Şuşanın baş planında nələr var?

İlham Əliyev

Şəklin mənbəyi, Azertac

Şuşanın yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı təxminən 2 min adam nəzərdə tutulub, şəhərin baş planında göstərilib.

Ümumi sahəsi 46.765 kvadratmetr olacaq məhəllələrdə 25 binanın olacağı planlaşdırılır.

Birinci məhəllədə 3, 4 və 5 mərtəbəli binaların Şuşaya xas memarlıq üslubu ilə tikiləcəyi deyilir.

Avqustun 29-da Şuşada olan Prezident İlham Əliyevə şəhərin baş planı təqdim olunub və o, 1-ci məhəllənin təməlini qoyub.

Şuşa

Şəklin mənbəyi, Azertac

Şəklin alt yazısı, Şuşanın 6 məhəllədən ibarət olacaq yeni yaşayış massivində 2 mindən çox adamın məskunlaşması nəzərdə tutulub, şəhərin baş planında göstərilib.

Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri öz əksini tapıb.

Şəhərdə 17,6 kilometr yeni yolun inşası nəzərdə tutulur. Məlumata görə, şəhərdə artıq 36,2 kilometrlik yol var.

Həmçinin, şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub.

"Baş plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur," - Azərtac yazır.

Prezident Ilham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bazar günü Şuşa şəhərində təmir-bərpa və yenidənqurma işlərindən sonra Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Üzeyir Hacıbəylinin heykəlinin və ev-muzeyinin, Bülbülün ev-muzeyinin və 1980 ildə inşa edilmiş Qarabağ hotelinin açılış mərasimlərində iştirak ediblər.

Şuşada yeni otel və konfrans mərkəzinin, həmçinin yaşayış massivinin təməlqoyma mərasimləri keçirilib.

İlham Əliyev və Mehriban Əliyeva təməlqoyma mərasimlərində iştirak ediblər.

Prezident Əliyev yeni otel və konfrans mərkəzinin, eləcədə Şuşa şəhərinin yeni yaşayış massivinin ilk məhəlləsinin təməlini qoyub.

Əliyev: "Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır"

Prezident Əliyev

Şəklin mənbəyi, Azertag

Prezident İlham Əliyev avqustun 29-da "Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub."

"Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib", President.az saytında yerləşdirilmiş məlumatda deyilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

"Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır", İlham Əliyev deyib.

Füzuli aeroportunda baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq, rəsmi məlumatda qeyd olunub

"Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq", President.az saytı bildirib.

Bakının Yerevana cavabı: "Azərbaycan hərbçiləri arasında yaralanan yoxdur"

Qarabağ müharibəsi

Şəklin mənbəyi, ARIS MESSINIS/AFP via Getty Images

Ermənistan Müdafiə Nazirliyi Geğarkunik vilayətinin Azərbaycanla sərhədin Sotk (Zod) istiqamətində yerləşən "Ermənistan mövqelərinin Azərbaycan Silahlı Qüvvələri bölmələri tərəfindən avqustun 29-u saat 00:20-dən müxtəlif çaplı silahdan" atəşə tutulduğunu bildirib.

Nazirlikdən alınan məlumata görə, tərəflər arasında "şiddətli atışma" təxminən iki saat davam edib.

"Saat 02:20-də Azərbaycan mövqelərinə təcili yardım maşını yaxınlaşıb və erməni tərəfi yaralıları təxliyə etməyə imkan vermək üçün atəşi kəsib. Erməni tərəfindən zərərçəkən yoxdur", - məlumatda deyilir.

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın iki saatadək davam etməsi və Azərbaycan hərbçiləri arasında yaralananların olması barədə Ermənistan tərəfinin yaydığı məlumatı "tam yalan" olduğunu və "təxribat xarakteri" daşıdığını bəyan edib.

"Belə yalan informasiyalar yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralananlar barədə məlumatları gizlətmək məqsədi güdür", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.

"Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub", - MN-in məlumatında deyilib.

"Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Azərbaycan Ordusunun hərbçiləri arasında yaralanan yoxdur", - Azərbaycan MN-i vurğulayıb.