İlham Əliyev: “Bizim üçün bu format kifayətdir -Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan”

İlham Əliyev

Şəklin mənbəyi, Azərtac

Prezident Əliyev bölgədə əməkdaşlıq formatları barədə danışıb, Ermənistan Baş naziri Nikol Paşinyan Şuşa haqqında fikirlərini bölüşüb, Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Ermənistanın müstəqilliyi ilə bağlı: "Ola bilsin, bizə daha böyük quruma daxil olmaq lazımdır"- daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindən sonra bölgə əməkdaşlığının formatları barədə danışaraq deyib ki, hər kəs müharibədən sonra yaranmış "reallıqla barışmalıdır".

Cəbrayıl rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə regiondakı proseslərdən danışan İlham Əliyevin sözlərinə görə, "bəziləri hesab edirlər ki", onlar müharibədən sonrakı proseslərdən kənarda qaldılar və bu məsələ onları narahat edir.

"Onların öz işidir. Biz hər halda bütün qonşu ölkələrə əməkdaşlıq platformasını təqdim etdik. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərmişdir. Əgər bu, kimisə qane etmirsə, o platforma bizə də lazım deyil", - İlham Əliyev deyib.

Azərbaycan Prezidentinə əsasən, hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur və Türkiyə-Rusiya əməkdaşlığı "sabitliyinin təminatçısıdır".

"Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni, bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur", - deyən Azərbaycan dövlət başçısı son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri dəstəklədiyini bildirib.

"Hesab edirik ki, bu, region üçün lazımdır. Yəni, artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır".

İlham Əliyev, həmçinin bölgə əməkdaşlıq formatı barədə baxışını izah edib.

"Bizim üçün bu format kifayətdir - Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz", - Azərbaycan Prezidentinin sözləri Azərtac agentliyində iqtibas olunur.

Ötən ilin sonunda Türkiyə Prezidenti Cənubi Qafqaz üçün Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın iştirakını nəzərdə tutan 6 ölkənin regional əməkdaşlıq platformasını təklif edib.

Nikol Paşinyan Şuşa barədə Litvada nə deyib?

Nikol Paşinyan Şuşa barədə danışıb.

Şəklin mənbəyi, Getty Images

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar boyu Şuşa məsələsi həmişə mövcud olub, "çünki Azərbaycan heç vaxt Qarabağ azərbaycanlılarının qayıdıb məskunlaşması fikrindən imtina etməyib və erməni tərəfi bunu mübahisə etməyib".

Litvaya səfəri zamanı bu ölkənin erməni icması nümayəndələri ilə görüşən Nikol Paşinyan deyib ki, vaxtilə aparılan danışıqlar zamanı referendum variantı da müzakirə olunub və erməni tərəfi Qarabağdakı azərbaycanlıların bu referendumda iştirakına razılıq verib.

"Bəs azərbaycanlı sakinlər harada yerləşdirilməli idi? Əlbəttə, əvvəl yaşadıqları yerdə", - deyə Paşinyan vurğulayıb.

Baş nazir ölkəsində Şuşaya görə keçmiş hakimiyyət nümayəndələri tərəfindən tənqid olunur.

Şuşa ötən ilin sentyabrında başlamış 44 günlük müharibədə işğaldan azad olunub. Azərbaycan Şuşanın azadlığı gününü Zəfər bayramı elan edib.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın son 30 ildə ən böyük problemi onda olub ki, bu illər boyu ermənilər "reallıqla üzbəüz" olmayıb: "Bu gün ki, Şuşa haqqında bu qədər danışırlar... Bəs bu 30 ildə Şuşada neçə yaşayış evi tikilib? Heç bir [dənə də]. Bəs niyə? Kimsə heç soruşmur ki, niyə tikilməyib? Nədir bunun səbəbi? Məntiqi nədir ki, tikilməyib? Pulları olmayıb? Məncə, cavabı aydındır", - Paşinyan deyib və görüş iştirakçılarından birinin: "Yəqin saxlaya biləcəklərinə əmin olmayıblar", - replikasına: Bunu siz dediniz, mən demədim", - deyə cavab verib.

Azərbaycan və Gürcüstan müdafiə nazirləri

Şəklin mənbəyi, Azərbaycan MN

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlıq barədə sənəd imzalayıb

Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq sahəsində memorandum imzalanıb. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, sənəd Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində imzalanıb.

Sənədin detalları barədə məlumat verilməyib.

Bazar ertəsi günü Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin birgə "Eternity-2021" adlı kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Təlim oktyabrın 8-ə kimi davam edəcək.

Gürcüstan Müdafiə Nazirliyinin elan edib ki, beynəlxalq təlimin ssenarisi böhran dövründə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təhlükəsizliyinin təmin edən, o cümlədən Azərbaycan, Türkiyə və Gürcüstan hərbi birləşmələri arasında qarşılıqlı əlaqələri artıran sülhməramlı əməliyyatlara əsaslanır.

Təlimlə bağlı Tbilisidə olan Azərbaycan və Türkiyə müdafiə nazirləri Zakir Həsənov və Hulusi Akar ayrı-ayrılıqda ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüblər.

Azərtac xəbər verir ki, Baş nazirin hər iki nazirlə görüşündə müdafiə sahəsində əməkdaşlığın perspektivləri və regionda təhlükəsizliyə təhdidlər müzakirə olunub.

Koçaryan Ermənistanın müstəqilliyi ilə bağlı: "Ola bilsin, bizə daha böyük quruma daxil olmaq lazımdır"

Robert Koçaryan

Şəklin mənbəyi, Facebook/Robertkocharyan

Ermənistanın ikinci prezidenti Robert Koçaryan ehtimal edir ki, təhlükəsizlik nöqteyi-nəzərindən "ola bilsin, Ermənistan daha böyük quruma daxil olmalıdır".

Lakin o, "Ermənistanın Rusiya ilə "ittifaq dövlətdə" birləşməsinin tərəfdarıdır, yoxsa onun üçün Ermənistanın müstəqilliyi şəksiz və müzakirə oluna bilməz dəyərdir" sualına dəqiq cavab verməyə hazır olmadığını bildirib.

"İndi mən bu suala birmənalı cavab verməyə hazır deyiləm. Düşünürəm ki, bizə hazırda müstəqilliyimizin nə dərəcədə təhlükə altında olduğunu anlamaq lazımdır. Təhlükəsizlik nöqteyi-nəzərindən məndə təsəvvür yaranıb ki, ola bilsin, bizə daha böyük quruma daxil olmaq lazımdır", - hazırda Paşinyan hökumətinə müxalif olan Robert Koçaryan bazar ertəsi Yerevanda jurnalistlərlə görüşü zaman deyib.