Sərhədçisinə ''hücumdan'' sonra Azərbaycan ''Qafan-Gorus avtomobil yolunu bağlayıb''

Şəklin mənbəyi, Ombudsman.am
Ermənistan rəsmiləri Azərbaycanın bu ölkə ilə sərhəd hissəsindən keçən avtomobil yolunu bağladığını deyib, Azərbaycanın əsgəri Ağdərədə "casus" kimi həbs edilib, Azərbaycan sülhməramlılarını Əfqanıstandan çıxarıb - ətraflı BBC News Azərbaycancanın icmalında.
Azərbaycan ''Qafan-Gorus avtomobil yolunu bağlayıb''
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan hərbçilərinin Qafan-Gorus (ermənicə: Qapan-Qoris) avtomobil yolunun Karmrakar- Şurnux kəndləri ərazisində olan hissəsini bağladığını bildirib.
Ermənistan MTX-nin rəsmi internet saytının məlumatına görə, Azərbaycan hərbiçiləri ötən gün saat təxminən 23:00-dan etibarən sözügedən yolda hərəkətə icazə verməyiblər.
Bu, Qafan-Gorus yolunda bir azərbaycanlı sərhədçiyə edilən hücum barədə məlumatlardan sonra baş verir.
BBC-nin Ermənistandakı müxbiri xəbər verir ki, Qafan-Qoris yolunun bağlanması ilə Ermənistandan İrana gedən yol da bağlanıb və yüzlərlə maşın yolun hər iki tərəfində hərəkətsiz qalıb.
Azərbaycan tərəfindən hələ ki, yolun bağlanması ilə əlaqəli reaksiya yoxdur. Qafan-Gorus avtomobil yolunun Karmrakar və Şurnux kəndindən keçən hissələri Azərbaycan ərazisinə düşür və həmin bölgədə yola Azərbaycan hərbçiləri nəzarət edirlər.
Ermənistan Baş naziri Nikol Paşinyan parlament iclasında çıxışı zamanı bu gecədən Azərbaycan qüvvələri tərəfindən Qafan-Qorus yolun bağlanmasını şərh edib.
Paşinyanın sözlərinə görə, Azərbaycan tərəfi yolu, Sovet Ermənistanı xəritələrinə əsasən, Ermənistan ərazisindən xaric olan hissələrdə kəsib və bunun səbəbi kimi ötən gecə erməni tərəfindən Azərbaycan sərhədçilərinə hücum edildiyi deyilir.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Dövlət Sərhəd Xidmətinin iki erməni hərbçisi tərəfindən bir azərbaycanlı sərhədçiyə süngü ilə xəsarətlər yetirildiyi haqqında məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Ermənistan Müdafiə Nazirliyi belə bir hadisənin baş vermədiyini bəyan edib.
"Biz rəsmən bəyan edirik ki, bu, bıçaqlanma haqqında məlumat həqiqətə uyğun deyil və Azərbaycan tərəfində bunun baş verdiyini əsaslandıran məlumat vardırsa, araşdırmaq üçün bizə təqdim etməyə çağırırıq", - Paşinyan deyib.

Şəklin mənbəyi, Google maps
O deyib ki, Sünik vilayəti Ermənistandan "qoparılmayıb" və hökumət vəziyyətin nizamlanması və nəqliyyat əlaqəsinin bərpa edilməsi istiqamətində çalışır.
Ermənistan tərəfi bildirib ki, yolun Azərbaycanın nəzarətində olan hissəsində olan nəqliyyat vasitələrinin təxliyə edilib.
Daha əvvəl Ermənistan Ombudsmanı Arman Tatoyan öz Facebook səhifəsində 50-yə yaxın Azərbaycan hərbçiləri tərəfindən Qafan-Gorus yolunun bağlanması və üç saatdan çox mülki avtomobillərin təcrid edildiyini yazıb.
Hadisənin Sünik vilayətinin David Bek kəndi yaxınlığında baş verdiyi bildirilib.
Arman Tatoyan yazıb ki, Rusiya və Ermənistan sərhədçilərinin iştirakı ilə danışıqlar sayəsində mülki avtomobillər buraxılıb, lakin yol bağlı qalır.
Şurnux kəndindən keçən yol
Qafan-Gorus yolunun həmin hissəsi Azərbaycan ərazisindədir və İkinci Qarabağ müharibəsindən sonra Sovet dövründə olan sərhədlərə əsasən Azərbaycan qoşunları bu ərazidə yerləşdirilib. Azərbaycan və Ermənistan sərhədlərini demarkasiya etməyiblər.
Bu insident avqustun 25-də günorta saatlarında Azərbaycanın Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığındakı Qafan-Gorus yolunda bir azərbaycanlı sərhədçiyə edilən hücum barədə məlumatlardan dan sonra baş verib.
Azərbaycan Dövlət Sərhəd Xidməti əsgərin döyüş postunda iki erməni hərbçisi tərəfindən hücuma məruz qaldığını və süngü ilə bıçaqlandığını bildirib. Məlumata görə, təcavüzkarlar qaça biliblər.
"Hadisə ilə bağlı bütün məsuliyyəti Ermənistan tərəfi daşıyır və bu təxribata müvafiq cavab veriləcək", - Azərbaycan Dövlət Sərhəd Xidməti bildirib.
Ermənistan Müdafiə Nazirliyi dünən Azərbaycan tərəfinin məlumatını "tamamilə yalan" hesab edib və təkzib edib.
Ötənilki müharibədən sonra Şurnux kəndi ikiyə bölünüb.
Kəndi bölən yol Azərbaycanla Ermənistan arasında yeni sərhəddir.
Azərbaycan əsgəri Xankəndidə "casus" kimi həbs olunub

Hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərə (Martakert) şəhərində Azərbaycan əsgəri Cəmil Babayevin saxlanılması barədə xəbər yayılıb.
Özünü tanınmamış Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Xidməti kimi təqdim edən qurum bildirib ki, "avqustun 25 -də Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Cəmil Babayev Ağdərə şəhərinin Teryane küçəsindəki bir mənzildə tapılıb və həbs olunub.
Qondarma qurum bildirib ki, Cəmil Babayevə "dövlət sərhədini qanunsuz keçmə" və "casusluq faktları ilə bağlı" cinayət işi elan edilib.
Cümə axşamı günü Azərbaycan yerli mediası yazıb ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
Yerli media bildirib ki, əsgər Cəmil Babayev haqqında cinayət işi açılıb və rəsmi qurumlar onun Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçməsini ehtimal edir".
Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb

Şəklin mənbəyi, Getty Images/Anadolu Agency
Türkiyə 120 Azərbaycan əsgərini və öz ordusunun bir hissəsini Əfqanıstandan çıxarıb. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidmət edən 120 sülhməramlı tam heyətdə avqustun 26-da gecə saat birdə bu ölkədən çıxarılıb.
"Hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Azərbaycan sülhməramlıları Əfqanıstanda Türkiyə ilə birgə xidmət edib. Türkiyənin ordusunu bu ölkədən çıxarması ilə Azərbaycan sülhməramlıları da Əfqanıstanı tərk edib.
Türkiyə tərəfi 345 nəfərlik ilk hərbi konvoyu daşıyan təyyarənin Ankara gəldiyini təsdiqləyib.
Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyə əsgərlərinin Əfqanıstandan çıxarılmasına başlanıldığını açıqlayıb.
Türkiyə Silahlı Qüvvələri bildirib ki, "müxtəlif müzakirələr, mövcud vəziyyəti və şərtləri qiymətləndirmədən" sonra qərar verilib.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın yerli televiziyaya deyib ki, artıq Əfqanıstandan bir təyyarə gəlib.
"Türk əsgərlərinin təxliyəsi 24 və ya 36 saata tamamlana bilər", - İbrahim Kalın deyib.
Türkiyə əsgərləri 2002-ci ildən etibarən BMT, NATO və ikitərəfli razılaşmalar çərçivəsində Əfqanıstanda xidmət edir. Onlar 2015-ci ildən bəri Kabil Beynəlxalq Hava Limanının hərbi hissəsinin əməliyyat və daxili təhlükəsizliyini təmin edirlər.
Türkiyə rəsmilərinin BBC Türkcəyə verdiyi məlumata görə, Ankaranın Talibanla apardığı danışıqlar nəticəsində Taliban Türkiyə ordusu da daxil olmaqla heç bir xarici qüvvənin ölkədə qalmasını istəməyib.
NATO missiyası avqustun 31 -də başa çatacaq. Türkiyə ordusu bu tarixə qədər ölkədən çıxacaq.
Ötən həftənin əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mevlüt Çavuşoğlunun telefon danışığı zamanı Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın vəziyyəti müzakirə edilib.
Son dövrlərdə Türkiyə Əfqanıstanda NATO qüvvələri tərkibində təxminən 600 nəfərlik hərbi kontingetlə iştirak edib və bu heyətin əsas vəzifəsi Kabil beynəlxalq aeroportunun təhlükəsizliyini təmin etmək olub.
Azərbaycandan olan hərbçilər də Türkiyə heyəti ilə birgə Kabil hava limanının qorunmasında iştirak edirlər.








