Azərbaycan üçün “bıçaq boğaza dirənib”

Şəklin mənbəyi, AFP/Getty images
Azərbaycan 2-ci Qarabağ müharibəsinin başa çatmasından sonra ilk dəfədir ki, Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sərt bəyanat verib.
''Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır", Azərbaycan Müdafiə Nazirliyi deyib.
Nazirliyin saytında yayılan açıqlamaya əsasən, son günlər ərzində Ermənistan öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin "müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə" daşıyır və Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının "inzibati hüdudlarının şərq istiqamətindəki" ərazilərdə "yeni erməni postlarını qoyması" halları müşahidə olunur.
Rusiya Müdafiə Nazirliyi Azərbaycanın bəyanatına hələ ki, reaksiya verməyib. Əvəzində isə, Ermənistan Xarici İşlər Nazirliyi cavab bəyanatı yayıb və deyib ki, 9 noyabr razılaşması Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxmasını tələb etmir.
Nazirlik bildirib ki, hazırda Qarabağda 1990-cı illərin əvvəllərində yaradılmış ''Artsax Müdafiə Ordusu var'' və bu gün Rusiya sülhməramlıları ilə birlikdə ''Artsax xalqının təhlükəsizliyini və yaşamaq haqqını'' təmin edir.
''Artsax xalqı öz tarixi ana vətənində Müdafiə Ordusu olmadan sağ qala bilməz'', deyə bəyanatda deyilir.
Ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə bəyanatının 4-cü bəndinə görə Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.
Son günlər Rusiya sülhməramlıların olduğu ərazilərə erməni hərbçilərin gətirilməsini iddia edən məlumatlar və videolar yayılır. Politoloq Elxan Şahinoğluya əsasən, bunları yayan saytların çoxunun hakimiyyət yönlü olduğu nəzərə alınsa, Azərbaycanın son bəyanatı hadisələrin məntiqi inkişafını əks etdirir.
"Hadisələr buna doğru gedirdi", - BBC News Azərbaycancaya danışan politoloq deyir. Onun sözlərinə görə, indiyədək həmin ərazilərdə "ermənilər postlar" qurub, öz adamları və silahlarını keçiriblər və buna görə də belə bəyanat artıq verilməliydi: "Yəni bıçaq boğaza dirənib".

Şəklin mənbəyi, TASS/Getty images
Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın yalnız bəyanatla məhdudlaşmamalıdır və o, Laçın dəhlizi üzərində nəzarət və Qarabağdakı erməni silahlarının "tərksilah olunması" barədə düşünməlidir.
Azərbaycan Müdafiə Nazirliyinə əsasən, son hadisələr Ermənistan müdafiə nazirinin orduya "bütün vasitələrdən" istifadə edərək güc tətbiq etmək barədə verdiyi "məsuliyyətsiz və təhrikçi" əmrinin fonunda baş verir.
Ötən həftə Ermənistan müdafiə naziri Arşak Karapetyan Azərbaycanın "hər hansı irəliləmə və ya öz mövqelərinin yaxşılaşdırmaq cəhdlərinin qarşısının alınması üzrə ciddi göstərişlər verib".
Nazir Arşak Karapetyan bu barədə qurumun kollegiya iclasında, "Ermənistan-Azərbaycan sərhədində vəziyyət, qarşı tərəfin təxribatları və buna qarşı durmaq üzrə tədbirlər"ə dair müzakirə zamanı deyib.
May ayından bəri Ermənistanla Azərbaycan arasındakı sərhəd bölgələrində gərginlik yaşanır. Tərəflər mütəmadi olaraq bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada öz ermənistanlı həmkarı ilə görüşün sonundakı təqdimat mərasimində Arşak Karapetyana xəncər hədiyyə edərək deyib: "Hesab edə bilərik ki, Ermənistana silah tədarükü prosesi başlayıb". Bu məlumatı Ermənistan Müdafiə Nazirliyi öz rəsmi Twitter hesabında yayıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
İnterfax agentliyinə əsasən, müdafiə nazirləri arasında danışıqlar çərşənbə günü başa çatıb. Görüş vaxtı Sergey Şoyqu bildirib ki, Rusiya Ermənistan ordusunun modernləşdirilməsi və islahatında köməyini davam etməyə hazırdır.
Bu həftə Ermənistanda olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri sərhəddəki durumun narahatlıq doğurduğunu deyib. Amma Stanislav Zasın sözlərincə vəziyyətin həll olunması üçün "siyasi imkanlar hələ tükənməyib".
''Müdafiə Ordusunun Arsaxdan çıxarılması təklifi ermənilərin Artsaxdan qovulması təklifi deməkdir'', Ermənistan Müdafiə Nazirliyi bəyan edib.
Ermənistan MN iddia edib ki, Azərbaycan hazırda təmas xəttinin müxtəlif hissələrində ''yeni mövqelər tutmağa çalışır və Ermənistan mövqelərini müxtəlif silahlarla, həmçinin dronlarla hədəfə alır''.
Həmçinin oxuyun:










