Xocalıdan köçkün düşən ailələr: fotoreportaj

    • Müəllif, Gülər Abbasova
    • Vəzifə, BBC Azərbaycanca üçün

Xəzərin sahilindən bir qədər aralı, Novxanı kəndi ilə Sumqayıt şəhəri arasında yerləşən pansionatda onlarla məcburi köçkün ailəsi yaşayır. Ağdam, Füzuli rayonlarından savayı Xocalıdan köçən ailələr də bu baxımsız, xarabalıqlar içində qalmış binada məskunlaşıb.

Xocalı qaçqınları

Şəklin mənbəyi, Gülər Abbasova

Faciədən 25 il ötsə də Xocalı sakinləri nə binanın əsaslı təmiri ilə bağlı kömək ala bilir, nə də başqa bir evə köçürülürlər.

Xocalı qaçqınları, uşaqlar

Şəklin mənbəyi, Gülər Abbasova

Burada uşaqlar asudə vaxtlarını təmiz parklar, bağçalarda deyil, zibilliklər arasında keçirir.

Cəvahir Əliyeva

Şəklin mənbəyi, Gülər Abbasova

"İcra Hakimiyyətinə müraciət etmişik. Gözləyirik. Bakını təmizləsinlər, sonra bizə baxarlar..." - orta məktəb müəllimi, 55 yaşlı Cəvahir Əliyeva danışır.

Cavahir müəllimə deyir ki, bir neçə il əvvələ kimi az da olsa ərzaq yardımı verilirdi. İndi isə o da yoxdur. Hər kəs burada bacardığı qədər yaşayır, dolanır.

Xocalı qaçqınlarının evi

Şəklin mənbəyi, Gülər Abbasova

Sakinlərin bəzilərinin mətbəxi dəhlizdə yerləşən köhnə qaz sobalarından ibarətdir. Yemək hazırlanan bu "mətbəx"də həm də təmir alətləri, lazımsız əşyalar saxlanır.

Samir Fərzəliyev dostu ilə söhbət edir

Şəklin mənbəyi, Gülər Abbasova

"Bir evdə dörd nəfər yaşayırıq. Valideynlərim, mən və qardaşım. Heç birimiz də işləmirik. İki ildir ki atam da təqaüdə çıxıb. Təkcə onun pulu ilə dolanırıq", 20 yaşlı pansionat sakini Samir Fərzəliyev bildirir.

Samir deyir ki, 25 ildə heç kəs onların şəraiti ilə maraqlanmayıb. Bir təfərdən pansionat binasının dənizə yaxın yerləşməsi, digər tərəfdən də zirzəmiyə axan kanalizasiya, qar suları evlərin divarlarına nəmişilik salır.

Xocalı qaçqınları

Şəklin mənbəyi, Gülər Abbasova

Rütubət və nəmişilikdən Samirin oynaqlarında revmatizm yaranıb, o deyir. Sol ayağının xırda sümükləri qırıldığından çox hərəkətdə ola, ağır iş görə bilmir.

"İmkansızlıqdan ayaqlarımı müalicə edə bilmirəm, gözlərim də zəif görür. Xəstəliyimə görə əsgər aparmadılar. Amma dövlətdən heç bir sosial yardım, müavinət də vermirlər" - Fərzəliyev əlavə edir.

Xocalı qaçqını Gültəkin Cabbarova

Şəklin mənbəyi, Gülər Abbasova

55 yaşlı Gültəkin Cabbarova da Xocalı köçkünü kimi pansionatda məskunlaşanlardan biridir.

Gültəkin xanım ikinci qrup əlil, həm də şəkər xəstəsidir. Deyir ki, əlilliyə görə artıq ona müavinət verilmir. Ailənin aylıq ümumi gəliri 400 manatdır. Bu qədər pulla həm gündəlik xərcləri, həm də xəstəliyinin müalicəsini çatdıra bilmir.

"Əlil olsam da müavinət ala bilmirəm. Bir tərəfdən də qaçqın və məcburi köçkünlərin aldığı sosial yardımları ixtisara salırlar. Bizə çox çətindir", Cabbarova əlavə edir.

Məcburi köçkün Qumru Eyvazova pansionatın ən ağbirçək sakinidir. Bir otaqlı, soyuq mənzilini kiçik elektrik qızıdırıcısı ilə isidir.

Xocalı qaçqını Qumru Eyvazova

Şəklin mənbəyi, Gülər Abbasova

"Qırx ilə yaxın iş stajım var idi. Təqaüdüm də elə ona görə bir az çoxdur, 220 manatdır. Hərdən övladlarım da yardım edir, yeməyimi alırlar. Belə dolanıram. Demək olar ki, evi də çox isitmirəm. Tez-tez qohumlarımın, qızımın evinə gedirəm", deyir Qumru nənə.

Xocalı qaçqını Qumru Eyvazova

Şəklin mənbəyi, Gülər Abbasova

Sakinlərin dediyinə görə, yay aylarında mövsümə görə ətraf restoranlara su daha çox verilsə də əksinə pansionatda su təchizatı zəif olur.

Köçkünlərin yaşadığı bina

Şəklin mənbəyi, Gülər Abbasova