - Aleksey Zaytsev deyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədrlərinin New-Yorkda Bakı və Yerevanla Dağlıq Qarabağa iş səfərlərinin bərpası barədə razılığa gəldiklərini demişdi.
İlham Əliyev sentyabrın 27-də Türkiyənin Anadolu Agentliyinə müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupunun Azərbaycana "hər hansı təklif vermədiyini" bildirmişdi.
O, bir gün sonra Fransanın "France-24" televiziya kanalına müsahibəsində söyləmişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iki ölkə liderinin görüşü təklifi ilə çıxış etsə, Azərbaycan "buna qarşı çıxmaz".
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 12-də keçirilən hökumət iclasında ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu və ATƏT-in Minsk Qrupundan "konkret təkliflər" gözlədiyini bildirib.
Mina xəritələrinin qarşılığında erməni hərbçilər
Aleksey Zaytsev deyib ki, Rusiya Yerevan və Bakı ilə Azərbaycanda saxlanan erməni hərbçilərin qaytarılması ilə bağlı danışıqları davam etdirir.
"Minalanmış sahələrin xəritələri qarşılığında erməni hərbi əsirlərin geri qaytarılması üzərində işimizi davam etdiririk. Əminik ki, bu qıcıqlandırıcıların ən tez və yekun şəkildə aradan qaldırılması Yerevan və Bakı arasındakı münasibətlərin yaxşılaşmasına kömək edəcək", - o söyləyib.
Ermənistan Azərbaycanın saxladığı bütün hərbçilərinin geri qaytarılmasını tələb edir. Azərbaycan isə onları "hərbi əsir" hesab etmədiyini deyir.
Rusiya "təkliflərinə reaksiya" gözləyir
Aleksey Zaytsev əlavə edib ki, Moskva Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin "sabit və uzunmüddətli" həllini tərəflərin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya yaratmasında görür.
"Rusiya tərəfi müvafiq danışıqlar prosesinin başlamasını təmin etmək üçün təkliflərini Yerevan və Bakıya təqdim edib. Tərəfdaşların reaksiyasını gözləyirik", - o qeyd edib.







