Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon yaradıldı, Şuşaya çəkilən yeni yolun tikintisi davam edir, Rusiya Tacikistandakı bazasını "istifadə etməyə hazırdır"

İlham Əliyev

Şəklin mənbəyi, President.az

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon yaradıldı, Şuşaya çəkilən yeni yolun tikintisi davam edir, Rusiya Tacikistandakı bazasını "istifadə etməyə hazırdır" - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Xankəndi şəhəri, Xocavənd və Xocalı rayonlarının da daxil odluğu Qarabağ iqtisadi rayonu yaradılıb.

Bununla bağlı Prezident İlham Əliyev fərman verib.Qarabağ iqtisadi rayonuna Ağdam, Şuşa, Füzuli, Tərtər, Ağcabədi və Bərdə rayonları da daxil edilib.

O cümlədən, yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonu da işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını əhatə edir.

Fərmana əsasən, yeni bölgüyə səbəb, o cümlədən qeyd edilən ərazilərin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə izah olunur.

"Onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir", - sənəddə deyilir.

Lakin iqtisadi məsələlər üzrə şərhçi Natiq Cəfərli burada iqtisadi məsələlərdən daha çox siyasi və psixoloji məsələlərin üstünlük təşkil etdiyini deyir.

"Birincisi, tarixə bir işarəsi var ki, Azərbaycanın Demokratik Cümhuriyyətində qəzalardan biri məhz Zəngəzur adlanırdı. İkincisi isə məhz, Şərqi Zəngəzur adının qoyulması, o deməkdir ki, bunun qərb hissəsi də var, Qərbi Zəngəzur da var. Bu, həm də bir təzyiq vasitəsi kimi, məncə, gələcəkdə nəzərdə tutula bilər".

Natiq Cəfərli hesab edir ki, Qarabağın statusu ilə bağlı məsələlər istər-istəməz yaxın gələcəkdə müxtəlif danışıqlar masasında ortalığa gətiriləcək və Azərbaycanın bunu "neytrallaşdırma" kimi, gələcəkdə bu arqumentlərə "cavab verilməsi kimi" Şərqi və Qərbi Zəngəzur məsələsinin "qaldırılması mümkündür".

BBC News Azərbaycancaya danışan şərhçiyə əsasən, "iqtisadi rayonlar" Azərbaycanda həmişə olsa da, onların ölkə iqtisadiyyatında "ciddi bir önəmi" olmayıb.

Çünki bunun üçün iqtisadi rayonun, tərkib hissəsi kimi, yəni tamamalayıcı ünsürü kimi inzibati-ərazi bölgüsü də olmalıdır.

Bu, Azərbaycanda heç vaxt müzakirə mövzusu olmayıb, formal xarakter daşıyıb, şərhçi deyir.

"İndi sadəcə Qarabağ rayonu yeni bir iqtisadi rayon kimi əlavə edildiyindən, Şərqi Zəngəzur məsələsi ortalığa çıxdığından bu, müzakirə obyektinə çevrildi".

Natiq Cəfərlinin sözlərincə, inzibati-ərazi bölgüsü ilə tamamlanması üçün böyük şəhər bələdiyyələrin yaradılması, özünüidarəetmənin gücləndirilməsi lazımdır.

"Bu tipli məsələlər də öz həllini tapmalıdır ki, institusional olaraq yeni bir orqanların yaranmasının və idarəetmənin təkmilləşdirilməsinin şahidi olaq".

İndiyə kimi mövcud "iqtisadi rayon" bölgüsündə fərmanda qeyd olunan şəhər və rayonların bəziləri müxtəlif iqtisadi rayonlara daxil idi.

Şuşaya gedən yeni yol

Şəklin mənbəyi, aayda.gov.az

Şuşaya gedən yeni yol

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən yeni Şuşa yolu asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, yol çiyinləri minalardan və hərbi sursatlardan artıq təmizlənib və yola asfalt-beton örtüyünün döşənməsi üçün xüsusi texnikaların çevik hərəkəti təmin olunub.

Şuşa yolunun təməli ötən il noyabrın 16-da qoyulub və ikitərəfli gediş-gəliş üçün hazırlanıb.

İşğala qədər Şuşaya ana yol Ağdamdan keçib. Ağdamdan Şuşaya gedən yol Əsgəran-Xocalıdan və Xankəndinin yaxınlığından keçməklə 36 kilometdir.

Digər iki yollardan biri Laçın-Şuşa, digəri isə Xocavənddən keçməklə Füzuli-Şuşa yolu olub.

Hazırda Laçın dəhlizi rus sülhməramlılarının nəzarətindədir, Xankəndi və Xocalıya isə hələ ki, Azərbaycan nəzarət etmir.

Azərbaycanlılar Şuşaya gedib-gəlmək üçün hələlik Qırmızı Bazar yolundan rus sülhməramlıların nəzarəti altında istifadə edirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirir ki, hazırda uzunluğu 101 km olacaq yeni yolda müxtəlif tikinti işləri aparılır.

Yolun bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrində dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir, qurum açıqlayıb.

"Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da davam etdirilir. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq. Artıq layihənin 52-ci kilometrliyində, Böyük Tağlar ərazisində yeni körpünün inşa dayaqları inşa edilib," - Agentliyin açıqlamasında deyilir.

"Zəfər yolu" adlandırılan Şuşa yolunun bu ilin sentyabr ayınadək 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Şuşa yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Şuşa ötən ilin payızında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsi zamanı, noyabrın 8-də azad edilib.

Nikol Paşinyan və Vladimir Putin

Şəklin mənbəyi, Mikhail Klimentyev

Nikol Paşinyan Moskvada rəsmi səfərdədir

Bu gün Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Moskvada Dağlıq Qarabağı müzakirə edəcəklər.

Görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin noyabrın 10-da imzaladığı sülh bəyanatının tətbiqi barədə müzakirələr aparılacağı planlaşdırılır, TASS agentliyi Rusiya Prezidentinin mətbuat xidmətinə istinadən yazır.

"Xüsusi diqqət hərbi əməliyyatlardan təsirlənmiş bölgələrin əhalisinə yardım məsələlərinə, eləcə də bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönəldiləcək", - məlumatda deyilir.

Bundan əlavə, danışıqlarda "Rusiya-Ermənistan strateji tərəfdaşlığı və müttəfiqliyinin inkişafının aktual aspektləri, Avrasiya məkanındakı inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin qurulması perspektivlərinin" müzakirəsi planlaşdırılır.

Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin sülh bəyanatı ilə başa çatıb. Bəyanata əsasən, Rusiya sülhməramlıları atəşkəsə nəzarət üçün Qarabağa yerləşdirilib.

Tbilisidə LGBT aksiyası

Şəklin mənbəyi, Reuters

Tbilisidə radikallar yenidən LGBT icmasına qarşı

Dünən Gürcüstanın paytaxtı Tbilisidə LGBT icmasının ləğv edilən yürüşünə görə yenidən qarşıdurma yaranıb.

Bazar ertəsi günü radikal qrupların "Tbilisi pride" təşkilatının ofisinə hücumu və jurnalistlərə qarşı zorakılığa cavab olaraq ictimai fəallar və müxalifət üzvləri parlament biinasının qarşısında səssiz aksiya keçiriblər. Radikal qruplar polis qüvvələrini yararaq aksiyanı dayandırmağa çalışıb.

Tbilisidə LGBT aksiyası

Parlament binasının qarşısında göyqurşağı və Avropa İttifaqının bayrağı dalğalandırılıb.

Radikal qruplar bəzən polislə qarşıdurmaya girir, polisə və aksiya iştirakçılarına yumurta, daş və şüşə atırdılar.

Tbilisidə LGBT aksiyası

Şəklin mənbəyi, Reuters

Bazar ertəsi günü aksiya iştirakçıları ilə yanaşı 50-yə yaxın jurnalist xəsarət aldığına görə, dünənki aksiyada polis jurnalistləri də qorumağa çalışıb.

Tbilisidə LGBT aksiyası

Şəklin mənbəyi, Reuters

Jurnalistlərə qarşı zorakılıq, "Utanc" hərəkatının ofisində qeyri-qanuni fəaliyyət və "Tbilisi pride" təşkilatının ofisinə hücumla bağlı araşdırmaların aparıldığı bildirilir.

Lavrov

Şəklin mənbəyi, TASS/Getty images

Rusiya Tacikistandakı bazasını "istifadə etməyə hazırdır"

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması yekunlaşarkən, Rusiya Tacikistandakı hərbi bazasını istifadə etməyə hazır olduğunu bildirir, Rusiyanın xarici işlər naziri bəyan edib.

Sergey Lavrovun sözlərinə görə, Rusiya müttəfiqlərini Əfqanıstandan gələn təhlükələrdən qorumaq üçün Tacikistandakı hərbi bazanın istifadəsi də daxil olmaqla, əlindən gələni əsirgəməyəcək.

Rusiya ordusunun Tacikistandakı 201-ci hərbi bazasında 6000-dən çox hərbçi xidmət edir.

Əfqanıstanda onlarla bölgənin Talibanın nəzarəti altına düşəndən sonra 1000-dən çox əfqan hərbçinin Tacikistana qaçdığı xəbər verilir.