Azərbaycan İrana Qarabağla bağlı nota verib

Yük maşınları

Şəklin mənbəyi, Armenpress

Azərbaycan İrana məxsus avtomobillərin Qarabağ bölgəsinə "qanunsuz" səfərləri ilə bağlı Tehrana öz narazılığını bildirib, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

Azərbaycanın mövqeyini əks etdirən nota XİN-ə dəvət olunan İran İslam Respublikasının səfirinə təqdim olunub.

"Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub".

Görüşdə səfirin diqqəti İran avtomobillərinin Qarabağa səfər etməsi ilə bağlı "aşkar edilmiş arzuolunmaz faktlara cəlb" edilib, - Azərbaycan XİN-in açıqlamasında deyilir.

"Görüş zamanı, bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub".

Rəsmi Tehran nota ilə bağlı məsələni şərh etməyib. Lakin Azərbaycan mediasında artıq illərdir ki, İranın Ermənistanla əlaqələri qınaqlara səbəb olur.

Öz növbəsində, Tehranda Bakının İsrail və ABŞ-la əməkdaşlığına irad tutulur.

Lakin üzdə olan bu ziddiyyətlərə rəğmən ölkələr arasında əməkdaşlıq layihələri inkişaf edir. İran Qarabağdakı bərpa layihələrində iştirak etmək əzmində olduğunu bildirir.

Bakı ilə Tehran həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlıq edirlər. Bu layihənin məqsədi Rusiyadan-İran və Şərqə, eləcə də Şimali və Qərbi Avropaya doğru yük çatdırılma müddətini azaltmaqdır.

Ötən ay Tehrana səfəri vaxtı İran Prezidenti İbrahim Rəisi ilə görüşən Ermənistanın Baş naziri Nikol Paşinyan, o cümlədən nəqliyyat sahəsində yeni ortaq proqramların həyata keçirilməsinin müzakirə olunduğunu deyib.

Azərbaycan XİN-in açıqlamasından məlum olur ki, Bakı İran maşınlarının Qarabağa "qanusuz" səfəriylə bağlı öz narazılığını bundan əvvəl də şifahi şəkildə İran tərəfinə çatdırıb.