Müdafiə paktı, Zəngəzur koridoru, Naxçıvan-Qars dəmiryolu - "Şuşa bəyannaməsi"ndə başqa nələr var

Əliyev və Erdoğan

Şəklin mənbəyi, president.az

Bu gün Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev "Şuşa Bəyannaməsinə" imza atıblar. Sənəddə ikitərəfli əlaqələrin inkişaf sahələri müəyyən olunur. BBC News Azərbaycanca bəyannamənin əsas müddəalarına nəzər salıb.

Təhlükə vaxtı qarşılıqlı yardım

Sənədə əsasən, tərəflərdən hər hansı birinin fikrincə, üçüncü dövlət və ya dövlətlər tərəfindən suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin təhlükəsizliyinə qarşı təhdid və ya hücum olduqda, tərəflər "BMT prinsiplərinə" və Nizamnaməsinə uyğun olaraq bir-birlərinə kömək göstərəcəklər.

Bu yardımın əhatə dairəsi və forması "təcili danışıqlar yolu ilə" həll olunacaq və Silahlı Qüvvələrin güc və idarəetməsinin əlaqəli fəaliyyəti təmin ediləcək.

Ölkələrin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələlərinə dair birgə iclasları keçiriləcək. Bu görüşlərdə tərəflərin mənafelərinə təsir edən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Sənədə əsasən, tərəflər, müasir tələblərə cavab verən silahlı qüvvələrin modernləşdirilməsi üçün birgə səylər göstərməyə davam edəcəklər.

Tərəflər həyatın normallaşdırılması üçün fəaliyyətlərə, xüsusən də işğaldan azad edilmiş bölgələrdəki minalanmış ərazilərin təmizlənməsinə dəstək verəcəklər.

Zəngəzur dəhlizi haqqında

Bəyannamədə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur Dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir.

Beynəlxalq nəqliyyat layihələri

Tərəflər iki ölkənin ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətini artırmaq üçün qarşılıqlı əməkdaşlığı gücləndirəcəklər, bəyannamədə deyilir. Sənədə əsasən, bunun üçün ağıllı nəqliyyat sistemləri texnologiyalarından istifadə ediləcək ki, tranzit-nəqliyyat potensialı daha da inkişaf etdirilsin.

Qafqaz bölgəsində sabitlik

Şuşada imzalanan sənəddə deyilir ki, tərəflər Qafqaz bölgəsində sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək, bölgə dövlətləri arasındakı münasibətləri normallaşdırmaq və uzunmüddətli sülhü təmin etmək üçün səylərini davam etdirəcəklər.

Xarici siyasət

Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar, Bəyannamədə deyilir. Sənədə əsasən, beynəlxalq münasibətlərin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstəriləcək.

Bunun üçün xarici siyasət sahəsində koordinasiyanın və ikitərəfli siyasi məsləhətləşmələrin vacibliyini vurğulanır. Bu istiqamətdə Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətin əhəmiyyəti qeyd olunur.

15 iyunda imzalanan sənəd iki dildə tərtib olunub.