Erdoğan: "Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik"

Erdoğan və Əliyev

Şəklin mənbəyi, Azertag

Türkiyə Prezidentinin Azərbaycana səfəri başaçatıb, Recep Tayyip Erdoğan türk şirkətlərinin Qarabağ bölgəsində icra etdikləri layihələrlə tanış olub, Ermənistan Milli Məclisi bu gün Azərbaycanla sərhəddə vəziyyət və demarkasiya məsələlərinə görə müzakirələr aparıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın Azərbaycana rəsmi səfəri oktyabrın 26-da başa çatıb.

Azərbaycana bir günlük səfəri zamanı verdiyi bəyanatlarında Türkiyə Prezidenti qeyd edib ki, "bu gün regionda davamlı sülh üçün heç zaman olmadığı kimi əlverişli vəziyyət mövcuddur."

Recep Tayyip Erdoğan bu fikri çərşənbə axşamı günü Zəngilanda Prezident İlham Əliyev ilə danışıqlar başa çatdıqdan sonra mətbuat üçün bəyanatında bildirib.

"Bunun üçün regionda yeni reallıqlara uyğun addımlar atılmalıdır", - Erdoğan qeyd edib.

Onun sözlərinə görə, "bu regiondan keçəcək quru və dəmir yolları təkcə Azərbaycana və Türkiyəyə xidmət etməyəcək."

"Bu layihələr ayırıcı deyil, birləşdiricidir"

"Biz bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək", - Türkiyə Prezidenti deyib.

"İran, Gürcüstan və Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları bundan istifadə edə biləcəklər", - Erdoğan bildirib.

"Bu layihələr ayırıcı deyil, birləşdiricidir", Erdoğan vurğulayıb.

Türkiyə Prezidenti "sərhədlərin delimitasiyası və qarşılıqlı tanınmasının vacibliyini" vurğulayıb.

"Mehriban qonşuluğun əsasını məhz bu anlayış təşkil edir. Bu məsələlərdə Ermənistanın Azərbaycana qarşı münasibətdə səmimi iradəsinə zərurət var. Əgər Ermənistan Azərbaycana qarşı xoş məram nümayiş etdirərsə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına maneə qalmayacaq", - Erdoğan bildirib.

"Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək"

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərini iyun ayında imzalanmış Şuşa bəyannaməsi "müttəfiqlik səviyyəsinə qaldırıb."

"Biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədididr", Azərbaycan Prezidenti deyib.

Əliyevin sözlərinə görə, Azərbaycanın Türkiyə ilə "işbirliyi, qardaşlığı təkcə bölgə üçün yox, dünya miqyasında da mühüm amildir."

"Burada olarkən Zəngəzur dəhlizindən danışmaya bilmərik. Zəngilan Şərqi Zəngəzurda yerləşir. Buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin reallaşdırılması üçün praktiki addımlar atırlar və əminəm ki, bu addımlar yaxın gələcəkdə öz nəticələrini verəcək", - Əliyev deyib.

"Zəngəzur dəhlizinin" təməli qoyulub

Türkiyənin Prezidenti Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev

Şəklin mənbəyi, President.az

Türkiyə və Azərbaycan Prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyub. Rəsmi mənbələr bu yolu Zəngəzur dəhlizi kimi təqdim edib.

Azərtacın məlumatına görə, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bundan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.

Çərşənbə axşamı Azərbaycana səfər edən Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın təyyarəsi Füzuli beynəlxalq hava limanına enib.

Türkiyəli həmkarını Füzuli hava limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Cənab Erdoğanın səfərinin əsas məqsədi Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməkdir.

Füzuli şəhəri bir il əvvəl başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinin ilk günlərində, oktyabrın 17-də azad edilib.

Anadolu agentliyi bir gün əvvəl yaydığı xəbərdə Recep Tayyip Erdoğanı Füzulidə inşası yenicə başa çatmış beynəlxalq hava limanına enəcək "ilk xarici ölkə başçısı" kimi təqdim edib və vurğulayıb ki, bir ilin içində bu, Erdoğanın Azərbaycana üçüncü səfəridir.

Bundan əvvəlki iki səfərin birincisində Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsində Azərbaycanın işğal altındakı ərazilərinin böyük bir hissəsini azad etməsi münasibəti ilə keçirdiyi Zəfər paradına qatılmışdı. Onun ikinci səfərində isə Azərbaycan və Türkiyə rəhbərləri Şuşada Müttəfiqlik sazişi imzalamışdılar.

Anadolu agentliyi bildirib ki, Erdoğanın səfəri zamanı Türkiyə və Azərbaycan prezidentləri Qarabağın yenidən qurulmasında iştirak edən türk şirkətlərinin Füzuli və Zəngilandakı layihələrinin icrası ilə də tanış olacaqlar.

Ermənistan parlamentinin Azərbaycanla bağlı qapalı iclasında dava düşüb

Ermənistan parlamenti

Şəklin mənbəyi, PARLIAMENT.AM

Bu gün Ermənistanda parlamentin qapalı iclasında müxalif "Hayastan" fraksiyasının üzvü Geğam Manukyanı Milli Məclis təhlükəsizlik xidmətinin əməkdaşları zorla tribunadan aparıblar.

Daşnaksutyun Partiyasının təmsilçisi olan Manukyan öz çıxışında bəyan edib ki, "Artsaxı dananlar satqındır. Necə ki, məndən qabaq çıxış edənin bu yaxınlarda informasiya vasitələri qarşısında bunu deyib. Artsaxı danan - satqındır".

Manukyanın bu sözlərindən sonra iclasa sədrlik edən parlament sədrinin müavini Ruben Rubinyan onun sözünü kəsib, Milli Məclisin etika qaydalarını pozmamağa çağırıb və soruşub: "Siz indi kimi satqın adlandırırdınız, adını deyin".

Manukyan deyib ki, Vigen Xaçatryanın bu barədə dediklərini sitat gətirə bilər. İclasa sədrlik edən Rubinyan yenə Manukyanın sözünü yarımçıq qoyaraq deyib: "Deməli, siz Vigen Xaçatryanı satqın adlandırırsınız?".

Bundan sonra parlament sədrinin müavini tələb edib ki, müxalifətdən olan deputatın çıxış etdiyi mikrofon söndürülsün və o, Manukyanı öz yerinə qayıtmağa çağırıb.

Millət vəkili tribunanı tərk etmək istəməyib və Rubinyan mühafizəçiləri onu tribunadan aralamağı xahiş edib.

Bir neçə gün bundan əvvəl iqtidar Vətəndaş Müqaviləsi fraksiyasının üzvü Vigen Xaçatryan Qarabağ mövzusunda müzakirə zamanı deyib: "Artsaxsız Ermənistanın gələcəyi yoxdur tezisi təhlükəlidir və bizə Artsaxın gələcəyinə zamin olmağa maneə olar", sitatın sonu.

O deyib ki, bu, Artsaxın (Ermənistanda Qarabağı belə adlandırılar) problemini həll etmək niyyətindən dönmək deyil, lakin ali məqsəd Artsax yox Ermənistan olmalıdır.

Ermənistan Milli Məclisi bu gün Azərbaycanla sərhəddə vəziyyət və demarkasiya məsələlərinə görə müzakirələr aparıb. İclasda müzakirələr qapalı keçib.

İclasda Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Kamo Koçunts və Ermənistan Milli Təhlükəsizlik Xidməti sərhəd qoşunlarının komandanı Arman Maralçyan da iştirak ediblər.

İclasın açılışında çıxış edən parlament sədrinin müavini Ruben Rubinyan bu mövzunun parlamentin gündəliyinə parlament üzvlərinin ən azı beşdə birinin təklifi ilə daxil edildiyini deyib.

"Hayastan" parlament fraksiyasının katibi Artsrun Minasyan iclasda xarici işlər naziri Ararat Mirzoyanın iştirak etməsinin zəruriliyini bildirib, deyib ki, onun sahəsinə aid suallar var.

"Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan avqustun 17-də parlamentdə Azərbaycanla sərhəddə vəziyyətin müzakirəsi üçün qapalı iclas keçirmək təşəbbüsünü irəli sürmüşdü.