Erdoğan və Əliyevin Şuşa sazişi: məxfi saxlanılan "hərtərəfli müqavilə”də nələr var?

Erdoğan və Əliyev

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images

Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın səfərinə görə artıq Şuşada hazırlıq işləri yekunlaşıb. Yerli media yazır ki, şəhər Türkiyə və Azərbaycan bayraqlarıyla bəzədilib.

Recep Tayyip Erdoğan bir neçə gün öncə azərbaycanlı həmkarı İlham Əliyevlə Şuşada "iri miqyaslı" müqavilə imzalayacaqlarını bildirib.

Müqavilənin təfərrüatları hələ ki, açıqlanmayıb, amma azərbaycanlı təhlilçilər bunun həm iqtisadi, həm də siyasi məsələləri əhatə edən razılaşma olacağını düşünür.

Bəzi iddialara görə, imzalanacaq müqavilələr arasında Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması barədə saziş də ola bilər.

Erdoğanın səfər marşrutu: Füzuli, Şuşa, parlament, futbol stadionu

"Bu, Türkiyə ilə Azərbaycan arasında hərtərəfli müqavilə olacaq,"- deyən Erdoğanın iyunun 15-16-da gerçəkləşəcək Azərbaycan proqramında Füzuli və Şuşaya səfər, Milli Məclisdə deputatlar qarşısında çıxış və iyunun 16-da axşam Bakı Olimpiya Stadionunda Avro 2020 futbol çempionatı çərçivəsindəTürkiyə-Uels matçını izləmək də var.

Səfərin istiqamətləri məlum olsa da, iki ölkə arasında imzalanacağı deyilən "hərtərəfli müqavilə"nin detallarının məxfi saxlandığını söyləmək olar. BBC News Azərbaycanca bir neçə dövlət orqanından imzalanacaq müqavilə barədə heç bir məlumat ala bilməyib. Rəsmilər müqavilənin məğzi barədə məlumatlı olmadıqlarını deyiblər.

Millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vahid Əhmədova görə, Erdoğanın Şuşaya səfəri Türkiyənin bölgədə "söz sahibinə çevrilməsinin göstəricisi" olacaq.

BBC News Azərbaycancaya müsahibəsində millət vəkili deyib ki, imzalanması gözlənilən sazişin məğzi barədə məlumatlı olmasa da, müqavilənin həm Azərbaycan, həm Türkiyə üçün ciddi əhəmiyyət kəsb edəcəyinə inanır.

"Həm iqtisadi, həm siyasi məsələləri əhatə edən saziş gözlənir. Hər iki Prezident deyib ki, yaxınlarda sevincli xəbərlər eşidəcəyik. Erdoğanın səfəri, xüsusilə Şuşaya getməsi çox böyük əhəmiyyət kəsb edir. Bu məhz siyasi, həm də rəmzi mənada Azərbaycan üçün çox önəmlidir. Azərbaycanın müstəqilliyinin qorunması, əbədi, daimi olması üçün, digər dövlətlərin Azərbaycana təsir etməməsi üçün iki Prezident arasındakı münasibətlər böyük rol oynayır," - Vahid Əhmədov deyib.

Recep Tayyip Erdoğan Azərbaycanda ikitərəfli görüşlər zamanı Ermənistanın Qarabağdakı minaların xəritələrini Azərbaycana verməməsi məsələsini də müzakirə edəcək.

Recep Tayyip Erdoğan sonuncu dəfə Azərbaycana 2020-ci ilin dekabrında, 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsindən sonra keçirilən Zəfər paradında iştirak etmək üçün gəlmişdi.

Türkiyənin Azərbaycanda hərbi baza yaratması razılaşması varmı?

Rəsmən açıqlanmasa da, Şuşada imzalanacaq müqavilələr arasında Türkiyənin Azərbaycanda hərbi bazasının açılacağı barədə razılaşmanın da olacağına dair iddialar var.

Türkiyənin Azərbaycanda birgə monitorinq missiyası da, bundan sonrakı hərbi əlaqələr də bölgədə "balans yaradıcı, sabitlik yaradıcı bir məna" daşıyır, Milli Məclisin üzvü Zahid Oruc deyir.

O qeyd edir ki, qonşu dövlətlərin əksəriyyətində 3-cü dövlətin hərbi bazaları mövcuddur: "Gürcüstan ABŞ və NATO ilə ən yaxın münasibətə malik olduğunu fəxarətlə söyləyir. Ermənistanda son hakimiyyətin 3 illik idarəçiliyi və 44 günlük məğlubuiyyətdən sonra, sabiq prezidentlərin dili ilə söyləsək, tamamilə Ruisya hərbi qüvvlərinin sərəncamına təhvil verlib. Bu təqdirdə Azərbaycanın regionda hərbi balansı yenə də qoruyub saxlaması Türkiyə ilə münasibətlərini ən yüksək səviyyəyə qaldırmasilə müşayiət olunacaqdır".

Atlas araşdırmaları mərkəzinin rəhbəri Elxan Şahinoğlu hazırkı şərtlərin Türkiyənin Qarabağda hərbi bazalarının açılmasını diktə etdiyini düşünür: "Mən bilmirəm o sazişdə hərbi baza ilə bağlı nəsə varmı? Amma Türkiyə hərbi bazalarının Qarabağda yerləşməsi Şuşanın, Qarabağın əbədi təhlükəsizliyi demək olacaq. Üstəlik, Türkiyə Qarabağa böyük iqtisadi investisiyalar qoyur. Bu yatırımların da təhlükəsizliyini təmin etmək lazımdır. Əgər Kəlbəcərdə, mədənlərdə türk şirkətləri, Türkiyə vətəndaşları çalışacaqsa, onların təhlükəsizlik məsələləri həll olunmalıdır".

Elxan Şahinoğlu əlavə edir ki, Qarabağda Rusiya hərbçiləri varsa, Türkiyə də olmalıdır və onun bölgəyə gəlməsi "heç kimə mane olmur".

"...bir qalib ədasıyla"

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Erdoğanın səfəri Azərbaycan-Türkiyə müttəfiqliyinin təcəssümü olacaq.

"Heç kim üçün sirr deyil ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qalib gəlməsində Türkiyənin mühüm rolu olub. Bunu Azərbaycan rəhbərliyi də dəfələrlə bildirib. İstər Türkiyənin verdiyi zərbə dronlarından Azərbaycanın effektiv istifadəsi, istərsə də, türkiyəli hərbi mütəxəssislərin Azərbaycan ordusuna təlim keçməsi və Türkiyənin siyasi dəstəyi Azərbaycanın müharibədə qələbəsində həlledici rol oynayıb. Ona görə də Recep Tayip Erdoğanın Şuşa səfəri bir qalib ədasıyla olacaq," - Şahin Cəfərli deyib.

O, imzalanması elan olunan müqavilənin siyasi, iqtisadi və hərbi əməkdaşlıq sahələrini əhatə edəcəyini düşünür.

Cənab Cəfərliyə görə, imzalanacaq müqavilədə Azərbaycandan Türkiyəyə təbii qaz ixracı məsələsinin də daxil olması gözlənəndir.

Bu ilin may ayının ortalarından Azərbaycandan Türkiyəyə təbii qazın nəqli dayanıb.

"Qaz nəqli mərhum Prezident Heydər Əliyev dövründə imzalanmış bir müqavilə ilə tənzimlənib və gələn ilə kimi qüvvədədir. Ola bilsin ki, bu məsələ də müqavilədə öz əksini tapsın. Böyük ehtimallla, qiymətlər artıq razılaşdırılıb," - Şahin Cəfərli deyib.

Məktəb

Bəzi məlumatlarda Prezident Erdoğanın Şuşada bir məktəbin təməlini atacağı da qeyd olunur. Türkiyə hökumətinin Qarabağın hazırda Azərbaycanın nəzarətində olan, işğaldan azad olunmuş ərazilərində məktəb tikmək planları yenilik deyil.

Bir müddət öncə Milliyetçi Hareket Partiyasının rəhbəri, hökumət koalisiyasında təmsil olunan Devlet Bahçeli Şuşada məktəb açmaq niyyətlərinin olduğunu bəyan edərək iki dövlətin də bu təklifi bəyəndiyini bildirmişdi.

Daha sonra mayın 29-da Devlet Bahçeli Şuşada məktəb açmaq təşəbbüsündən geri çəkildiklərini", Azərbaycan hökumətinin bu layihəni "qəbul etmədiyini" qeyd etmişdi.

Devlet Bahçelinin açıqlamasından sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məktəbin tikintisi barədə tezliklə inşaata başlanılacağını desə də, MHP-dən buna reaksiya verilməyib və cənab Bahçeli məktəb üçün yığılan yardım pullarının ianəçilərə geri qaytarılacağını bildirib.

Məktəbin ''Osmanlı üslubunda'' tikilməsi fikrinin Azərbaycan hökumətinin Şuşanın yeni arxitektura layihəsi planına uyğun gəlmədiyinə dair spekulyasilar da yer almışdı.

Sərhçi Şahin Cəfərli hesab edir ki, Recep Tayyip Erdoğan Türkiyə dövlətinin işğaldan azad edilmiş ərazilərdə tikmək istədiyi məktəbin də təməlini qoya bilər, amma bu, Türkiyənin Milliyetçi Hareket Partiyasının rəhbəri Devlet Bahçelinin layihəsi olan məktəb olmayacaq.

Bundan başqa, Şuşada təməli qoyulacaq məktəbin Türkiyə layihəsi olub-olmadığı da məlum deyil.

Türkiyə Prezidentinin Azərbaycana səfəri onun NATO sammitində ABŞ Prezidenti Joe Biden-lə görüşündən sonraya təsadüf edir.