Peskov: "Putin və Erdoğan arasında etibarlı münasibətlər mövcuddur"

Rusiya-Türkiyə anlaşması

Şəklin mənbəyi, MİKHAİL SVETLOV/GETTY IMAGES

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyib Erdoğan arasında ciddi danışıqların aparılmasına imkan verən kifayət qədər etibarlı işgüzar münasibətlər mövcuddur, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bizim ölkələrimizin prezidentləri arasında həqiqətən də son dərəcə etibarlı, işçi, olduqca yaxşı və ciddi danışıqların aparılmasına imkan verən münasibətlər mövcuddur", - Peskov bazar günü "Rossiya 1" telekanalının "Moskva.Kreml.Putin" proqramının efirində bildirib.

Gözlənildiryinə görə, Türkiyə Prezidenti Recep Tayyib Erdoğan sentyabrın 29-da Rusiyaya səfər edərək Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Nazir Ceyhun Bayramov New York-da BMT baş katibi ilə görüşüb

BMT

Şəklin mənbəyi, MFA.GOV.AZ

New York-da BMT Baş Assambleyasının işində iştirak edən Azərbaycan XİN başçısı Ceyhun Bayramov sentyabrın 25-də BMT baş katibi Antonio Guterres ilə görüşüb, Azərbaycan XİN-i bildirib.

Azərbaycanla BMT arasında əməkdaşlıq və gələcək fəaliyyət istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi apalılıb, "tərəflər regiondakı son vəziyyəti müzakirə ediblər", məlumatda deyilib.

"Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığını" qeyd edən nazir Ceyhun Bayramov "Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi" barədə BMT baş katibinə məlumat verib, xəbərdə deyilib.

Nazir, həmçinin "Ermənistanın hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4000-ə yaxın azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini qeyd etdi və bunun qəbuledilməz olduğunu" vurğulayıb, XİN qeyd edib.

XİN-in məlumatına əsasən, Antonio Guterres Ermənistan ilə Azərbaycan arasında münaqişənin "humanitar fəsadlarının aradan qaldırılması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini" vurğulayıb.

BMT baş katibi Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın COVİD-19 pandemiyayasına reaksiya verilməsi kontekstində "diplomatik səylərini yüksək qiymətləndirib", BMT baş katibi ofisinin mətbuat üçün yaydığı açıqlamada qeyd olunub."Baş katib BMT-nin Ermənistan ilə Azərbaycan arasında dialoqa və sülh quruculuğu səylərinə dəstəyini vurğulamış və BMT-nin münaqişədən zərər çəkmiş əhali sə daxil, bu prosesə yardım etməyə hazır olduğunu təsdiq edib."