İlham Əliyev: "Zəngilan rayonunda bir neçə aydan sonra birinci qrup keçmiş köçkünlər yerləşəcək"

Şəklin mənbəyi, President.az
Prezident İlham Əliyev deyib ki, "azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq". Azərbaycan və Ermənistan sərhədində atışmalar - Ermənistan bir hərbçinin yaralandığını, Azərbaycan itkilərin olmadığını bildirir, ətraflı BBC News Azərbaycancanın icmalında.
"...Azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq", - bu sözləri Prezident İlham Əliyev avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı deyib.
O söyləyib ki, inşaatın nə qədər vaxt aparacağını demək "çətindir", ancaq Azərbaycan bunun "maksimum qısa müddətdə" aparılmasını istəyir.
İlham Əliyevin sözlərinə görə, havaların soyuması ilə logistik problemlər ortaya çıxacaq.
Prezident bildirib ki, keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da "gündəlikdə duran məsələdir".
"Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq. Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur".
"Hava limanları həm mülki, həm hərbi təyinatlı olacaq"
Prezident Laçın rayonun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanının təməlqoyma mərasimində deyib ki, Azərbaycan şirkəti tərəfindən inşa ediləcək yeni aeroport "bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialını artıracaq".
İlham Əliyev Zəngilan Hava Limanının "yəqin ki, 2022-ci ildə" istifadəyə veriləcəyini qeyd edib.
"Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək".
"Dövlət sərhədimizi möhkəmləndiririk"
İlham Əliyev söyləyib ki, Azərbaycan Kəlbəcər və Laçın istiqamətində dövlət sərhədini "möhkəmləndirir" və hazırda "əsas vəzifə" budur.
"Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik".
Cənab Əliyev deyib ki, Azərbaycan Zəngəzur dəhlizinin çəkilişi nəticəsində öz vətəndaşlarını "dədə-baba torpaqlarına qaytaracaq".
"Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq", - o əlavə edib.
"Ya bizə təzminat ödəyəcəklər, ya da ki,..."
İlham Əliyev torpaqların işğalı dövründə Azərbaycanın təbii sərvətlərini çıxarmaqda iştirak edən xarici şirkətlərin beynəlxalq məhkəməyə veriləcəyini deyib.
"Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər".
Prezident söyləyib ki, ermənilər və xarici şirkətlər işğal altında olmuş ərazilərdəki meşə, çay, təbii sərvətlər, mədəni obyektlərə verdikləri ziyana görə "cavab verəcəklər".
"Dəymiş hər bir ziyan hesablanır. Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik", - cənab Əliyev deyib.

Şəklin mənbəyi, Azertag
Azərbaycan-Ermənistan sərhədində atışmalar
Çərşənbə axşamı günü Azərbaycan və Ermənistan biri-birlərini atəşkəsi pozmaqda ittiham ediblər.
Ermənistan Müdafiə Nazirinin məlumatına görə, avqustun 17-də təxminən saat 14:45-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Qeğarkunik vilayətinin Sotk (Zod) yaxınlığında yerləşən erməni mövqeləri müxtəlif çaplı silahdan atəşə tutublar.
Nəticədə Ermənistan SQ bir hərbçisinin yaralandığı, lakin onun həyatına təhlükə olmadığı bildirilir.
Saat 16:30 olan məlumata görə, atəşlər davam edib. "Ermənistan tərəfinin cavab tədbirləri nəticəsində qarşı tərəfdən bir itki baş verib və bir nəfər yaralanıb", - Ermənistan MN-dən alınan məlumatda deyilir.
Azərbaycan tərəfi son məlumatı şərh etməyib. Lakin Müdafiə Nazirliyi gün ərzində öz mövqelərinin müxtəlif istiqamətlərdə atəşə tutulduğu bildirir.
"Avqustun 17-si saat 10:55-dən 14:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub", - Müdafiə Nazirliyinin məlumatında deyilir.
Eyni açıqlamada Gədəbəy rayonunun Qalakənd və Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərin atəşə məruz qaldığı deyilir.
"Cavab atəşilə qarşı tərəf susdurulub", - Azərbaycan Müdafiə Nazirliyi bildirir.
Məlumata əsasən, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki olmayıb.
Azərbaycan və Ermənistan sərhədində dünən baş verən atışma nəticəsində 2 erməni hərbçi ölüb. Ermənistan 3 Azərbaycan hərbçisinin öldüyünü və birinin yaralandığını iddia edir. Azərbaycan "itkilərin olmadığını" bildirir.
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, avqustun 16-sı, saat 19:55-dən 20:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvanın Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.
Qurum bildirib ki, Kəlbəcər rayonunun Yellicə və Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan mövqeləri saat 21:20-dək qarşı tərəfin Basarkeçər rayonunun Aşağı və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutulub.
"Bundan əlavə, saat 21:35-dən 22:28-dək qarşı tərəf Çəmbərək rayonunun Ləzgiqaya və Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı və Qalakənd yaşayış məntəqələrindəki mövqelərini atıcı silahlardan atəşə tutub", - məlumatda deyilir.
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun şəxsi heyəti arasında "itkinin olmadığını" bildirib.
Ermənistan Müdafiə Nazirliyi isə dünən saat 18:10 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin avqustun müxtəlif çaplı silahdan Ermənistan-Azərbaycan sərhədinin Geğarkunik vilayəti istiqamətində "erməni mövqelərini atəşə tutduğunu" bildirib.
Qurum Ermənistan Silahlı Qüvvələrinin 2002-ci il təvəllüdlü hərbçisi Arman Hovhannisyanın və 1975-ci il təvəllüdlü hərbçisi Vahan Tatosyanın öldüyünü açıqlayıb.
Ermənistan MN Azərbaycan tərəfindən üç hərbçinin öldüyünü, birinin xəsarət aldığını iddia edib.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı "yalan" adlandırıb.
Daha sonra Ermənistan İnsan Haqları Müdafiəçisi Arman Tatoyan bölgə sakinlərindən aldığı məlumatlara istinadən, Facebook hesabında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Geğarkunik vilayəti Kut və Norabak kəndlərinin "şiddətli atəşə tutulduğunu" yazıb.
"Əhali sığınmaq üçün yer tapmağa çalışır", - mlumatda deyilir.
Saat 23:00 radələrində Arman Tatoyan Facebook səhifəsində qeyd edib ki, Azərbaycan SQ bölmələri tərəfindən "hazırkı anda Sotk dağ keçidi atəşə tutulur".
Ombudsman "Sotk qızıl mədənini müntəzəm olaraq atəşə məruz qoyan" Azərbaycan qüvvələrinin "Ermənistanın Geğarkunik vilayəti Geğamasar kəndinə məxsus ərazisində" yerləşdiyini qeyd edir.
Azərbaycan Müdafiə Nazirliyi açıqlamasında Azərbaycan Ordusunun hərbi qulluqçularının "beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmadığını" bildirib.
Qurum bunun əksi barədə iddiaların "həqiqətə uyğun olmadığını" qeyd edib.









