"Azərbaycan qadınını yem kimi ortaya atıblar" - Qadınların ayıblanması kampaniyası qəzəb yaradıb

- Müəllif, Aygül Mehman, İlkin Həsənov
- Vəzifə, BBC News Azərbaycanca
Azərbaycanda bir aya yaxındır ki, qadınlar hədəfdədir - onların şəxsi yazışmaları yayılır və ayıblama müzakirələrinə mövzu olurlar.
Bu qadınların hədəf olma səbəbi hökumətin tənqidçisi, həbsdə olan Bəxtiyar Hacıyevin şəxsi yazışmalarının yayılmasıdır.
Bu yayılan videoqeydlərdə qadınların özəl görüntüləri paylaşılarkən onların üzü gizlədilməyib, ad-soyadları, ev ünvanı, telefon nömrələri kimi şəxsi məlumatları ictimaiyyətə açıq şəkildə paylaşılıb.
Gender aktivistləri və eyni zamanda nə vaxtsa ayıblamaya məruz qalmış qadınlar bu hadisənin baş verməsində Azərbaycanın hüquq-mühafizə orqanlarını bu məlumatların paylaşılmasına göz yummaqda ittiham edirlər.
Fəallar və zərərçəkmiş qadınlar eyni zamanda bir sıra dövlət qurumlarını hərəkətsizlikdə ittiham edirlər.
Azərbaycanda 8 mart beynəlxalq qadınlar günü ilə bağlı aksiyaya hazırlaşan bəzi ictimai fəallar da qadınların ayıblama hədəfinə çevrilməsilə mübarizə aparmağa çalışırlar.
Onlar deyir ki, sloqanı "yaşamaq istəyirəm" olan builki aksiyanı həm qadın yoxsulluğuna, həm də son bir ayda bəzi qadınların şəxsi həyatının ortaya qoyulmasına həsr edirlər.
Azərbaycanda dekabr ayında həbs olunmuş fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasına başlamasından bir ay sonra onun müxtəlif qadınlarla şəxsi yazışmalarının görüntüləri yayılıb.
Azərbaycan Daxili Işlər Nazirliyinin sözçüsü Elşad Hacıyev qurumun ünvanına səsləndirilən iddialarla bağlı BBC-yə bildirib ki, Daxili İşlər Nazirliyinin ictimai mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqlarının qorunması ilə bağlı konkret vəzifələri var, səsləndirilən iddialar manipulyativ xarakterlidir və DİN-in fəaliyyəti ilə əlaqələndirilməsi şəxsi ambisiyalardan irəli gəlir.
Qurum rəsmisi həmçinin DİN-in ayrı-ayrı şəxslərin məlumatlarının paylaşılmasında maraqlı olmadığını vurğulayıb.
BBC hələlik Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ünvanına səsləndirilmiş iddialarla bağlı şərh ala bilməyib.
Ombudsman aparatından bildiriblər ki, qadınların məlumatlarınnı paylaşılması ilə bağlı quruma şikayət daxil olmayıb.
Videoya Youtube kanalımızda baxın.
- 8 mart Qadınlar Günü: necə başlanıb və nəyə gərəkdir? 7 müəmmalı fakt
- İngiltərənin Azərbaycan əsilli makiyajsız gözəli: “İrandakı qadınların səsi olmaq istəyirəm”
- "Azərbaycan qadını bir aydır Telegram-da zorlanır, hakimiyyət haradadır?", Tunay Əliyeva
- ABŞ-da yaşayan Lalə Mahmudova: "Azərbaycana qayıdıb qadın haqları qruplarına töhfəmi verməyə hazıram"








