Azərbaycan və Ermənistan arasında atəşkəs niyə tez-tez pozulur? Sülhməramlılar nə işə baxır? "Göstərmək istəyirlər ki, müharibə həll olunmayıb"

Rusiyalı hərbçi

Şəklin mənbəyi, NurPhoto/Getty images

    • Müəllif, Redaksiya
    • Vəzifə, BBC News Azərbaycanca

Çərşənbə günü Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərini atəşə tutub, bu gün Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.

Qurum Azərbaycan tərəfindən itki olmadığını bildirib. Ermənistan bu məlumatı təkzib edib. "Məlumat həqiqətə uyğun deyil. Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmayib", - Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Son günlər Ermənistanla Azərbaycan arasında atışmalar barədə belə məlumatlar tez-tez yayılır. Hər iki tərəf atəşkəsin pozulması nəticəsində hərbi qulluqçuların yaralandığını bildirir.

Bəs görəsən, atəşkəs niyə tez-tez pozulur, buna səbəb nədir?

Bu suala cavab verən siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, atışmalar müharibənin həll olunmamış qaldığını göstərməlidir.

"Fransa, ABŞ, Rusiya və Ermənistana belə vəziyyət əl verir. Atəşkəsin pozulması ilə göstərmək istəyirlər ki, müharibə həll olunmayıb", o deyir.

ATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri 2-ci Qarabağ müharibəsindən sonra, Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həll olunmağa nail olunmasına çalışmaq istədiklərini bəyan ediblər.

Hərbçilər

Şəklin mənbəyi, TASS/Getty images

Şəklin alt yazısı, Rusiya sülhməramlıları Qarabağda ötən ilin başa çatan müharibədən sonra yerləşdirilib

Zərdüşt Əlizadənin sözlərinə görə isə, münaqişənin tam həll olunduğunu deməkdə yalnız Azərbaycan maraqlıdır.

"Amma onun da buna nail olmağa gücü çatmır", təhlilçi bildirir.

Amma müharibəni qazandığını bildirən Azərbaycanın buna gücü necə çatmaya bilər? Zərdüşt Əlizadəyə əsasən, hazırda ərazisinin bir hissəsinə Rusiyanın nəzarət etdiyi halda Azərbaycanın tam qələbəsi barədə danışmaq çətindir.

Onun sözlərinə görə, Rusiya Qarabağda ermənilərin olmasında maraqlıdır ki, özünün bu bölgədə mövcudluğunu izah edə bilsin. Ona görə də, son günlər buraya ermənilər gətirilir, onlara "evlər tikilir, şərait yaradılır".

Rusiya bilir ki, Azərbaycan ermənilərlə dil tapa bilsə, Rusiyanın burada olmasına ehtiyac qalmayacaq, Zərdüşt Əlizadə deyir.

Rusiya sülhməramlı missiyasının "uzadılmasında maraqlıdır"

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə bəyanata əsasən, Rusiya Qarabağdakı sülhməramlı kontingentinin 5 illik qalma müddəti tərəflər buna qarşı çıxış etməzsə, növbəti 5 ilə uzadılır.

Lakin belə görünür ki, Rusiya bölgədə daha uzun müddət qalmaqda maraqlıdır. Bu fikrə Carnegie Fondunun böyük elmi işçisi Thomas De Waal WPR saytındakı məqaləsində rast gəlmək olar.

Ermənistandakı son seçkilərin nəticələrini təhlil edən Thomas De Waal yazır ki, Ermənistan üzərindən nəqliyyat dəhlizinin açılması ilə yanaşı Rusiyanın daha bir məqsədi Qarabağdakı sülhməramlı missiyasının beş illik müddətini uzatmaqdır.

2025-ci ildən sonra Qarabağda Rusiyanın sülh missiyası atəşkəs bəyanatını imzalayan üç tərəfdən hər hansı birinin istəyilə yenilənə və ya ləğv oluna bilər. Ləğvini istəyən isə hər halda yalnız Azərbaycan olacaq, deyə ekspert vurğulayır.

Ötən gün Azərbaycan Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən Ağdam istiqamətində açılan atəş nəticəsində bir hərbçinin xəsarət aldığını bildirib.

"Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib", - ötən gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Stanislav Zas

Şəklin mənbəyi, TASS/Getty images

Şəklin alt yazısı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas

Rusiya tərəfi Azərbaycanın müraciəti və ötən gün Ağdamdakı atışma barədə məlumatı şərh etməyib. Dağlıq Qarabağdakı Rusiya Sülhməramlı Qüvvələrinin rəsmi saytında bu barədə heç bir məlumat verilmir.

Bundan əvvəl Rusiyanın təşəbbüsü ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanla-Ermənistan sərhədinə baş verən atışmalarA "sərhəd insidentləri" olduğu üçün müdaxilə olunmayacağını deyib.

"Sərhəd insidentləri"

"KTMT-nin potensialı yalnız təcavüz, [üzv ölkələrdən birinə] hücum halında işə salınır. Burada isə biz əslində sərhəd insidenti ilə qarşılaşırıq," - təşkilatın başçısı Stanislav Zas iyulun 3-də deyib.

Lakin Yerevan təşkilatın qiymətləndirilməsinə etiraz edib. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri hesab edir ki, Azərbaycan Ermənistan ərazisinə daxil olub və bunu "sərhəd insidenti" kimi dəyərləndirmək düzgün deyil.

Azərbaycan Ermənistanın ittihamlarını qəbul etmir və öz ərazisində sərhədlərin müəyyənləşdirilməsi üzrə işlərin aparıldığını bildirir.

Ermənistan KTMT-yə may ayında sərhəd bölgələrində vəziyyətin gərginləşməsindən sonra müraciət edib.

Rusiya Azərbaycan-Ermənistan sərhədində sərhədçilərini artıra bilər

Bu arada Yerevan və Moskva Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd Syunik rayonunda yerləşdirilməsinin genişləndirilməsini müzakirə edirlər.

Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

"Sünik bölgəsinin Ermənistan-Azərbaycan sərhəd hissələrində vəziyyətin sakit və sabit olmasına kömək edən Rusiya sərhədçilərinin postları var. Bəli, bu iştirakı necə genişləndirmək barədə müzakirə aparılır. Düşünürəm ki, hər şey Ermənistanın təhlükəsizliyi, sərhəddə sabitliyin təmin edilməsi və üçtərəfli formatda əldə olunmuş razılaşmaların həyata keçirilməsi maraqları ilə müəyyənləşdiriləcək", - TASS Sergey Kopırkinə istinadən yazır.

Kopırkin qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlar və Ermənistan-Azərbaycan sərhədindəki insident nəticəsində saxlanılan Ermənistan vətəndaşlarının qaytarılması məsələsi Rusiya rəhbərliyi üçün "prioritetlərdən biridir".

"Bizim mövqeyimiz bəllidir, əvvəldən bildirmişdik ki, "hamının hamıya" prinsipi ilə mübadilə olmalıdır, amma mümkün yollarla həll edəcəyik", - Sergey Kopırkin söyləyib.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.